Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilmiş magistr dissertasiyalarının müdafiəsinə rəhbərlik edib
Digər xəbərlər

Ombudsman BDU-nun Hüquq fakültəsində keçirilmiş magistr dissertasiyalarının müdafiəsinə rəhbərlik edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində “İnsan hüquqları” ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi üçün yaradılmış ixtisaslaşdırılmış Elmi Şuraya sədrlik edib.

Ombudsmanın Mətbuat xidmətindən “Respublika”ya verilən məlumata görə, aktual mövzulara həsr olunan dissertasiya işləri Hüquq fakültəsinin “İnsan hüquqları və informasiya hüququ” UNESCO kafedrasında professor-müəllim heyətinin rəhbərliyi ilə Azərbaycan və ingilis dillərində yerinə yetirilib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), hüquq üzrə fəlsəfə doktoru Səbinə Əliyevanın sədrliyi ilə keçirilən müdafiə prosesində 5 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilib.

Məruzələrdən sonra Ombudsman və Şura üzvləri tərəfindən magistrantlara suallar verilib, rəy və mülahizələr oxunub, eyni zamanda, mövzu üzrə praktiki məsələlərin müzakirəsi aparılıb. Yekunda dissertasiya işləri müsbət qiymətləndirilib və insan hüquqlarının müdafiəsi üzrə elmi tədqiqatların davam etdirilməsi məqsədilə əməkdaşlığın genişləndirilməsinin zəruri olduğu bildirilib.

S.Əliyeva magisrantların hər birini təbrik edib və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Ombudsmanın təşəbbüsü ilə Azərbaycan dilində və xarici dillərdə hazırlanmış maarifləndirici nəşrlər, o cümlədən “Genderə giriş” mühazirələr toplusu kitabı və “BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərinə ümumi baxış” adlı vəsait Hüquq fakültəsinin dekanlığına və kafedraya təqdim olunub.