Enerji sahəsində ölkəmizin dəstəyi Pakistan üçün çox önəmlidir
İQTİSADİYYAT

Enerji sahəsində ölkəmizin dəstəyi Pakistan üçün çox önəmlidir

Azərbaycan dünyada nadir ölkələrdəndir ki, zəngin enerji ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna malikdir. Ölkəmiz enerji sahəsində daxili tələbatı maksimum şəkildə ödəməklə yanaşı, Cənubi Qafqazın, Yaxın Şərqin, Avropanın, habelə Mərkəzi Asiyaya qonşu olan dövlətlərə neft və təbii qaz ixrac edir. Enerji təhlükəsizliyinin təmin olunmasında strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin olunması, sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması, yanacağın və enerji növlərinin şaxələndirilməsi, enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının alınması və digər amillər durur.

Son illər dünyada gedən proseslər enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsinə çevrilməsində əsas rol oynamışdır. Xüsusilə enerji bazarında yaranan böhran idxalçıların yeni tərəfdaşlar axtarışını zəruri edir. Bu konteksdə ölkəmizdə zəngin enerji ehtiyatlarını nəzərə alan xarici ölkələr, əməkdaşlıq üçün Azərbaycana üz tuturlar. Bunun əsas səbəblərindən biri də dövlətimizin üzərinə götürdüyü öhdəliklərə sadiq qalmasıdır. Uzun illərdən bəri beynəlxalq şirkətlərlə imzalanan müqavilələrdə heç bir dəyişiklik tələbi irəli sürməməyimiz tərəfdaşlıqda Azərbaycana müsbət imic qazandırıb.

Bu sahədə Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrdən biri də Pakistan İslam Respublikasıdır. Enerjidaşıyıcıları çatışmazlığından əziyyət çəkən Pakistanın neft-kimya sahəsində xarici asılılığı 84 faizə çatır. Yanacaq bazarının əsasını Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri tutsa da, Rusiyadan neft idxalı yanacaq çatışmazlığının azaldılmasının aradan qaldırılmasında əsas hədəflərdən biridir. Bu baxımdan, Pakistan neftə olan tələbatının 35 faizini Rusiyadan konpensasiya etmək niyyətdindədir. Bununla belə güclü enerji böhranı yaşayan Pakistanın 2018-ci ildə neft məhsulları, mayeləşdirilmiş təbii qaz və mayeləşdirilmiş neft qazı idxalına illik xərcləri 12 milyard dollardan bir qədər artıq olmuşdusa, hazırda bu məbləğ 27 milyard dollara çatıb ki, bu da öz növbəsində qardaş ölkə üçün çox böyük vəsaitdir. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Rusiya-Ukrayna münaqişəsi, Pakistanın yeni çağırışlarla üz-üzə qalması bu sahədə Azərbaycanla əməkdaşlığı yenidən gündəmə gətirib.

İyunun 14-ü və 15-də Azərbaycanda rəsmi səfərdə olmuş Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevlə birgə mətbuata çıxışı zamanı bu məsələyə toxunaraq qeyd edib: "Azərbaycan zəngin təbii sərvətlərə, o cümlədən böyük neft-qaz sərvətlərinə malikdir. Bizim, əlbəttə, bu sahədə sıxıntımız var. Biz çox bahalı idxala bağlı olan ölkəyik. Bu, bizim üçün çox baha başa gəlir. Ötən il biz bu sahəyə 27 milyard ABŞ dolları xərcləmişik. Yəni əziz Qardaşım, biz bunun öhdəsindən gələ bilmirik, çünki müxtəlif çağırışlarla üz-üzəyik. İnflyasiya, idxal olunan neftin qiymətinin qalxması və Ukrayna münaqişəsi səbəbindən bizim ölkəmiz böyük təzyiqlə üz-üzədir. Təsəvvür edin, ona görə biz enerjiyə 27 milyard ABŞ dolları xərcləmişik. Maşallah, Azərbaycanın bu sərvəti var və biz Azərbaycanla, eyni zamanda, neft-kimya məhsulları sahəsində əməkdaşlıq etmək istəyirik. Biz Səudiyyə Ərəbistanının "Aramco" şirkəti ilə danışıqlar aparırıq və çox şad olarıq ki, Azərbaycan da bu məsələyə qoşulsun və bizim həmin bu sahəyə xərclədiyimiz pulun bir hissəsini sərmayə olaraq öz üzərinə götürsün. Bizim Günəş enerjisi sahəsində potensialımız var. Biz arzularımızı gərgin əmək sayəsində həyata keçirə bilsək, əziz Qardaşım, Sizi inandırıram ki, biz çox bahalı olan bu xərci, yəni nefti idxal etmək məsələsini Günəş enerjisi vasitəsilə mübadilə edə bilərik. Biz, hətta bu enerjini ixrac edə bilərik, bu, mümkündür. Çünki bizim bu sahədə potensialımız 10 min meqavata bərabərdir. Sizi də dəvət edirəm. Siz də bu məsələyə çox müsbət rəy verdiniz ki, bu sahədə də Azərbaycan iştirak edə bilər, sərmayə qoya bilər. Biz də hər cür dəstək göstərməyə hazırıq ki, Azərbaycan bu sahəyə daxil olsun".

Artıq Azərbaycan və Pakistan arasında mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünə dair razılıq var. Razılaşmaya əsasən ayda bir LNG yükü ilə təmin edilməyi nəzərdə tutan müqavilə imzalanıb. Pakistanın neft naziri Musadiq Malik bildirib ki, Azərbaycan hər ay Pakistana LNG yükünü daha münasib qiymətə tədarük edəcək. Nazir tədarük sövdələşməsinin təfərrüatlarını açıqlamayıb, lakin artıq Azərbaycanla müqavilənin imzalandığını və bu prosesin tezliklə başlayacağını bildirib. Enerji istehsalı üçün qazdan asılılıq, idxalı ödəmək üçün valyuta çatışmazlığı problemi və 2022-ci ildə başlayan Rusiya-Ukrayna münaqişəsi nəticəsində qiymətlərin yüksəlməsindən sonra LNG-nin spot yüklərini əldə etməkdə çətinliyin olması Pakistanda enerji qıtlığına səbəb olmuşdu. Pakistanın Azərbaycanla maye təbii qaz alışı barədə çərçivə sazişi qaz böhranının səmərəli həllinə imkan verməklə qarşıdakı qış mövsümündə əhalinin qaz çatışmazlığı ilə üzləşməyəcəyinə zəmanət verəcək.

Pakistanla Azərbaycan arasındakı uzunmüddətli sazişə əsasən, bu il ölkə təqribən 9-10 yük partiyası alacaq. Azərbaycanla bu əməkdaşlıq Pakistana neft-qaz sektorundakı enerji tələbatlarını qarşılamaqda kömək edəcək. Saziş müddətinin bir il uzadılması imkanı ilə ilkin olaraq bir il müddətində qüvvədə qalacaq. Buna uyğun olaraq SOCAR çatdırılma üçün 45 günlük pəncərə təqdim etməklə ayda bir partiya maye təbii qaz təklif edəcək və hər bir təklifin müəyyən qüvvədə qalma müddəti olacaq.

Musa BAĞIRLI,

"Respublika".