BMU-nun rektoru Həmkarlar İttifaqının “Yubiley döş nişanı” ilə təltif olunub
Sosial həyat

BMU-nun rektoru Həmkarlar İttifaqının “Yubiley döş nişanı” ilə təltif olunub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi ilə əlaqədar Həmkarlar İttifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub. Rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.

Mükafat Havar Məmmədova ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilə keçirilən görüşdə təqdim edilib. M.Cəfərzadə Həmkarlar İttifaqının fəaliyyətindən bəhs edib və nəzərə çatdırıb ki, təmsil etdiyi qurum təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərinin təşkilində mühüm rol oynayır.

Rektor Havar Məmmədov ona göstərilən etimada və diqqətə görə Həmkarlar İttifaqının rəhbərliyinə minnətdarlığını ifadə edib. Azərbaycanda həmkarlar ittifaqlarının keçdiyi tarixi yoldan, əldə etdiyi nailiyyətlərdən bəhs edən rektor BMU ilə ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini vurğulayıb.

BMU-nun İctimaiyyətlə əlaqələr şöbəsi.