VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

10 mart

  • "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçıları Şuşaya səfər edərək bu şəhərin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

11 mart

  • Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin rəsmi qarşılanma mərasimi olub.
  • Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər.
  • Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə rəsmi instaqram səhifəsində paylaşım edib.
  • Qərbi Azərbaycan İcmasının üzvü, vətəndaş cəmiyyəti fəalı Pərvanə Vəliyeva BMT-nin Cenevrə şəhərindəki bölməsində miqrasiya ilə bağlı keçirilən yüksək səviyyəli görüşdə Qərbi azərbaycanlıların geri qayıtmaq hüququ ilə bağlı çıxış edib.
  • Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

12 mart

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərində inşa olunan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılış mərasimində iştirak ediblər.

Qarşılıqlı etimada əsaslanan münasibətlər

Tarixi zəfərimizdən sonra siyasi prioritetlərimizdə bir sıra dəyişikliklər aydın şəkildə müşahidə edilir. Prezident İlham Əliyev 14 fevral 2024-cü il tarixində keçirilmiş andiçmə mərasimində məhz yeni prioritetlər və hədəflərimiz haqqında kifayət qədər önəmli mesajlar verdi. Türk dövlətləri ilə münasibətlərə böyük əhəmiyyət verən dövlət başçımız Türk dünyasının bizim ailəmiz olduğunu da xüsusilə qeyd etdi.

Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Qazaxıstan ilə münasibətlərdə ikitərəfli və çoxtərəfli əlaqələrimizin inkişaf dinamikasının, qarşılıqlı səfərlər, imzalanan sənədlər və strateji tərəfdaşlığın gələcək yol xəritəsinin tarixi köklərimizə, ortaq mədəni dəyərlərimizə və milli kimliyimizə əsaslanan güclü bağları özündə ehtiva etdiyini aydın şəkildə ifadə edə bilərik.

  • "Euronews" telekanalı Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarından geniş reportaj hazırlayıb.
  • Bakıda Azərbaycan-Xorvatiya biznes forumu keçirilib.
  • Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Gürcüstanın müdafiə naziri ilə görüşüb.
  • Baş nazir Nikol Paşinyan Ermənistanın İrəvandakı "Zvartnots" hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək istəyi ilə bağlı Rusiyaya müraciət etdiyini təsdiqləyib.

13 mart

  • Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.
  • Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib.
  • Rusiya XİN Aİ-nin Ermənistandakı missiyasının Azərbaycana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olduğunu bildirib.
  • XI Qlobal Bakı Forumu ilə əlaqədar mətbuat konfransı təşkil olunub.

14 mart

  • Bakıda "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edib.

Dünyanın nəbzi Qlobal Bakı Forumunda döyünür

Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də "Parçalanmış dünyanın bərpası" mövzusunda XI Qlobal Bakı Forumu öz işinə başlayıb. XI Qlobal Bakı Forumunda 68 ölkədən 400-dən çox qonaq iştirak edir. Bununla yanaşı, 40-dan çox hazırkı və sabiq dövlət və hökumət başçıları tədbirə qatılıb. Qeyd edək ki, Forumun keçirilməsi artıq qlobal sferada ənənə halını alıb. 2013-cü ildən bu yana bəşəri proseslərdə öz aktuallığı ilə seçilən qlobal tədbirə diqqət hər il daha da artır. Qeyd edək ki, Prezident İlham Əliyev Forumun açılış mərasimində çıxış edərək bir sıra məqamlara toxunub. Ölkə başçımız Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi ilə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Bununla yanaşı, regiondakı ədavətə son qoymağın vaxtının çatdığını bildirən dövlət başçımız bir daha Azərbaycanın mövqeyini açıqlayıb.

Natəvanın vandalizm aktına məruz qalmış heykəli buna əyani misaldır. Prezident İlham Əliyev tədbir iştirakçılarına və beynəlxalq aləmə vandalizm aktının sübutlarını göstərərək bildirib: "Sizə həmin heykəli, üzərindəki qırmızı boyanı və heykəlin qırılmış burnunu təsvir edən şəkilləri nümayiş etdirmək istəyirəm. Bu hadisə Fransada baş verdi və buna səbəb BMT Təhlükəsizlik Şurasında, Avropa İttifaqında Azərbaycanı cəzalandırmaq cəhdlərinin uğursuz olması idi. Bu hadisədən sonra hakimiyyət orqanları boyanı yumaq və heykəli bərpa etmək əvəzinə onu, sadəcə, bükdülər və heykəl belə bükülmüş vəziyyətdə bir və ya iki ay qaldı...". Qeyd edək ki, dövlətimizin səyləri nəticəsində heykəl artıq Eviandan götürülərək Azərbaycanın Mədəniyyət Mərkəzinin həyətinə gətirilib. Hazırda Natəvanın abidəsi əmin əllərdədir.

  • Azərbaycan Prezidenti İlham Əliyev Albaniya Prezidenti Bayram Beqay ilə görüşüb.
  • Milli Məclis Avropa Parlamentinin "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qətnaməsinə dair açıqlama verib.

Avroparlament: çirkaba və rüşvətə bulaşmış klub

Avropa Parlamentinin "Avropa İttifaqı və Ermənistan arasında daha yaxın əlaqələr və Azərbaycanla Ermənistan arasında sülh sazişinə ehtiyac" adlı qərəzli və ikili standartlara əsaslanan qətnaməsi bir daha göstərdi ki, təşkilat Cənubi Qafqazda sülh və sabitlik istəmir.

Avroparlament həmişə anti-Azərbaycan mövqeyilə seçilib, lakin son üç ildəki davranışları ilə təşkilat həm də beynəlxalq hüququ heçə sayan, fəaliyyətini ayrı-seçkilik, nifrət və nifaq üzərində quran radikal və səlibçi xristian klubu olduğunu sübut etdi.

Bu il martın 8-də Prezident İlham Əliyevin "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubda da bu qərəzli mövqeyə toxunulmuş, Avropa Parlamentinin islamofobiyanı təşviq edən və bu ideologiya əsasında siyasət yürüdən təşkilat olduğu açıq mətnlə bildirilmişdi.

15 mart

  • Bakıda Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib. Bakı Bəyannaməsi imzalanıb.
  • XI Qlobal Bakı Forumu çərçivəsində martın 15-də "Hər kəs üçün sağlamlıq" mövzusunda növbəti panel iclası keçirilib.
  • Füzuliyə daha 35 ailə köçürülüb.

16 mart

  • Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib.
  • XI Qlobal Bakı Forumu çərçivəsində "Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları" mövzusunda panel iclası keçirilib.
  • Qərbi Azərbaycan İcması BMT-nin "İslamofobiya ilə mübarizə tədbirləri" adlı qətnaməsini alqışlayıb.

“Respublika”.