Qatillərə aman verilməyəcək
Digər xəbərlər

Qatillərə aman verilməyəcək

İlahi ədalət gec ya tez öz yerini alır. 30 il qabaq ermənilər Azərbaycan torpaqlarını işğal edib, azərbaycanlılara dəhşətlər yaşadanda bir şeyi unutdular ki, nahaq qan yerdə qalmır. İllər əvvəl Qarabağ torpaqlarının işğalı zamanı özünü qəhrəman bilən, əli günahsız azərbaycanlıların qanına batan yüzlərlə erməninin son aqibəti ilk növbədə Azərbaycan qanunları qarşısında cavab vermək olacaq.

29 iyul 2023-cü il tarixdə Xaçaturyan Vaqif Çerkezoviç Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istəyərkən Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Vaqif Xaçaturyanın aqibəti bütün terrorçuları gözləyir. Qarabağda azərbaycanlılara qarşı soyqırımı törədən erməni terrorçuları unutmasınlar ki, azərbaycanlılara qarşı cinayət törətmiş, işgəncə vermiş hər bir terrorçu cinayətə cəlb ediləcək. Əgər 32 ildən sonra Xaçaturyan kimi qatı cinayətkar, terrorist tutularaq məsuliyyətə cəlb edilirsə, bu, bütün cinayətkarlara aiddir.

Hələ 1991-ci il dekabr ayının 22-də Xankəndidəki 366-cı alayın dəstəyi ilə erməni terrorçuları Xocalı rayonunun Meşəli kəndinə hücum edərək qətliam törətmişlər. Evlərə od vurub yandıran azğınlaşmış silahlı dəstə 25 nəfər kənd sakinini öldürmüş, 14 nəfəri isə ağır yaralamışdır. Ermənilərin kəndə hücumu nəticəsində 358 nəfər sakin evindən didərgin düşmüşdür. İyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan Xaçaturyan Vaqif Çerkezoviç də həmin hücumlar zamanı silahlı dəstələrə başçılıq edənlərdən olub. Bu gün 68 yaşında olan Xaçaturyan 1991-ci ildə əlisilahlı döyüşçü idi. Qarabağ torpaqlarını ard-arda işğal edən, Xocalıda, Meşəlidə və digər ərazilərdə qırğınlar törədən arxalandığı qüvvələrin gücünə güvənən Xaçaturyan törətdiyi cinayət hadisələrilə bağlı Azərbaycan qanunları qarşısında cavab verəcək.

O, əslən Qarabağ ermənisidir, Əsgəran rayonunun Badara kəndində doğulub və kənddə sürücü işləyib. 2013-cü il 12 noyabr tarixindən Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilib və barəsində həbs qətimkan tədbiri seçilib. Qarabağda dinc əhaliyə qarşı törədilən vəhşilikləri ancaq bir erməni törədə bilər. Erməni əsirliyində olan Mail Məmmədov Hadrutda başına gətirilən işgəncələrdən danışmışdır. Ocaqda qızdırılıb, sinəsinə xaç basılmasından danışanda bunu Vaqif adlı bir erməni döyüşçünün etdiyini demişdir. Bəli, o Vaqif bir neçə gün əvvəl Laçın sərhəd-buraxılış məntəqəsində tutulan Vaqifdir. Meşəlidə xaç əməliyyatı ilə Azərbaycan oğullarının sinəsini dağlayan, Xocalı faciəsində fəal iştirak edən Vaqif Xaçaturyan. O vaxt bu qaniçən erməni inanmazdı ki, gün gələcək, sinəsinə xaç basdığı azərbaycanlıların sələfləri onu, Qırmızı Xaçın kölgəsində qaçarkən yaxalayıb ta Bakıya kimi gətirəcəklər. Bir vaxtlar Vaqif kimi erməni döyüşçüləri Qarabağda oturub Bakıya da gedəcəyik deyə Azərbaycana ismarıc göndərirdilər. Bu gün ilahi ədalətin qanunları və Azərbaycan dövlətinin qüdrəti sübut etdi ki, heç bir nahaq qan yerdə qalmır. İndi Vaqif Xaçaturyan kimi qaniçənlər Bakıya gəlir, amma əli qandallı. O əllər ki, zamanında günahsız azərbaycanlıları qətlə yetirib, işgəncə verib, zülm-zillət yaşadıb. Həmin insanlardan sağ qalanları Xaçaturyanın törətdiyi cinayətlərin canlı şahididirlər. Onların ifadələri isə olduqca mühüm dəlillərdir. Xaçaturyan Vaqif Çerkezoviç qabaqcadan əlbir olduğu şəxslərlə birlikdə Azərbaycan dövlətinə və kənd sakinlərinə məxsus əmlakları məhv etmək və zədələməklə ümumilikdə 5 milyon 496 min 900 manat məbləğində maddi ziyan vurmuşdur.

 Tarix heç nəyi unutmur. Dünən can alan, bu gün can verir. Vaqif Xaçaturyanın tutulub məsuliyyətə cəlb edilməsi Azərbaycan Dövlət Sərhəd Xidmətinin böyük uğurudur. Çünki Xaçaturyan kimi cinayətkar ermənilər olduqca çoxdur. Bəs Azərbaycana qarşı hərbi cinayətlər törədən bir şəxsin beynəlxalq axtarışda olduğu bir zamanda Qırmızı Xaç Komitəsinin bu haqda məlumatı yoxdurmu? Qeyd edək ki, artıq ikinci dəfədir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə qeyri-qanuni hərəkətlərə yol verilir. İlk dəfə silah-sursat, indi isə beynəlxalq axtarışda olan cinayətkarı sərhəddən keçirməyə çalışır. Lakin Azərbaycan dövləti öz suveren ərazilərində sərhəd-nəzarət-buraxılış məntəqəsi qurmaqla ermənilərin bu kimi cəhdlərinin qarşısını alır və bundan sonra da bu istiqamətdə fəaliyyət davam etdiriləcək. Zamanla bütün erməni terrorçuları, əli günahsız azərbaycanlıların qanına batan cinayətkarlar Azərbaycan qanunları qarşısında cavab verəcəklər.

 Ramidə YAQUBQIZI,

 "Respublika".