Yaz aylarının sonu, yayın əvvəli dağ çaylarının coşub-daşan çağlarıdır. Təkcə kənd təsərrüfatına deyil, bütövlükdə yaşayış sahələrinə, yollara, infrastruktura böyük ziyan dəyir. Odur ki, qabaqlayıcı tədbirlər görməkdə böyük fayda var.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, respublikanın bir çox ərazisində olduğu kimi, şimal-qərb bölgəsində də son günlər hava şəraiti tez-tez dəyişir. Yağıntılı havanın artması çaylarda suyun səviyyəsinin çoxalmasına səbəb olub.
Sel gətirən dağ çaylarının çoxluq təşkil etdiyi Qax rayonunda ola biləcək sel təhlükəsinin qarşısını almaq məqsədilə hazırda qabaqlayıcı tədbirlər görülür. Bunun üçün Qax Suvarma Sistemləri İdarəsinin texnikaları bu işlər üçün səfərbər edilib. Hazırda Kürmük çayında məcra təmizləmə işləri həyata keçirilir. Bununla yanaşı, rayon ərazisindən axıb keçən digər dağ çaylarında da bu işlər yerinə yetirilir. Ətraf ərazilərin sel sularından mühafizəsini təşkil etmək üçün daş-beton bəndlərin çəkilişi və təmiri də aparılır.
Selə qarşı mübarizə tədbirləri ilə bərabər, Qax Suvarma Sistemləri İdarəsi tərəfindən meliorativ tədbirlər də uğurla davam etdirilir. Suvarma suyunun əkin sahələrinə normal qaydada çatdırılmasını təmin etmək üçün suvarma kanalları mütəmadi olaraq lildən təmizlənir. Bundan başqa, su itkisinin qarşısının alınması istiqamətində torpaq məcralı kanallar beton üzlüyə alınır.
Görülən işlərin nəticəsi olaraq əkin sahələrinin suvarılması ardıcıl həyata keçirilir. Fermerlər sahələri su ilə daim təmin edə bilirlər. Hazırda Qax rayonunda əkilən kənd təsərrüfatı təyinatlı bitkilərin suvarılması normalara uyğun davam edir.
Qeyd edək ki, Qax rayonu ərazisində suvarılan sahələrə xidmət edən əsas mənbələr - Kürmük, Qum, Ləkit, Zərnə, Qapıçay və Duruca çayları və qaynama qara sularıdır.
Nəriman CAVADOV,
"Respublika".