DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

VLADİMİR PUTİN: “F-16”LAR HAVAYA QALXSA ÜÇÜNCÜ ÖLKƏLƏR HƏDƏF SAYILACAQ

Rusiya prezidenti Vladimir Putin Ukraynaya yardım edən üçüncü ölkələrə xəbərdarlıq edərək onların aerodromlarının hədəfə alına biləcəyini açıqlayıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə dövlət başçısı Tver vilayətində hərbi pilotlarla görüşü zamanı bəyan ediöb.

“Əgər “F-16”lar üçüncü ölkələr tərəfindən Silahlı Qüvvələrimizə qarşı istifadə edilərsə, onlar Rusiya Federasiyası üçün qanuni hədəfə çevriləcəklər”, - deyə Vladimir Putin vurğulayıb.

Eyni zamanda, prezident qeyd edib ki, sözügedən qırıcılar nüvə silahı daşıyıcısı ola bilər və Rusiya bunu nəzərə alır.

Bununla yanaşı, Vladimir Putinin fikrincə, Ukraynaya mümkün “F-16” tədarükü döyüş meydanında vəziyyəti dəyişməyəcək.

Rusiya prezidentinin sözlərinə görə, tanklar və zirehli texnikalar, o cümlədən çoxsaylı raket sistemləri məhv etdildiyi kimi, “F-16” qırıcıları da məhv ediləcək.

TÜRKİYƏ ALMANİYAYA TƏLƏB İRƏLİ SÜRÜB

Türkiyənin Berlindəki səfiri Ahmet Başar Şen Almaniya Xarici İşlər Nazirliyinə gedərək rəsmi Ankaranın tələblərini çatdırıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, səfir Berlini terrorçulara qarşı tədbirlər görməyə çağırıb.

Türkiyə səfiri vurğulayıb ki, terror təşkilatının təbliğatı, işə cəlb edilməsi və maliyyə qaynaqları ilə bağlı qətiyyətlə mübarizə aparılmalıdır.

Bununla yanaşı, diplomat son günlər terror təşkilatı tərəfdarlarının həyata keçirilən zorakılıq aktlarından narahatlığını bildirərək, Türkiyənin terrorçular tərəfindən hədəfə alına biləcək diplomatik nümayəndəlikləri, qurumları və iş yerlərində təhlükəsizlik tədbirlərinin artırılmasını tələb edib.

Xatırladıq ki, bir neçə gün öncə PKK terrorçuları Almaniyanın Hannover şəhərindəki Türkiyə Baş Konsulluğunun binasına hücum edib. Radikallar daş və dəyənəklərlə konsulluğun binasına ziyan vurmağa çalışıblar.

İNTERPOL CİNAYƏTKARLIĞIN MÜMKÜN “EPİDEMİYASI” BARƏDƏ XƏBƏRDARLIQ EDİB

Mütəşəkkil cinayətkarlıq epidemiya kimi bütün dünyaya yayılalaraq miqyasını genişləndirə bilər. “Report” agentliyinin xəbərinə görə, bu barədə İnterpolun baş katibi Yurgen Ştok bəyan edib.

Eyni zamanda, baş katibin sözlərinə görə, hazırda mütəşəkkil cinayətkar qrupların işi o həddə çatıb ki, on il əvvəl vəziyyətin bu şəkildə olacağı təsəvvür edilə bilməzdi. O qeyd edib ki, buna xüsusilə yeni biznes modellərinin yaranması, internetdə anonimliyin yayılması və s. səbəb olub.

Bununla yanaşı, İnterpolun baş katibinin fikrincə, beynəlxalq mütəşəkkil cinayətkarlıq qlobal təhlükəsizliyə əsas hədəyə çevrilib. O bildirib ki, hazırda bu qruplaşmalar müxtəlif qitələrdə fəaliyyət göstərir və əhəmiyyətli resurslara malikdir.

Yurgen Ştok vurğulayıb ki, cinayət fəaliyyətindən əldə edilən qeyri-qanuni gəlirlər iki-üç trilyon dollar təşkil edir, lakin hüquq-mühafizə orqanları bu məbləğin sadəcə 3 faizini müsadirə edə bilirlər. Baş katib əlavə edib ki, nəticədə qruplaşmalar cinayət fəaliyyətinin təşkilinə əhəmiyyətli vəsaitlər yatırmağa davam edirlər.

ELEKTRİK AVTOMOBİLLƏRİNİN QİYMƏTLƏRİ UCUZLAŞA BİLƏR

Elektrik avtomobilləri üçün dünyanın ən böyük akkumulyator istehsalçısı olan Çinin “CATL” şirkəti bu il akkumulyatorların qiymətini 50 faizədək ucuzlaşdıra biləcəyini açıqlayıb. Bu barədə “The Asia Times” nəşrinin xəbərində qeyd olunur.

Məlumata əsasən, “CATL” və digər bazar lideri “BYD” hazırda Konqoda uşaq əməyi və təhlükəli mədənçilik hesabına başa gələn bahalı və nadir metal olan kobaltdan istifadə etmədən akkumulyator istehsalına başlayıb.

Xəbər verilir ki, Çin elektrik və hibrid avtomobillərin ən böyük bazarına sahibdir, lakin orada elektrik avtomobillərinə tələbat 2022-ci ildəki 96 faizlik artımdan 2023-cü ildə 36 faizlik artımadək azalıb.

Qeyd edək ki, son vaxtlara qədər elektromobil akkumulyatorlarının istehsalı əsasən litium, nikel, manqan və kobalta əsaslanırdı. İndi isə onların istehsalında kobaltdan istifadə edilmədiyi üçün bu akkumulyatorlar daha ucuz başa gələcək.

OLAF ŞOLTS: RUSİYA-NATO MÜHARİBƏSİNİN QARŞISINI ALMAĞA ÇALIŞIRIQ

Almaniya hökuməti Rusiya və NATO arasında mümkün müharibənin qarşısını almaq üçün əlindən gələni edir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Almaniya kansleri Olaf Şolts alman nəşrinə müsahibəsində bəyan edib.

Ölkəsinin Ukraynaya uzaqmənzilli “Taurus” raketləri göndərməkdən imtinasını şərh edən kansler bildirib ki, Almaniya hökuməti münaqişənin gərginləşməməsi üçün bütün imkanlardan istifadə edir. Olaf Şolts həmçinin qeyd edib ki, Almaniya Ukraynaya əsgər göndərmək niyyətində deyil.

Bununla yanaşı, kansler Almaniyanın Ukraynanı Avropadakı digər hər hansı dövlətdən daha çox silah və hərbi sursatla dəstəklədiyini diqqətə çatdırıb.

Xatırladaq ki, martın 4-də Almaniya Federativ Respublikasının Moskvadakı səfiri Aleksander Lambsdorf Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Qeyd olunub ki, Olaf Şolts NATO-nun Ukrayna münaqişəsində iştirak etməyəcəyini bildirdiyi gün Almaniyanın yüksək vəzifəli rəsmiləri Krım körpüsünə hücum ehtimalını müzakirə ediblər.

Aİ İRANA QARŞI SANKSİYALAR REJİMİNİN GENİŞLƏNDİRİLMƏSİ MƏSƏLƏSİNƏ BAXACAQ

Avropa İttifaqı (Aİ) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurası aprelin 22-də İrana qarşı sanksiyalar rejiminin genişləndirilməsi məsələsinə baxacaq. Bu barədə  ABŞ-ın “Politico” nəşri rəsmi mənbələrə istinadən məlumat yayıb.

Eyni zamanda, nəşrin açıqlamasına əsasən, yeni sanksiyalar Ukraynaya qarşı istifadə edilməsi üçün İrandan Rusiyaya ballistik raket tədarükü məsələsini də əhatə edə bilər.

Hazırda Avropa İttifaqı Ukraynada müharibə başladıqdan sonra Rusiyanı PUA-larla təchiz edən İrana sanksiyalar tətbiq edir. İndi Avropa İttifaqı İran istehsalı olan ballistik raketlərin Rusiyaya daşınmasını sanksiyalar rejiminə daxil etmək niyyətindədir.

Xatırladaq ki, martın 21-də Aİ ölkələrinin hökumət başçıları Rusiyaya ballistik raketlər tədarük edəcəyi təqdirdə İrana qarşı yeni məhdudlaşdırıcı tədbirlər tətbiq edəcəklərini vəd ediblər. Rəsmi Brüssel həmçinin Moskvaya hərbi yardıma görə Belarus və Şimali Koreyanı da sanksiyalarla hədələyib.

BMT “İL-76” TƏYYARƏSİNİN QƏZASI İLƏ BAĞLI HESABAT YAYIB

BMT ukraynalı hərbi əsirlərin olduğu “İl-76” təyyarəsinin qəzaya uğrama səbəblərini müəyyən edə bilməyib. “Trend” agentliyinin  xəbərinə görə, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsinin məruzəsində qeyd olunur.

Bildirilir ki, mütəxəssislər hadisəni hərtərəfli, qərəzsiz və şəffaf şəkildə araşdırmağa çağırıblar. Komissarlıq İdarəsi həmçinin hərbi əsirlərin şəxsiyyəti barədə məlumatların dərhal Ukrayna hökumətinə təqdim edilməli olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, yanvar ayında Rusiya Aerokosmik Qüvvələrinə məxsus “İl-76” təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Məlumata görə, qəzaya uğrayan təyyarənin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi dəyişdirilmək üçün Belqorod vilayətinə aparılırdı.

“İl-76”nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsir götürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.