Uşaqlar arasında yayılan infeksion xəstəliklərdən qorunmağın yolları
Səhiyyə

Uşaqlar arasında yayılan infeksion xəstəliklərdən qorunmağın yolları

Türkiyə

Son günlər uşaqlar arasında yeni bir virusa yoluxma halları müşahidə edilir. Qızılcadan sonra yayılan virus "koksaki" adlandırılır. Həkimlər yeni virusdan qorunmaq üçün uşaqların immunitet sisteminin gücləndirilməsini məsləhət görürlər.

"Uşaqların immunitet sisteminin zəifləməsi onların tez-tez xəstələnmələrinə səbəb olur. Xüsusilə, məktəb yaşlı uşaqlarda yoluxucu xəstəliklərə qarşı həssaslıq daha çox müşahidə edilir. İmmunitet sistemini gücləndirməyin yolu sağlam qidalanmadan və nizamlı yuxudan keçir. Əlavə olaraq, güclü bir immun sistemi üçün gün ərzində ən az bir saat açıq havada gəzmək ən yaxşı seçimlərdən biridir". Bu fikri mövzu ilə bağlı açıqlamasında Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi üzrə uzman doktor Gülcihan Kerimoğlu bildirib.

G.Kerimoğlu immun sistemin zülallardan, müxtəlif toxuma və orqanlardan ibarət müdafiə sistemi olduğunu deyib: "Bu sistem kafi olmadıqda uşaqlar tez-tez xəstələnir. Ağ qan hüceyrələri (leykositlər) mikrobları aşkarlayır və onları zərərsizləşdirmək üçün bir sıra əməliyyatlara başlayır. Ağ qan hüceyrələrini yaradan orqanlarımız timus, dalaq və sümük iliyidir. Bu hüceyrələr bədəndəki limfa düyünləri adlanan kiçik vəzilərdə də olur. İki növ ağ qan hüceyrəsi var; bir qrup mikrobları zərərsizləşdirir, digərləri isə orqanizmə daxil olan mikroblara qarşı antikorlar hazırlayır və növbəti hücumda onları öldürür. Mikroblar bədənə daxil olduqda bədən dərhal onlara qarşı antikorlar istehsal etməyə başlayır. Növbəti dəfə eyni mikrob orqanizmə daxil olmaq istədikdə antikorlar xəstəliyin qarşısını alırlar. Məsələn, bir dəfə suçiçəyi xəstəliyinə tutulsanız, bir daha xəstələnməyəcəksiniz, çünki vücudunuz artıq ehtiyat tədbirləri görüb. Bu məntiqlə peyvəndlər uşağınızı qoruyur. Peyvəndlə orqanizmə kifayət qədər mikrob veririk ki, onlar onu xəstələndirmir, əksinə, immun sistemini stimullaşdırır, orqanizmdə anticisimlər əmələ gətirir və əsl xəstəliklə qarşılaşdıqda onun qarşısını alır. Bu baxımdan, uşaqlara peyvənd vacibdir.

Uşaqlarda immun sistemini gücləndirmək anaların öz əlindədir. Məsləhət verirəm ki, süfrədə daha çox C vitamini, karotin və antioksidantları olan rəngli, o cümlədən yaşıl yarpaqlı tərəvəzlər, brokkoli, bibər, yerkökü, balqabaq, portağal, ərik, tropik meyvələr bol olsun. Süfrəyə şəkər və dadlandırıcılar qoyulmasın. Elmi araşdırmalar şəkər əlavə edilən qidaların ağ qan hüceyrələrinin fəaliyyətinə mənfi təsir etdiyini göstərir. Xüsusilə, xəstəlik dövrlərində kənardan alınan dadlandırıcılardan, hər növ şəkərdən, qablaşdırılmış şirin qidalardan uzaq durmaq lazımdır. Bunun əvəzinə, bal, bəkməz və ya təbii meyvə şirəsindən istifadə etmək daha məqsədəuyğundur. Ən faydalı yağ turşuları Omeqa-3 yağlarıdır. Xüsusilə soyuq sularda dolaşan yağlı balıqlarda olan bu maddə bakteriyaları məhv edən hüceyrələrin fəaliyyətini artırır. Həftədə 3 dəfə yağlı və ya mövcud deyilsə, yerli təzə balıq yemək və balıq yağı olan bir kapsul atmaq kifayətdir. Balıq yağı qədər güclü olmasa da, kətan toxumu yağı da Omeqa-3 mənbəyidir. Normal yuxuya diqqət etmək lazımdır. Araşdırmalar göstərir ki, uşaqlarda yuxusuzluq böyüklərdə olduğu kimi, mikrob öldürücü hüceyrələrin gücünü azaldır. Bağçaya gedən uşaqlara 12-13 saat, məktəbəqədər yaşlı uşaqlara isə 10 saat yuxu lazımdır. Və çəki nəzarətdə saxlanılmalıdır. Piylənmə antikor istehsalını yavaşladaraq immun sisteminə mənfi təsir göstərir ki, bu da uşaqların tez-tez xəstələnməsinə səbəb olur. Şəxsi gigiyenanı da unutmayaq: immuniteti birbaşa artırmasa da, zəifləməsinin qarşısını ala bilər. Əllər məktəbdən gəldikdən sonra, yeməkdən əvvəl və sonra sabunla yuyulmalıdır. Uşaqların yanında siqaret çəkilməməlidir: onlar dəqiqədə daha çox nəfəs aldıqları üçün siqaretin zərərli təsirlərinə həssasdırlar. Bronxit, qulaq infeksiyası və astma riskini artırmaq istəmirsinizsə, uşağınızın ikinci əl siqaret çəkən olmasına icazə verməyin".

G.Kerimoğlu onu da əlavə edib ki, uşaqların su istehlakının miqdarı da immunitet sistemini gücləndirmək üçün əvəzolunmazdır. Gün ərzində uşaqlara mütləq su içməyi xatırlatmalı və onları istəməsələr belə su içmək vərdişinə alışdırmaq lazımdır. Yumurta bədənimizin istehsal edə bilmədiyi və xaricdən almalı olduğumuz bütün amin turşularını təmin edir. Yumurta istehlakı böyümə və inkişafın tamamlanması üçün çox vacibdir, buna görə də uşağın bəyənəcəyi bir yemək üsulu ilə onların gündəlik səhər yeməyinə əlavə etmək lazımdır. Propolis də immun sistemini gücləndirir, bədəndə virus və bakteriyaları məhv edərək xəstəliklərlə mübarizə aparmağa kömək edir. Daimi istehlak edildikdə, xəstəliyin tezliyini azaltmağa kömək edir. Uşaqların gündəlik rasionuna 10 damcı propolis əlavə etməklə onları yoluxucu viruslara qarşı müqavimətini artırmaq mümkündür.

Esmira YAZKAN ASLANOVA,

"Respublika" qəzetinin

Türkiyə üzrə müxbiri.