Zaur İsmayılov: Edillidə axtarışların ikinci mərhələsində aşkarlanmış altı nəfərin cəsədi laboratoriyalara göndərilib
MÜSAHİBƏLƏR

Zaur İsmayılov: Edillidə axtarışların ikinci mərhələsində aşkarlanmış altı nəfərin cəsədi laboratoriyalara göndərilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində itkin düşmüş insanların axtarışı ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Bu tədbirlərin əsasən Şuşa, Ağdam, Füzuli və Xocavənd rayonlarında aparılması planlaşdırılıb. İlk layihə Xocavənd rayonunun Edilli kəndində həyata keçirilib. İlkin mərhələdə cari ilin fevral ayında burada axtarış işləri həyata keçirilib və Birinci Qarabağ müharibəsinə aid 5 tam skelet, 2 insan qalıqlarına aid fraqment aşkarlanıb.

Bunu AZƏRTAC-a açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupunun üzvü Zaur İsmayılov söyləyib.

"İkinci mərhələdə - sentyabrın 14-dən 27-dək həyata keçirilən layihədə ilkin olaraq Birinci Qarabağ müharibəsinə aid 6 nəfərin, sonradan isə kütləvi halda 12 nəfərin cəsədi aşkar edilib. Ehtimallara görə, 12 cəsəd üzərində aşkar olunan artifaktlar onu deməyə əsas verir ki, bu qalıqlar hərbçilərimizə aiddir. Aşkar olunan 6 nəfərin cəsədi artıq laboratoriyalara göndərilib. Laboratoriyaya təhvil verildikdən sonra qalıqlardan DNT nümunələri götürüləcək, itkin düşmüş şəxslərin ailələrindən götürülmüş DNT nümunələri ilə uyğunlaşdırılaraq onların şəxsiyyəti müəyyən olunacaq və ailələrinə təhvil veriləcək", - deyə işçi qrupunun üzvü qeyd edib.

AZƏRTAC