Xocalıda sarsılan qürurumuz Vətən müharibəsində bərpa olundu
Digər xəbərlər

Xocalıda sarsılan qürurumuz Vətən müharibəsində bərpa olundu

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları, keçmiş SSRİ-nin 366-cı alayının və muzdluların genişmiqyaslı hücumu ilə Xocalı soyqırımı törədildi. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlı qətlə yetirildi. Soyqırımı əvvəlcədən düşünülmüş və planlaşdırılmışdı. Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim etdiyi Xocalı şəhərində hərbçilərin danışıqlarının lent yazısı da planın əvvəlcədən hazırlandığını  təsdiqləyir. Belə ki, səsyazmada hücum istiqaməti ilə bağlı informasiyalar yer alır.

1992-ci il fevralın 16-da, soyqırımı planından on gün əvvəl 366-cı alayın nəzdində "Klukin, erməni cəbhəsi" deyilən bölük yaradılır. Dəstənin əksəriyyətini Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmalarını təmsil edən, başı üstlərində “böyük Ermənistan” xəritəsi asılan silahlı terrorist erməni birləşmələri təşkil edirdi. Düşüncələrinə türk düşmənçiliyi hopdurulan, insani idrakdan uzaq olan erməni terrorçuları əhalinin qanına susamışdı.

 Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspor və lobbiçilərinin birgə hazırladıqları “böyük Ermənistan” planının ilkin addımı, "Haydad" və "ASALA" terror təşkilatları ilə birgə icra olundu. Soyqırımı əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan güllələr, digər silahlardan istifadə olundu. Həmin qanlı gün, saat 23:00 radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən - çayın sol və sağ tərəfindən, Daşbulaq-Xocalı yolu səmtindən, Norgux-Xocalı istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ və nəhayət Əsgəran tərəfdən Xocalı üzərinə qoşun yeridildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami ordu və vəhşi erməni quldurlarına müqavimət göstərmək iqtidarında deyildi. Xocalılılar vəhşiliklə üz-üzə qaldılar. Bu soyqırımı əməliyyatlarında xüsusi hazırlıq keçmiş muzdluların iştirakı tələfatın miqyasını daha da artırdı.

Hər birimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla vuruşan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatını qurban verərək ən uca zirvəyə – şəhidlik məqamına ucalanların xatirəsini anmağa həmişə borcluyuq. Çünki ərazi bütövlüyü, toxunulmazlığı uğrunda canından keçən Vətən övladları sonsuz sevgi, hörmət və ehtirama layiqdirlər.

 Qəbul olunmuş beynəlxalq konvensiyalar və ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasına əsasən, BMT-nin Beynəlxalq məhkəməsində Ermənistana qarşı iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına deyil, həm də bütün dünyaya qarşı törədilmişdir. Bu gün Ermənistan rəsmiləri, eləcə də Seyran Ohanyan, Serj Sarkisyan, Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Ermənistan tərəfindən Azərbaycan Respublikasına qarşı başlanan müharibənin səbəbləri və nəticələrinin ümumi qiymətləndirilməsi, Xocalıdakı faciəvi hadisələrin bütün mövcud faktları qəti şəkildə sübut edir ki, törədilmiş cinayətlər sıradan və təsadüfi deyil. Bu addım Ermənistanın sistemli zorakılıq siyasətinin tərkib hissəsidir. Xocalıdakı mülki insanların məqsədyönlü qırğını sadəcə azərbaycanlı olduqları üçün onların kütləvi məhvinə yönəlmişdi. Beynəlxalq hüquqa görə, belə hərəkətlər soyqırımı anlayışına uyğundur və dünya ictimaiyyəti tərəfindən bu cür tanınmalıdır.

İllər keçdikcə və dövlətimiz öz nüfuz dairəsini beynəlxalq məkanda genişləndirdikcə haqq səsimiz daha çox duyulmağa başlandı. Ermənistanın havadarları isə həmişə olduğu kimi, erməni vəhşiliyini yüksək tribunalardan müdafiə etdilər. Artıq Qarabağ və ətraf ərazilərimizin düşmən əsarətindən qurtarılması və tökülən qanların qisasının alınması Azərbaycanın əlində idi.

27 sentyabr 2020-ci ildə Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoymaq üçün xalqımız öz dövləti ətrafında bir yumruq kimi birləşərək 44 günlük şərəfli, qürurlu, tariximizə qızıl hərflərlə yazılan Zəfər qazandı. Vətən müharibəsinin ilk günlərindən başlayaraq Azərbaycan Ordusu üstünlüyü ələ aldı, düşmənə ağır zərbələr endirdi. Artıq Ermənistanın qarşısında dinc, əliyalın əhali yox idi. Hərbi taktika və strategiyası, təchizatı, nizam-intizamı, hərbi hazırlığı ilə Ordumuz qəhrəmanlıq nümunəsi göstərdi. Prezident İlham Əliyevin  çıxışında vurğuladığı kimi, 44 gün ərzində Azərbaycan Ordusu hər gün dayanmadan irəliyə, Zəfərə doğru gedirdi.

Azərbaycan qalib ölkə olaraq postmünaqişə dövrünün gedişini özü tərtib edir və əksər dünya gücləri yeni reallıqları qəbul edərək regionda sülhün və təhlükəsizliyin təmin olunmasında Azərbaycana dəstəklərini ifadə edirlər.

Nurlan ABDALOV,

“Respublika”.