Qadın məhkumlar üçün insan hüquqları sahəsinə dair kitabxana istifadəyə verilib
Sosial həyat

Qadın məhkumlar üçün insan hüquqları sahəsinə dair kitabxana istifadəyə verilib

Ölkəmizdə cəmiyyətin həssas qrupu olan və yetkinlik yaşına çatmayan qadın məhkumların hüquqlarının təminatı, islah prosesinin, asudə vaxtının səmərəli təşkili, sosial adaptasiyası ilə bağlı ardıcıl tədbirlər görülür. Bu istiqamətdə aidiyyəti dövlət qurumları və publik hüquqi şəxslər, vətəndaş cəmiyyəti institutları və beynəlxalq təşkilatlarla əməkdaşlıqda məhkumların istəkləri nəzərə alınmaqla onların bilik və bacarıqlarının artırılması, peşə hazırlığı ilə bağlı proqramlar, təlim-tədris kursları və digər maarifləndirici tədbirlər təşkil olunur.

Hüquq və İnsan Haqları İnstitutundan verilən məlumatda deyilir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  ərəfəsində Ədliyyə Nazirliyi tərəfindən Hüquq və İnsan Haqları İnstitutu və BMT İnkişaf Proqramının (UNDP) dəstəyilə 4 saylı Qadın Cəzaçəkmə Müəssisəsində "Hüquq və insan haqları virtual kitabxanası"nın təqdimatı keçirilib.

Tədbirdə penitensiar sahədə aparılan islahatlar çərçivəsində qadın məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması məqsədilə ötən il istifadəyə verilmiş yeni müasir penitensiar müəssisədə virtual kitabxananın yaradılmasının əhəmiyyətindən bəhs olunub.

BMT İnkişaf Proqramının nümayəndəsi Leyla Fəthi UNDP-nin ən uğurlu layihələrdən olan virtual kitabxanadan qısa zamanda on minlərlə insanın bəhrələndiyini vurğulayıb.

Tədbirdə kitabxananın müəssisədə fəaliyyətini təmin etmək məqsədilə UNDP tərəfindən 7 ədəd noutbuk ianə edilib.

"Respublika".