Əbədi yaşayan mübarizlər...
Sosial həyat

Əbədi yaşayan mübarizlər...

44 gün davam edən Vətən müharibəsində əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıq, şücaət, cəsurluq düşmənə öz həddini göstərdi. Həm də onun havadarlarına bildirildi ki, Azərbaycan torpaqlarına heç kəs göz dikə bilməz. Çünki bu torpaqlar şəhid qanı ilə suvarılıb, qazilərin ən müqəddəs yadigarıdır, artıq həmin torpaqlarda quruculuq işləri həyata keçirilir, ermənilərin viran qoyduğu şəhərlər, kəndlər yenidən qurulur. Dahilər deyib ki, Vətən anadır, onu qorumaq hər bir övladın borcudur, həmin övladlarımız isə torpağı, yurdu, Vətəni göz bəbəyi kimi qorudular. Onlardan biri də Emin Elnur oğlu Fərzəliyevdir.

Bu il sentyabr ayının 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələri cəbhənin Kəlbəcər rayonu istiqamətində növbəti dəfə irimiqyaslı təxribat törətməyə cəhd göstərdilər. 44 günlük Vətən müharibəsində bütün ümid və imkanları əldən çıxan düşmən qalan gücünü sanki həmin sentyabr gecəsinə saxlamışdı. Ancaq düşmən yanıldı, unutdular ki, "Dəmir yumruq" öz yerindədir. Düşmən heç ağlına gətirə bilmirdi ki, həmin "Dəmir yumruq" əvvəlkindən daha güclü, daha amansız olacaq. Həmin gecə Müzəffər Azərbaycan Ordusunun bölmələri düşmənə bir daha tarixi dərs keçdilər, təxribatçılara əsl cəhənnəmi yaşatdılar. Həmin gecə düşmənə qarşı son nəfəsə qədər döyüşən, ölümün gözünə dik baxan igidlərimizdən biri də Emindir. Qəhrəman döyüşçü 1998-ci il dekabrın 20-də Ağcabədidə dünyaya göz açıb. Həmyaşıdları kimi qayğısız uşaqlıq illərini yaşadı, orta məktəbdə təhsil aldı, arzuları gül qönçəsi kimi pardaxlandı. Həqiqi hərbi xidmətə çağırılanda qürur hissi keçirdi, Vətənin müdafiəsinə çağırıldığı üçün fəxr etdi. Xidmətdə də nümunəvi oldu, hərbi tapşırıqları layiqincə yerinə yetirdi. Əsgər yataqxanasında dincələn əsgərlərlə birlikdə Emin həyəcan siqnalı ilə ayağa qalxdı, komandirin döyüş tapşırığını yerinə yetirmək üçün irəli atıldı.

Kəlbəcər rayonunun Qaragöllər kəndi istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıq göstərən, düşmənə ağır zərbə vuran və kirpiklərini qırpmadan şəhid olan Emin ailənin yeganə övladı idi. Emin şəhid olsa da, əbədilik ürəklərə, yaddaşlara köçdü. Döyüş meydanında son damla qanına qədər vuruşan, böyük əzmkarlıq və rəşadət nümayiş etdirən Eminin bu dönməzliyi Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə cəsur döyüşçü Emin Fərzəliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

Şəhid Eminin növbəti doğum günü onsuz keçirildi. Doğmaları, əzizləri onun məzarı başında Eminin xatirəsini sükutla, qürurla yad etdilər. Şəhidin valideynləri, yaxınları, dostları, vaxtilə özünün təhsil aldığı Ağcabədi şəhər 3 saylı məktəb-liseyin bir qrup müəllim və şagirdləri Qəhrəmanlar Parkında şəhidin məzarını ziyarət etdilər, üzərinə çiçəklər düzüb, ruhuna dualar oxudular. Şəhidlər ölmür, onlar əbədi yaşayırlar...

Salman ALIOĞLU,

"Respublika".