Üçtərəfli Bəyanat imzalandıqdan sonra 400-dən çox vətəndaşa aid meyit qalıqları aşkarlanıb
MÜSAHİBƏLƏR

Üçtərəfli Bəyanat imzalandıqdan sonra 400-dən çox vətəndaşa aid meyit qalıqları aşkarlanıb

Torpaqlarımız işğaldan azad olunduqdan sonra Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin müəyyən olunması istiqamətində axtarış qazıntı işlərini davam etdirir. Bu gün Ağdamda tapılan məzarlıq artıq aşkar edilmiş 8-ci kütləvi məzarlıqdır. Bütövlükdə üçtərəfli Bəyanat imzalandıqdan bu günə qədər təxminən 400-dən artıq vətəndaşa aid meyit qalıqları aşkarlanıb. Bu sahədə işlər davam etdirilir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Əsir itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov söyləyib.

"Bizdə olan məlumata görə, bu ərazidə bizim hərbçilərimizlə yanaşı, çoxsaylı mülki vətəndaşlar da qətlə yetirilib. Ərazi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən təmizlənib, Arxeologiya, Etnoqrafiya Antropologiya İnstitutunun mütəxəssisləri tərəfindən qazıntı işləri aparılıb. Təxminən 4 nəfərə aid anatomik skelet müəyyən olunub. Sümük qalıqlarından görünür ki, əlavə insanlara aid sümüklər var. Bu ərazidə qazıntı işləri davam etdiriləcək", - deyə Eldar Səmədov bildirib