Münaqişədən sonra bərpa və yüksəlişə doğru
Siyasət

Münaqişədən sonra bərpa və yüksəlişə doğru

İkinci Qarabağ müharibəsindən sonra diqqət regionda sülh və barışığın əldə olunmasına yönəlib. Ölkəmiz işğaldan azad olunan ərazilərin yenidən qurulması, dialoqun təşviqi və Cənubi Qafqazda sülhün təmin edilməsi istiqamətində mühüm addımlar atır. Lakin Ermənistanın qətiyyətsizliyi bu prosesin reallaşmasına maneələr yaradır.

2022-ci il aprelin 29-da ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq" mövzusunda beynəlxalq konfrans keçirilib. Prezident İlham Əliyev konfransda iştirak edib və görüşdə müharibəsonrası sülh perspektivləri müzakirə edilib. Ölkə başçısı Azərbaycanın dəfələrlə görüşlər təşkil etməsinə baxmayaraq, rəsmi İrəvanın bu dialoqda iştirak etməkdən yayındığını bildirib. Görüşdə, həmçinin azad edilmiş ərazilərin inkişafı məsələsinə də toxunulub. Prezident İlham Əliyev Azərbaycanın yenidənqurma səylərini, regionda sülh və əməkdaşlığın vacibliyini bir daha vurğulayıb.

ADA Universitetinin rektoru Hafiz Paşayev 23 ölkədən gəlmiş 40 konfrans iştirakçısı və xüsusilə də ölkə başçısına təşəkkür edib, ötənilki konfransın uğurlarından danışıb. Rektor Şuşa şəhərinə səfər etmiş xarici iştirakçıların Azərbaycanın yenidənqurma layihələri ilə tanış olduğunu qeyd edib. Görüşdə gələcək forumlar üçün Şuşada davamlı tədbirlərin keçirilməsi təklif olunub.

İşğal zamanı Ermənistan nəzarət etdiyi ərazilərdə mədəni irs nümunələrini vəhşiliklə dağıdıb, qədim məscidlərə, arxeoloji abidələrə ciddi ziyan vurulub və ya tamamilə yerlə-yeksan edilib. Azərbaycanın sülh danışıqlarına başlamaq və dialoq aparmaq səylərinə baxmayaraq, Ermənistan qeyri-konstruktiv siyasət yürüdür.

Ölkəmiz Cənubi Qafqazda sülh və barışıq əldə etmə səylərinə liderlik edir. Prezident İlham Əliyev regional münaqişələrin həllində dialoq və əməkdaşlığın vacibliyini daim vurğulayır. Lakin ölkəmizin tarixi ədalətin bərpasına və sülhə doğru çağırışları təəssüf ki, cavabsız qalır. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının bizim ərazimizdən qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasına dair 27 il ərzində icra olunmayan dörd qətnamə qəbul etdiyini vurğulayan ölkə başçımız deyib: "Biz onları özümüz icra etmişik. Bu qətnamələri qəbul edən ölkələrdən üçü BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür və ATƏT-in Minsk qrupunun həmsədrləridir. Mən hər zaman onlardan soruşurdum ki, qəbul etdiyiniz qətnamələri niyə icra etmirsiniz? Cavab aydın idi. İşğal vəziyyəti onlar üçün məqbul idi. Bu, Ermənistan üçün, bu, həmsədrlər üçün məqbul idi, lakin bizim üçün məqbul deyildi".

Konfransda Azərbaycana beynəlxalq dəstək məsələsinə də yer verilib. Xüsusilə də Avropa İttifaqının Ermənistana ayırdığı böyük yardım paketinin Qərbin ikili standartlarından xəbər verməsi, Azərbaycana verilən yardımın həcminin Ermənistana veriləndən qat-qat aşağı olması qərəzliliyi göstərir. Ölkə başçımız minaların təmizlənməsi kimi mühüm məsələlərdə də respublikamıza dəstəyin az olmasına diqqət çəkib. Lakin Azərbaycan bütün bunlara baxmayaraq, keçmiş məcburi köçkünlərin geri qayıtmasını təmin etməklə bütün ərazisini minalardan da təmizləyəcək əzmdə olduğunu sübut edir. Bu, daha çox vaxt aparsa da, ölkəmizin qətiyyətinin və özünəinamın göstəricisidir.

Postmüharibə dövründə hər hansı bir münasibətin qurulması çətin və mürəkkəb məsələdir. Buna baxmayaraq, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişafa doğru addımlayır, bir çox dövlətlərlə əlaqələrini genişləndirib. Ölkəmiz işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı öz öhdəliklərini uğurla yerinə yetirir. İnfrastrukturun canlandırılmasına, geri qayıdan məcburi köçkünlərin mənzillə təmin edilməsinə və mədəni irsin bərpasına yönəlmiş yenidənqurma layihələri həyata keçirilir. Yenidənqurmada sürətli irəliləyiş xalqımızın ata-baba torpaqlarına geri qayıtmaq əzmini sübut edir. Diplomatik səylərə əlavə olaraq, Azərbaycan barışığı təşviq etmək üçün reinteqrasiyaya, insanlar arasında mübadilələrə və etimadın möhkəmləndirilməsi tədbirlərinə üstünlük verir.

Konfransda Ermənistan-Azərbaycan gərginliyi, həm də regionun enerji təhlükəsizliyi ilə bağlı suallara da aydınlıq gətirilib. Həmçinin Prezident İlham Əliyev Çin ilə Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətə malik olduğunu vurğulayıb. Ölkə başçısı "bir kəmər, bir yol" təşəbbüsü ətrafında əməkdaşlıq sahələri barədə aydın məlumat verməklə bərabər, Cənubi Qafqazda inteqrasiyanın təşviqi üçün Azərbaycanın hazırkı səyləri haqqında danışıb. Əməkdaşlığın inkişafını gücləndirmək üçün Azərbaycanın Cənubi Qafqazda bir tranzit ölkəsi kimi çox böyük potensialı olduğu vurğulanıb.

Görüşdə bərpaolunan enerji sahələrinin inkişafı barədə də danışılıb. Ölkə başçımız enerji sahəsində Qarabağın azad olunmasından sonra bu bölgədə görülən işlər barədə məlumat verib. Günəş və külək enerjisi stansiyalarının qurulması ilə bağlı məlumatları paylaşıb və Qarabağda "yaşıl enerji" zonasının yaradılması, həmçinin "ağıllı şəhər"lərin inşası kimi layihələrin əhəmiyyətindən danışıb. Bundan başqa, SOCAR-dakı islahatlar barədə də məlumat verilib.

Cənubi Qafqaz regionu əməkdaşlıq və iqtisadi inkişaf üçün böyük potensiala malikdir. Azərbaycanın Avropa və Asiya arasında strateji mövqedə yerləşməsi ticarət, investisiya və regional inteqrasiya imkanlarına stimul verir. Güvən və əməkdaşlıq mühitini gücləndirməklə, region ölkələri öz potensiallarını tam şəkildə ortaya qoya, sülh və sabitliyin bəhrələrindən yararlana bilərlər. Azərbaycanın müharibədən sonra sülhə can atması onun iradəsini, qətiyyətini və regional sabitliyə sadiqliyini əks etdirir.

Nurcan SÜLEYMANOVA,

"Respublika".