PAŞINYANLA SEPARATÇILAR ARASINDA GƏRGINLIK ARTIR
Digər xəbərlər

PAŞINYANLA SEPARATÇILAR ARASINDA GƏRGINLIK ARTIR

Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdakı qondarma rejimin "prezidenti" Araik Arutyunyanın istefasından təəssüfləndiyini bildirib. Bu barədə o, Ermənistanın İctimai Televiziyasına müsahibəsində deyib. Baş nazir bildirib ki, onlar arasında çox yaxşı işgüzar atmosfer və qarşılıqlı anlaşma olub. Paşinyanın bu açıqlaması heç də təsadüfi deyil. Çünki Arutyunyan Nikol Paşinyanın kadrı idi və təlimatları birbaşa İrəvandan alırdı. Onun Rusiya ilə təmasları olsa da, əsas himayədarı Paşinyan hakimiyyəti və paralel olaraq Qərb dairələri idi. Arutyunyanın yerinə Şahramanyanın gətirilməsi məsələsi isə Ermənistan hakimiyyətinin iradəsindən kənar baş verib.

Siyasi şərhçi Turan Rzayev bildirir ki, Paşinyan Qarabağda baş verənlərin İrəvanda hakimiyyət dəyişikliyinə gətirib çıxaracağından ehtiyat edir: "Arutyunyanın bir neçə dəfə Fransaya səfəri, burada dövlət televiziya kanalında çıxış etməsi və ona şərait yaradılması birbaşa olaraq Paşinyanın və erməni lobbisinin səyləri nəticəsində baş vermişdi. İndiki məqamda onun istefa verməsi əlbəttə ki, Paşinyanın yürütdüyü Qarabağ siyasətinin iflasa uğraması deməkdir.

Ümumiyyətlə, erməni baş nazirin bu məsələdə ata biləcəyi xüsusi bir addım yox idi. Çünki Azərbaycan strateji və geosiyasi addımlarla separatçıları sıxışdırdı. Buna görə də, Nikol Paşinyan uzun illərdir himayə etdiyi xunta rejimini müdafiə edə bilmədi və nəticədə, Arutyunyan "istefa" verməli oldu. Paşinyanın separatçıların yeni "rəhbər"i Samvel Şahramanyanla əlaqələrinə gəlincə isə baş nazir bildirib ki, Şahramanyanın üzərinə çox böyük məsuliyyət düşür. Bu açıqlama Paşinyanın separatçıların yeni "rəhbərliyi" ilə qarşıdurmada olması kimi şərh edilə bilər. Çünki Şahramanyan Kremllə sıx əlaqələrə malikdir və bu, qərbyönümlü siyasət yürüdən Paşinyan Administasiyasının maraqlarına ziddir. Digər tərəfdən, Paşinyan anlayır ki, Azərbaycan Xankəndidə de-yure nəzarətini bərpa edəcək və Şahramanyan üzərinə qoyulan "ağır məsuliyyət"in altında qalacaq. Buna görə də Ermənistan Qarabağdakı separatçılardan imtina edir.

Nikolun separatçı lideri təbrik etməməsinin digər bir səbəbi də qərbin reaksiyası ola bilər. Amma Xankəndidəki separatçı rejimin qondarma "seçkiləri" heç bir ölkə tərəfindən tanınmadı, eyni zamanda bütün beynəlxalq mərkəzlər bu "seçkini" pisləyən bəyanatlar verdilər. Odur ki, baş nazirin Şahramanyanla danışmaması yeni müttəfiqlərinə qarşı çıxmamaq cəhdi kimi də şərh oluna bilər. Bütün bunların fonunda separatçıların ata biləcəyi ən yaxşı addım silahı yerə qoyub təslim olmaqdır".

Jalə QASIMZADƏ,

"Respublika".