Qısa ömür yaşasa da...
Sosial həyat

Qısa ömür yaşasa da...

Məmməd Rəhman oğlu Zamanlı 1998-ci il avqust ayının 3-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Püsyan kəndində dünyaya göz açmışdır. O, anadan olanda hamıdan çox babası Məmməd kişi sevinmiş və öz adını nəvəsinə verərək: "Məmməd mənim adımı şərəflə daşıyacaq" - demişdir.

Məmməd Zamanov yaşadığı kənddə sayılıb-seçilən, xeyirxah bir insan kimi tanınırdı. O, II Dünya müharibəsində, oğlu Rəhman isə Birinci Qarabağ müharibəsində iştirak etmiş, Naxçıvana erməni quldurlarının hücumunun qarşısının alınmasında böyük şücaət göstərmişdir. O, 1996-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra polis sıralarında xidmət etmiş və 2014-cü ildə təqaüdə çıxmışdır.

Məmməd Zamanlı iki bacının tək qardaşı idi. Hələ kiçik yaşlarından babasınının orden və medallarını yaxasına taxaraq: "Böyüyəndə hərbçi olacağam. Ermənilərlə döyüşüb torpaqlarımızı alacağam" - deyirdi.

Məmməd orta məktəbin I sinfinə qədəm basdığı ilk gündən dərslərini əla qiymətlərlə oxuyurdu. Müəllimləri ondan həmişə razılıq edər və haqqında xoş sözlər danışardı. Vətənpərvərlik onun qanında və canında idi.

Erməni quldurları 1990-1993-cü illərdə Naxçıvana dəfələrlə ağır texnika ilə hücum etmişdi. Əhali ulu öndər Heydər Əliyevin ətrafında sıx birləşərək torpaqlarının müdafiəsinə qalxmış və düşmənə güclü müqavimət göstərərək öz doğma yurdlarını yağılardan qorumuşlar. Həmin döyüşlərdə Məmmədin həmkəndlisi Mirzəyev Fərhad Səyyad oğlu qəhrəmancasına şəhid olmuşdur. Onun nəşi böyük izdihamla Naxçıvan şəhərinə aparılmış və Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Məmməd Zamanlı M.Əsgərov adına Püsyan kənd orta məktəbinin IX sinfini bitirdikdən sonra Naxçıvan şəhərində yerləşən Heydər Əliyev adına Hərbi Liseyə daxil oldu. Burada kursantlara tədrisin və vətənpərvərlik tərbiyəsinin yüksək səviyyədə aparılması onun gələcəkdə cəsur və bacarıqlı zabit kimi yetişməsində böyük rol oynamışdır. 2015-ci ildə liseyi müvəffəqiyyətlə bitirdikdən sonra Bakı şəhərində yerləşən Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olur. O, 2019-cu ilin iyul ayında təhsilini uğurla başa vuraraq, leytenant rütbəsi alır və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə artilleriya üzrə xidmətə başlayır. Qısa vaxtda özünü bacarıqlı bir zabit kimi göstərir və tapşırıqları uğurla yerinə yetirdiyinə görə "Fəxri Fərman"la təltif edilir.

27 sentyabr 2020-ci il tarixdə Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı, Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutdu.

Füzuli istiqamətində gedən döyüşlərdə öz əsgərləri ilə birlikdə böyük şücaət göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv etmiş və texnikasını sıradan çıxarmışdır. Bu zaman düşmən tərəfdən atılan top mərmisi onlara çox yaxın bir yerə düşmüşdür. Məmməd vaxt itirmədən əsgərləri cəld səngərə yığsa da, partlayan mərminin qəlpələri ətrafa yayılır. Məmməd əsgərləri ölümün pəncəsindən xilas etsə də, o, Vətən uğrunda qəhrəmancasına şəhid olur. Şəhid leytenantın nəşi böyük izdihamla Heydər Əliyev Beynəlxalq Hava Limanından doğulub boya-başa çatdığı Naxçıvan Muxtar Respublikasına yola salınmış və Şərur rayonunun Püsyan kənd qəbiristanlığında dəfn edilmişdir.

Şəhid leytenant Məmməd Rəhman oğlu Zamanlı Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə (ölümündən sonra) "Azərbaycan Bayrağı" ordeni, "Vətənə xidmət" medalı, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilmişdir.

Şəhidlər ölmür. Onlar xalqın qəlbində əbədi məskən salır və böyük ehtiramla yad edilir. Şəhid leytenant Məmməd Zamanlı qısa ömür yaşasa da, onun keçdiyi ömür yolu gənclər üçün örnək olacaq və onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.

Kamil İSMAYIL,

"Respublika."