Xarici İşlər Nazirliyində Diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş könüllülərlə görüş keçirilib
Digər xəbərlər

Xarici İşlər Nazirliyində Diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş könüllülərlə görüş keçirilib

Dekabrın 6-da Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində nazir Ceyhun Bayramovun Diplomatiya könüllüləri sıralarına yeni qoşulmuş könüllülərlə görüşü keçirilib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Beynəlxalq Könüllülər Günü münasibətilə könüllülərlə görüşən nazir gənclərlə öz fikirlərini bölüşüb, tövsiyələrini verib, onlara fəaliyyətində uğurlar arzulayıb.

Nazir Ceyhun Bayramov dövlətimizin başçısının yüksək diqqəti və təşviqi nəticəsində Azərbaycanda könüllülük fəaliyyətinin geniş yayıldığını bildirib və könüllülərin öz xeyirxah əməlləri ilə cəmiyyətimizin inkişafına töhfə verdiklərini qeyd edib. Nazir Azərbaycanda könüllülər hərəkatının bir hissəsi olan "Diplomatiya könüllüləri" qrupunun yeni yaranmasına baxmayaraq, öz fəallıqları ilə seçildiyini söyləyib.

Ceyhun Bayramov Azərbaycan könüllülərinin pandemiya dövründə fəaliyyətinə diqqəti cəlb edərək, cəmiyyətin ehtiyacı olan təbəqəsinə yardım göstərilməsində könüllülərimizin dəyərli töhfəsini vurğulayıb.

Azərbaycan tarixinin şanlı səhifəsi olan Vətən müharibəsi dövründə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda döyüşlərə könüllü şəkildə qoşulan gənclərimizin, habelə bu dövr ərzində informasiya müharibəsində iştirak edən yüz minlərlə könüllünün fəaliyyəti nazir Ceyhun Bayramov tərəfindən qürurla və minnətdarlıqla səsləndirilib. Nazir 44 günlük müharibə nəticəsində Azərbaycanın əldə etdiyi hərbi Qələbəsi ilə yanaşı, siyasi müstəvidə qazandığı uğurları, habelə müharibə sonrası regional vəziyyət barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra nazir diplomatiya könüllülərinin suallarını cavablandırıb.

Tədbirin sonunda Vətən müharibəsi iştirakçısı, məzun diplomatiya könüllüsü Sonverdiyev Rahib Sahib oğluna Xarici İşlər Nazirliyi adından simvolik hədiyyə və il ərzində fəaliyyətlərinə görə fərqlənən diplomatiya könüllülərinə təşəkkürnamələr təqdim edilib.

AZƏRTAC