Məntiqsiz, qərəzli siyasət
Digər xəbərlər

Məntiqsiz, qərəzli siyasət

İranın Azərbaycana qarşı düşmənçilik mövqeyi bu gün də davam edir. Ötən müddət ərzində Azərbaycan İrana xoşməramını dəfələrlə nümayiş etdirsə də, İran "xain xoflu" xislətindən əl çəkmir. Bu ölkə Türkiyə-Azərbaycan, Azərbaycan-İsrail münasibətlərindən, əməkdaşlığın inkişaf etdirilməsindən qıcıqlanır. Eyni zamanda, regional və qlobal əhəmiyyəti günbəgün artan Zəngəzur dəhlizi layihəsi İranda qısqanclıq yaradır.

Məsələ ilə bağlı İranın məntiqsiz siyasi gedişini şərh edən politoloq Azad Məsiyev İranın anti-Azərbaycan siyasətini belə qiymətləndirir: İran tərəfinin Azərbaycana qarşı apardığı qərəzli siyasətin kökündə iki əsas amil durur. Onlardan biri Azərbaycan-İsrail əlaqələrinin inkişafı, ikincisi isə Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi layihəsi 10 noyabr Bəyanatına uyğun olaraq Azərbaycanın Naxçıvanla quru xəttinin yaranması üçün vacib müddəadır. Bəyannaməni imzalayan tərəflər nəqliyyat infrastrukturu üçün məsuliyyət daşıyır. Göründüyü kimi, 10 noyabr Bəyanatında İran dövləti yoxdur və bu dəhliz üzərində onlar söz sahibi deyillər. Lakin İran Zəngəzur dəhlizini "qırmızı xətt" elan etməklə Azərbaycana təzyiq göstərməyə çalışır.

Zəngəzur dəhlizi olduqca qlobal bir məsələdir. Belə ki, dəhlizin açılmasında Rusiya və Türkiyə kimi, digər dövlətlərin də marağı var. Əsasən də Rusiyanın gələcəkdə iqtisadi əlaqələrin yaxşılaşdırılması fonunda bu yoldan intensiv istifadəsi gözlənilir. Bununla yanaşı, Zəngəzur dəhlizi üzərindəki 3+3 formatı da (Azərbaycan, Gürcüstan, Ermənistan, Türkiyə, Rusiya və İran) regiona öz töhfəsini verəcək. Gec-tez Zəngəzur dəhlizi öz potensialını göstərəcək. Bunun üçün Ermənistan tərəfinin öhdəlikləri var və bu öhdəliklərin zəmanətini Rusiya tərəfi verir. Belə əlverişli iqtisadi maraqlar çərçivəsində İranın Azərbaycanla münasibətlərini kəskinləşdirməsinə səbəb İran-Ermənistan əməkdaşlığıdır. İran istəyir ki, Ermənistanın ABŞ ilə olan bağlantılarından faydalansın və özünün reinteqrasiya prosesini reallaşdırsın. Hər iki ölkənin təhlükəsizlik şurasının rəhbərlikləri arasında keçirilən görüşlər məhz buna indekslənib.

Olduqca maraqlı bir məqamı diqqətə çatdırmaq istəyirəm. İran tərəfi Azərbaycana qarşı İsraillə əməkdaşığı bəhanə gətirərək təxribat və terror aktlarına əl atır. Lakin İran öz başlıca düşməni hesab etdiyi ABŞ-la sıx əməkdaşlıq edən Ermənistan dövləti ilə yaxın əlaqələr qurur, konsulluq açır. Bu məqamda, region üçün başlıca ziddiyyətlərin şahidi oluruq. Bir sözlə, İranın hərəkətləri nə beynəlxalq hüquqa, nə də ki, siyasi məntiqə uyğun gəlir. Hesab edirəm ki, artıq İran öz varlığını qorumaq üçün Azərbaycana təzyiq göstərir. Digər tərəfdən, Türkiyənin qlobal güc mərkəzinə çevrilməsi, eyni zamanda türkdilli ölkələrin inteqrasiya prosesinin sürətlənməsi Zəngəzur dəhlizinin önəmini daha da artırır. Məhz buna görə də, İran güclü ittifaqların qurulmasına mane olmaq niyyətindədir. İranın bu cür addımları nə beynəlxalq konvensiyalara nə də ki heç bir hüquqi müstəviyə uyğun deyil. Sadəcə, İranın fəaliyyəti tam olaraq məntiqsizlikdən ibarətdir. Necə deyərlər, daxilindəki problemləri həll edə bilmir deyə xaricdə yeni düşmən axtarışına çıxıb. İran əgər düşmən axtarışındadırsa, yaxşısı budur Ermənistanı seçsin. Birbaşa Amerika ilə bağlantıları olan Paşinyan rejimindən başqa, İrana qarşı hər hansı bir təhdid yoxdur. Belə ki, 2 mindən artıq amerikalı diplomat korpusunun Ermənistanda fəaliyyət göstərməsinə İran göz yumur? Bununla belə, İran Azərbaycanla düşmənçilik aparır, bizə qarşı təxribatlar törədir. Yaratdığı casus şəbəkələri ilə Azərbaycanın daxilində sabitliyi pozmağa cəhd edir. Bu isə öz növbəsində İranın növbəti siyasi məntiqsizliyidir.

Nurlan ABDALOV,

"Respublika".