MN: Azərbaycan Ordusu bölmələrinin guya yanğınsöndürən maşına atəş açması barədə məlumat yalandır
Digər xəbərlər

MN: Azərbaycan Ordusu bölmələrinin guya yanğınsöndürən maşına atəş açması barədə məlumat yalandır

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Ermənistan mətbuatının avqustun 17-si saat 20:40-da yanğın baş verən əraziyə alovu söndürmək məqsədilə gələn yanğınsöndürmə maşınına Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması barədə yaydığı məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda qeyd edilib: “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki Qaybalı yaşayış məntəqəsi tərəfdə, dağətəyi ərazidəki quru otlaq sahəsində saat 18:00 radələrində başlayan yanğın bu istiqamətdə hündürlükdə yerləşən bölmələrimiz tərəfindən vizual müşahidə olunub. Yanğının genişlənməməsi və vaxtında söndürülməsi məqsədilə Rusiya sülhməramlılarına dərhal məlumat verilib.

Bildiririk ki, bu istiqamətdə, xüsusilə də yanğınsöndürən maşına bölmələrimiz tərəfindən guya atəş açılması barədə qarşı tərəfin yaydığı məlumat yalandır və belə bir fakt Rusiya sülhməramlıları tərəfindən də qeydə alınmayıb”.

AZƏRTAC