Tikinti sahəsində mövcud problemlər aradan qaldırılır
Digər xəbərlər

Tikinti sahəsində mövcud problemlər aradan qaldırılır

İyulun 7-də Sosial Tədqiqatlar Mərkəzində "Tikinti sektoru subyektləri arasında vahid müqavilə formasının tətbiq zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həlli yolları" adlı tədbir keçirilib. Konfrans Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Sosial Tədqiqatlar Mərkəzi, Mediasiya Şurası və Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Toplantıda parlament, hökumət, 3-cü sektor və tikinti şirkətlərinin nümayəndələri də iştirak edib.

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc açılış nitqində mövzunun aktuallığı ilə bağlı bir sıra məqamlara toxunub. Əvvəlcə o, belə formatda görüşə təşkilati və ideya dəstəyi verdiklərinə görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə, Mediasiya Şurası və Azərbaycan Tikinti İştirakçıları Assosiasiyasına təşəkkür edib. Millət vəkili daha sonra vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə üzrə 2022-2026-cı il "Milli Fəaliyyət Planı"nda "tikilməkdə olan və ya tikilmiş və istismara qəbul edilməmiş çoxmənzilli binalarda mənzillərə dair verilmiş hüquqmüəyyənedici sənədlərin vahid informasiya bazasının yaradılması, bu istiqamətdə daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi" vəzifəsi müəyyən olunub. Bildirib ki, eyni zamanda 2022-2024-cü illər ərzində müvafiq dövlət-hökumət qurumları "vahid informasiya bazasının yaradılması, daşınmaz əmlakın təminat qeydinin aparılması mexanizmlərinin təkmilləşdirilməsi üçün təkliflərin toplanılması" işini həyata keçirməlidir. Bu tədbirlərin həyata keçirilməsinin tikinti sahəsində mövcud problemlərin aradan qalxmasına kömək edəcəyinə ümidvar olduğunu ifadə edib.

"Şərqdə Qərbdən fərqli olaraq, həmişə ev, yaşayış məskəni və mənzil kultunun hökm sürdüyü bir kimsəyə sirr deyil. Bildiyiniz kimi, Sovetlər Birliyinin süqutundan sonra təkcə sosial-iqtisadi tənəzzül deyil, eləcə də mənzillə təminat sahəsində mənfi tendensiyalar yalnız ulu öndərin hakimiyyətə qayıdışından sonra, 1995-1996-cı illərdə səngiməyə başladı və ölkə üzrə mənzil şəraitinin inkişafında 2000-ci illərdən etibarən yüksələn dinamika müşahidə olundu. Rəqəmlər deyilənləri təsdiqləyir. Belə ki, 2000-ci illərdə istifadəyə verilən yaşayış sahəsi cəmi 487 min kvadratmetr təşkil etdiyi halda, bu göstərici 2005-ci ildə 1583 min kvadratmetr, 2015-ci ildə 1932 min kvadratmetr, 2020-ci ildə 5224 min kvadratmetr təşkil edib", - deyə Zahid Oruc vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının Kiçik və Orta Biznesinin İnkişaf Agentliyi İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası İdarə Heyətinin sədri Ramiz İsayev və həmin qurumun icraçı direktoru Anar Rzayev tikinti sektorunun subyektləri arasında vahid (standart) müqavilə (alqı, satqı, podratçı və s.) formasının tətbiqinin zərurəti, tənzimlənməyən münasibətlərin sektorda yaratdığı problemlər və onların həll yolları mövzusunda çıxışlar etdilər. Tədbir açıq müzakirələr, qeyd edilən sahədə olan problemlərin hüquqi tənzimlənməsi məsələlərinin müzakirəsi, təkliflərin dinlənməsi ilə davam edib.

Musa BAĞIRLI,

"Respublika".