O yurd bizim əzəli məskənimizdir
Digər xəbərlər

O yurd bizim əzəli məskənimizdir

Həyatda ən böyük itkilərdən biri, bəlkə də birincisi torpaq itkisidir. İnsanlar təkcə ərazilərini, yurd yerlərini deyil, həm də gələcəyə olan inamlarını, arzularını da itirirlər. Ölkəmiz zaman-zaman hiyləgər, məkrli siyasət yürüdən dövlətlərin məqsədli planları nəticəsində parçalanmış, mənimsənilmişdir. Bu gözəl məmləkət bütün dövrlərdə qonşu hücumuna, istilasına məruz qalıb. Hərə bir parçasını qoparıb. Bütöv, böyük Azərbaycan bu istilalar səbəbindən Güney Azərbaycan, Qərbi Azərbaycan kimi adlarla adlanır. İçimizdə bəslədiyimiz ilanlar bir az yerlərini möhkəmləndirən kimi bizə düşmən kəsilib, ərazi iddiasına qalxıb. Hələ bir neçə əsr qabaq Azərbaycana Çar Rusiyasının vasitəsilə etnik qrup olan ermənilər yerləşdirildi. Əlbəttə ki, kökü Hindistana qədər gedən qaraçı tayfasına məxsus ermənilərin bu yerlərə gəlişi heç də təsadüfi deyildi. Azərbaycanın ən gözəl, səfalı ərazilərinə sığınan etnik ermənilər azərbaycanlılarla doğmalığından, mehribançılığından sui-istifadə edərək öz planlarını həyata keçirirdilər.

Ermənilərin planlı şəkildə yerləşdikləri ərazilərdən biri də indi Qərbi Azərbaycan dediyimiz ərazilərimiz oldu. XIX, XX əsrdə rus imperiyası tərəfindən İran, Türkiyə, Yunanıstan, Suriya və Fransadan məqsədli şəkildə köçürülərək yerləşdirilmişdilər. Müxtəlif vaxtlarda həyata keçirilən bu köçürülmə əməliyyatı zamanı həm də Azərbaycanın səfalı bölgələri seçilib. Gəlmələr adlanan etnik ermənilər yaşadıqları əraziləri özlərininki hesab ediblər. Bu faktları hətta rus tarixçiləri, tədqiqatçıları özləri də yazmışdılar. Tədqiqatçı İ.N.Şavrov yazırdı: "1828-ci ildən 1830-cu ilədək biz Zaqafqaziyaya 40 mindən çox İran və 84600 Türkiyə ermənisi köçürdük və onları erməni əhalisinin cüzi olduğu Yelizavetpol və İrəvan quberniyasının ən yaxşı torpaqlarında yerləşdirdik". Artıq 1896-cı ildən 1908-ci ilə kimi Zaqafqaziyaya, o cümlədən Qarabağa 400 min erməni köçürülmüşdü.

Tarixi faktlar göstərir ki, bu yerlərin əzəli və yerli sakinləri azərbaycanlılar olub. Ermənilər isə qeyd edilən kimi bu yerlərə sonradan gəlib. Erməni tarixçi alim M.G.Nersesyan bu faktı təsdiqləyərək yazır ki: "XIX yüzilin 20-ci illərin sonunda bu bölgələrə, Şərqi Ermənistana 40000-dən çox İran, Türkiyədən isə 90000 erməni köçürülmüşdür". Ermənilər İrəvan xanlığı başda olmaqla Göyçə, Zəngəzur, Vedibasar, Ağbaba və digər mahallarda məskunlaşmış, özlərinə yurd-yuva salmışdılar. Nəhayətdə isə özlərini bu yerlərin əsl sahibi sayaraq, azərbaycanlıları sıxışdırmağa başlamışdılar. Təəssüflər olsun ki, bu gün adıçəkilən ərazilərimizdə bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Ötən əsrin əvvəllərindən başlayaraq, dəfələrlə deportasiyaya məruz qalmış, 1948-1953-cü illərdə Qərbi Azərbaycandan 150 mindən, 1988-1994-cü illərdə isə bir milyondan çox azərbaycanlı İrəvan xanlığı və bütün mahallarımızdan, öz ata, baba torpaqlarından didərgin salınmışdır. Hiyləgər ermənilər öz xain planlarını tam həyata keçirmək üçün bu yerlərdən azərbaycanlıların izlərini silmək məqsədilə onlara məxsus tarixi, mədəni abidələri də dağıdıb məhv etmişlər. Qədim yer adlarımızı dəyişdirərək erməniləşdirmişlər. Hansı ki, bu yer adları özü o torpaqların Azərbaycana məxsus olduğunu təsdiq edir. Məsələn, XVIII əsrə nəzər salsaq görərik ki, İrəvan xanlığının on beş mahalının hamısının adı Azərbaycan adı olub. Nəinki mahal adı, çay, dağ, göl və başqa adlar da Azərbaycan adlarıdır: Göyçə gölü, Gözəldərə dağı, Alagöz dağı, Bazar çayı, Karvansara, Basarkeçər, Qəmərli, Dilican və s... Binanı, abidəni məhv etmək olar, ancaq tarixi və bu tarixi əks etdirən faktı silmək, məhv etmək qeyri-mümkündür. Bu gün İrəvanın mərkəzində qədim yurd yerlərimizin, mahallarımızın sübutu olan Təpəbaşı məhəlləsi bütün çətinliklərə, vəhşiliklərə və erməni vandalizminə sinə gərərək ayaqda durmağı bacarmışdır. Təpəbaşı Zəngi çayı ilə Şəhər məhəlləsinin arasındakı təpəlikdə yerləşib. Ona görə də azərbaycanlılar ona Təpəbaşı adı veriblər. Ərazi erməni vandalizminə məruz qalaraq hazırda 16 hektar həcmində qalmışdır. Mücadilə aparan Təpəbaşı məhəlləsi də bu gün tamamilə məhv olmaq təhlükəsi yaşayır. Dünya mədəni irsinin bir hissəsi olan abidənin yer üzündən silinməsi yolverilməzdir. Azərbaycana qarşı soyuq münasibət sərgiləyən UNESCO və onun təmsilçiləri Ermənistana missiya göndərən zaman bu abidəyə qarşı diqqətli olacaqlarına ümid edirik. Hətta Azərbaycanın 102 nəfərdən ibarət tanınmış elm və ictimaiyyət xadimi İrəvan şəhərinin mərkəzində yerləşən Təpəbaşı məhəlləsi ərazisində Azərbaycan xalqının irsinə qarşı həyata keçirilən soyqırımı ilə bağlı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıblar. Təpəbaşı məhəlləsi indiki Ermənistan ərazisində olan, Azərbaycanın bu günümüzə çatan son abidəsidir. Ermənilər abidəni dağıdıb, yerində yeni binalar inşa etmək istəyirlər.

Təəssüflər olsun ki, zamanla Qərbi Azərbaycanda olan qədim yer adlarımız dəyişdirilərək erməniləşdirilib, erməni adları ilə əvəz edilib. Ötən il dekabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə görüşərkən öz çıxışında bu haqda demişdi: "Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb".

Ramidə YAQUBQIZI,

"Respublika".