AzQAC-ın növbədənkənar XXVI Baş Məclisi keçirilib
Sosial həyat

AzQAC-ın növbədənkənar XXVI Baş Məclisi keçirilib

Dekabrın 21-də Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) növbədənkənar XXVI Baş Məclisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruzəli Aslanov iclasın gündəliyini təqdim edib və məsələlərin müzakirəsinə başlanılıb.

Mandat komissiyasının sədri Şaban Şayev komissiyanın hesabatını təqdim edib və Baş Məclisin nümayəndələrinin yetərsay olduğunu bildirib.

Sonra AzQAC-ın İcraçı katibi Ceyhun Mirzəyev Cəmiyyətin 2018-2023-cü illər ərzində fəaliyyəti, nailiyyətləri barədə hesabat məruzəsi ilə çıxış edib. O, Qarabağ iqtisadi rayonunda AzQAC-ın fəaliyyətinin bərpası və quruculuq işləri haqqında danışıb.

Bakı Regional Mərkəzinin koordinatoru Rəna İbrahimova, Ağdam rayon bölməsinin sədr müavini Firuzə Əliyeva, Füzuli rayon bölməsinin sədri Ramiq Sadıqov çıxış edərək Baş Məclisin işinə uğurlar arzulayıb.

AzQAC-ın vitse-prezidenti Qafar Əsgərzadə isə çıxışında İdarəetmə Şurasının qərarlarının təsdiqi barədə məlumat verib.

Tədbirdə cari məsələlərin müzakirəsi ilə yanaşı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü İlham Əliyevin 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyinin dəstəklənməsi barədə Baş Məclisin nümayəndələri tərəfindən yekdilliklə bəyanat qəbul edilib.

Sonda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himni səsləndirilib və bununla da XXVI növbədənkənar Baş Məclis öz işini başa çatdırıb.