Fransanın uğursuzluğu: “Le Figaro” nəşrinin etiraf xarakterli məqaləsi
Siyasət

Fransanın uğursuzluğu: “Le Figaro” nəşrinin etiraf xarakterli məqaləsi

Fransanın Azərbaycana qarşı qərəzi özünü müxtəlif formalarda büruzə verir. İstər ölkə rəsmilərinin bəyanatlarında, istərsə də mətbuatda dövlətimizlə bağlı müxtəlif xoşagəlməz məqamlara rast gəlinir. Daha çox anti-Azərbaycan siyasəti ilə gündəmdə olan "Le Figaro" nəşrinin budəfəki məqaləsində bir sıra mühüm faktlar yer alıb.

Belə ki, həmin nəşr "Dağlıq Qarabağın yox olması, reallaşdırıla bilinməyən fransız vədinin xronikası" adlı məqalə dərc edib. Məqalədə Paris liderinin ermənilərin taleyinə biganə yanaşmayan yeganə şəxs olduğu vurğulanıb. Bununla yanaşı, Fransanın sözügedən məsələ ilə bağlı təşəbbüslərinin nəticə vermədiyi də bildirilib. Qeyd olunub ki, bundan öncə Fransanın Qarabağa dair təşkil etmək istədiyi konfrans ABŞ-ın etirazı səbəbindən reallaşmayıb.

Yazıda Fransa liderinin Ermənistan üçün atdığı addımlar da işıqlandırılıb. Məlum olub ki, iki il öncə Emmanuel Makron "erməni məsələsini" Roma Papası ilə də müzakirə etmək istəyib. Fransa prezidenti, hətta özü ilə ermənipərəst yazıçı Silven Tessonu da aparıb. Amma E.Makronun planı iflasa uğrayıb və o, Vatikandan istədiyi yardımı ala bilməyib. Əslində, rəsmi Paris bu məlumatları sızdırmaqla ölkəmizə qarşı qərəzini təsdiqləyərək özünü də ifşa edib. Yelisey sarayının həmin məsələyə münasibəti bir növ onun "erməniləşdiyindən" xəbər verir. Çünki Fransa da Hayastan kimi, Azərbaycana qarşı planlarının iflasa uğramasına görə günahı ABŞ, İtaliya və digər ölkələrin üzərinə atır. Daha dəqiq desək, Makron hakimiyyəti beynəlxalq arenada, eləcə də Azərbaycanın qarşısında düşdüyü rəzil durumu heç cür həzm edə bilmir.

Məqalədə diqqətçəkən daha bir məqam isə ölkənin Azərbaycana təzyiq göstərmək cəhdlərinin puça çıxmasının etiraf edilməsidir. Yazıda Prezident İlham Əliyevin "gedin öz işinizlə məşğul olun!" bəyanatı da diqqət mərkəzində saxlanılıb. Dövlətimizin başçısının fikirlərinin yazıda vurğulanması ondan xəbər verir ki, artıq Fransa hakimiyyəti yürütdüyü zorakılıq siyasətinin müsbət nəticə vermədiyinin fərqindədir.

Yazıda, eyni zamanda ermənilərə verilən bir sıra üstüörtülü ismarışlar da qeyd olunur: "Sizə silah göndərərək şirnikləndirən Fransaya əsla güvənməyin! Çünki o, reallıqda sizə gözlədiyiniz köməyi etməyəcək. Yəni düşünməyin ki, Fransa gəlib sizin üçün Azərbaycan və ya Türkiyə ilə savaşa girəcək". Əslində, məqalədə bununla Fransa hakimiyyətinin yürütdüyü siyasətin uğursuzluğu, eləcə də onların Ermənistanı regionda gərginlik yaratmağa sövq etməsi də ifşa olunur. Bunu ermənilərə gizli eyham kimi də qiymətləndirmək olar. Fransa beləliklə, ölkəsinin Hayastan üçün artıq nəsə etməyə qadir olmadığını etiraf edib. Görünür, Yelisey sarayı Azərbaycanın regionda güclü dövlət və yeganə çıxış yolunun Bakıyla dialoqların aparılması olduğunu qəbul edib.

Hazırda Fransanın yürütdüyü müstəmləkəçilik siyasəti ilə öz nüfuzunu yerlə bir etdiyini nəzərə alsaq, mətbuatda ölkənin hakim dairələrinə bir növ "stop" ismarışının göndərilməsinin təsadüfi olmadığını söyləyə bilərik. Fransa tərəfi artıq sərgilədiyi aqressiyanın, eləcə də Yelisey sarayının erməni separatçılığını dəstəkləməsinin ona baha başa gəldiyindən xəbərdardır. Məhz Emmanuel Makronun yarıtmaz siyasəti nəticəsində hazırda Parisin koloniyaları açıq şəkildə hakimiyyətə qarşı etiraz nümayiş etdirirlər. Hətta etirazlar zamanı nümayişçilərin Azərbaycan bayrağını qaldırdığı, Fransaya yerini bildirən dövlətimizdən yardım istədiyi də müşahidə edilir. Bir məqamı da unutmayaq ki, rəsmi Paris bu gün başına gələcəkləri əvvəlcədən proqnozlaşdıra bilməmişdi. Amma dövlətimizin başçısı dəfələrlə E.Makrona xəbərdarlıq edərək ona bu qərəzindən əl çəkməyə səsləmişdi. Elə hər şey gözlənilən kimi də oldu. Bu gün nəinki Fransa mətbuatı, eləcə də xalq ölkənin səriştəsiz siyasət səbəbindən pis vəziyyətdə olduğunun fərqindədir. Bütün bunları nəzərə alaraq, Yelisey sarayının Parisin düşdüyü çətin vəziyyəti barədə düşünməsi və problemi aradan qaldırmaq üçün addımlar atması daha məqsədəuyğundur. Doğrudur, gələcəkdə nəyin necə olacağını, proseslərin hansı istiqamətdə davam edəcəyini əvvəlcədən söyləyə bilmərik. Amma hazırda ölkəmizə qarşı qərəz nümayiş etdirənlərin tezliklə peşman olacaqları istisna deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".