QAZAXISTAN
Türk dünyası

QAZAXISTAN

İlk türk dövlət və boylarının mərkəzi olan Qazaxıstan sürətlə inkişaf edən və böyük imkanlara malik olan müasir ölkədir. Qazaxlar türklərin qıpçaq qolunun ən böyük xalqıdır. Onların mədəniyyəti, adət-ənənələri və məişəti köçəri tayfaların keçmişi ilə bağlıdır. Burada müxtəlif mədəniyyətlərin nümayəndələri sülh və harmoniya şəraitində yaşayır. Şərq və Avropa ənənələrinin sıx qarışığında inkişaf etmiş infrastrukturu, yüksək həyat səviyyəsi ilə seçilən qazax xalqı müstəqilliyi və mənəviyyatı hər şeydən üstün tutur. Bu ölkənin vətəndaşları hər zaman çoxmillətli dövləti ilə fəxr edir. Asiya ilə Avropa arasında mədəni, ticarət və iqtisadi əlaqələr zəncirinin ən mühüm halqası olan Qazaxıstan Respublikasında 130 etnik qrupun nümayəndəsi yaşayır. Ölkədə mütəmadi olaraq dünya və ənənəvi dinlərin liderlərinin qurultayı keçirilir. Qazaxıstan Respublikası Mərkəzi Asiyanın lider dövləti kimi regionda sabitliyin möhkəmlənməsinə də mühüm töhfə verir.

1991-ci il dekabrın 16-da müstəqillik əldə edən Qazaxıstan Respublikası prezident idarəetmə formasına malik unitar dövlətdir. Ölkənin paytaxtı Astana şəhəridir, dövlət dili isə qazax dilidir. Burada, həmçinin rus dili də millətlərarası ünsiyyət dili statusuna malikdir. 2 milyon 724,9 min kvadratkilometr ərazini əhatə edən ölkə dünyada doqquzuncu yerdədir. Ölkənin quru sərhədlərinin ümumi uzunluğu isə 13200 kilometrdir.

Dünya okeanına çıxışı olmayan Qazaxıstanın ərazisinin böyük hissəsini səhralar və yarımsəhralar təşkil edir. Qərbdə ölkənin sahillərini dünyanın ən böyük gölü olan Xəzərin suları yuyur. Ölkədə 8,5 min çay və 48 min irili-xırdalı göl mövcuddur. Göllərdən ən böyüyü Balxaş, Zaysan və Alakoldur. Qazaxıstan mühüm neft və qaz ehtiyatlarına malik ölkədir. Əsas ixrac malları mədənçıxarma, yanacaq-energetika, metallurgiya və kimya sənayesi, eləcə də taxıl məhsullarıdır.

Qazaxlar adət-ənənələri min illər boyu inkişaf etmiş qədim xalqdır. Köçəri həyat tərzi onların milli ayin və inanclarının formalaşmasına əhəmiyyətli dərəcədə təsir göstərib.

Tarixi-etnik köklərlə, eyni dil qrupu, ənənə və dəyərlərlə bir-birinə yaxın olan Azərbaycan və Qazaxıstan xalqları arasında əməkdaşlığın qurulmasında və inkişafında ümummilli lider Heydər Əliyev və Qazaxıstan xalqının birinci prezidenti Nursultan Nazarbayevin müstəsna xidmətləri olub. Hələ Sovet dönəmində Heydər Əliyev və Nursultan Nazarbayevin şəxsi dostluğu və müstəqillik illərində bir-birini qarşılıqlı dəstəkləməsi bu münasibətlərin təməlini qoyub. Ulu öndər Heydər Əliyevin Qazaxıstanın lideri Nursultan Nazarbayevlə ilk görüşlərindən biri 19 oktyabr 1994-cü ilə baş tutmuşdur. Türk dövlətləri başçılarının ikinci zirvə görüşündə iştirak edən Heydər Əliyev və Nursultan Nazarbayev iki ölkə arasında münasibətlərin inkişafı və perspektivlərini müzakirə etmişdir. N.Nazarbayev Bakıya səfərlərinin birində "Xəzər dənizi kiminçünsə su səddidirsə, çoxdandır ki, bizim xalqlar üçün dostluq və qarşılıqlı əlaqələr körpüsüdür" sözlərini söyləmişdir.

Heydər Əliyevdən sonra onun layiqli davamçısı Prezident İlham Əliyevin səyi nəticəsində qarşılıqlı əməkdaşlıq daha strateji və intensiv xarakter almışdır. 2004-cü ildə ölkə başçımızın Qazaxıstana ilk rəsmi səfəri zamanı iqtisadi münasibətlər, xüsusilə Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına nəql edilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair N.Nazarbayevlə geniş fikir mübadiləsi aparmışdır. Hər iki dövlət başçısı neft və qaz sektorunda həyata keçirilən irimiqyaslı layihələrin, xüsusilə Bakı-Tbilisi-Ceyhan, TRASEKA layihəsinin ölkələrimiz üçün əhəmiyyətini vurğulayıblar. Həmçinin "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat-kommunikasiya dəhlizlərinin Xəzər regionundan keçməsi, regional inteqrasiya baxımından bu hövzənin əhəmiyyətini daha da artırmışdır. 2005-ci il mayın 24-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri zamanı tərəflər arasında azad ticarət, turizm, neft-qaz maşınqayırması, terrorizmlə mübarizə və s. sahələrdə də sazişlər imzalanmışdır.

Qazaxıstan hökuməti tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi ölkə başçımız və xalqımız tərəfindən də yüksək qiymətləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz müsahibəsində bu mərkəzin ölkələrimiz arasında dostluğun, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini vurğulayıb. 

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq son dövrlər daha da geniş vüsət alıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il noyabrın 2-də Türk Dövlətləri Təşkilatının "Türk Əsri" çağırışı altında Astanada keçirilən 10-cu yubiley Zirvə görüşündə iştirak emək üçün Qazaxıstana səfər edib. Ötən il ölkəmizdə işgüzar səfərdə olan Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev noyabrın 24-də Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünə qatılıb. İki ölkənin dövlət başçısının qarşılıqlı səfərləri ikitərəfli münasibətləri daha da möhkəmləndirib.

Qazaxıstan hökuməti tərəfindən Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikintisi ölkə başçımız və xalqımız tərəfindən də yüksək qiymətləndirilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də öz müsahibəsində bu mərkəzin ölkələrimiz arasında dostluğun, qarşılıqlı dəstəyin daha bir simvoluna çevriləcəyini vurğulayıb.

Ümummilli Liderə verilən böyük dəyərin göstəricisi kimi, Qazaxıstanda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş etdirilib. 2023-cü il aprelin 10-da isə Astananın mərkəzi küçələrindən birinə Heydər Əliyevin adı verilib. Təntənəli açılış mərasimində cənab İlham Əliyev və Kasım-Jomart Tokayev də iştirak edib. Bundan əlavə, Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən yenidən qurulan L.N.Qumilyov adına Avrasiya Milli Universitetindəki Heydər Əliyev adına auditoriyası son texnoloji avadanlıqlarla təchiz olunub.

Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Azərbaycan Prezidenti bu il fevralın 14-də keçirilən andiçmə mərasimində çıxışında "Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz türk dünyasıdır" sözlərini deyib.

Azərbaycan-Qazaxıstan ticarət əlaqələri müsbət tendensiya ilə inkişaf edir. Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) ölkəmizdə qeydiyyatdadır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon ABŞ dolları olmuşdur.

İki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Buraya Qazaxıstan mənşəli xam neftin Azərbaycanda emalı, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri ilə dünya bazarına çatdırılması və sair daxildir. 2023-cü ilin martından etibarən Qazaxıstanın Tengiz yatağından ayda 125 min ton həcmində neft Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilir. İxrac-idxal mallarının nomenklaturalarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya qoyuluşlarının təşviq edilməsi, nəqliyyat-logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər qarşıya qoyulan hədəflər sırasındadır. 2022-ci il sentyabrın 28-də "AzərTelecom" və "Kazakhtelecom" telekommunikasiya şirkətləri arasında imzalanmış Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsi üzrə strateji tərəfdaşlıq haqqında memorandum da böyük əhəmiyyət kəsb edir. Ölkələrimizin beynəlxalq nəqliyyat-kommunikasiya dəhlizinə çevrilmələrinə xidmət edən "Rəqəmsal İpək Yolu" (Digital Silk Way) layihəsinin əsas hissəsi olan Xəzəraltı fiber-optik kabel magistralının inşası istiqamətində görülmüş işlər təqdirəlayiqdir.

Ölkələrimiz arasında enerji sektorunda da əlaqələr uğurla davam etdirilir. Bu sahədə SOCAR ilə "KazMunayGaz" arasında ötən il imzalanan yol xəritəsi əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar yaradır.

Müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından Türk Dövlətləri Təşkilatı mühüm əhəmiyyət kəsb edir.

Regionda yaranmış yeni reallıqlar çərçivəsində nəqliyyat-kommunikasiya xətlərinin açılması istiqamətində aparılan işlər və postmünaqişə dövrünün reallığı olan Zəngəzur dəhlizi Mərkəzi Asiya regionu, o cümlədən Qazaxıstan üçün də yeni fürsətlər yaradacaq. İnanırıq ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri gələcəkdə daha da möhkəmlənəcək və bir çox böyük layihələrə imza atılacaq.

Arzu ASİFQIZI,

"Respublika".