“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub
Digər xəbərlər

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Birləşmiş Millətlər Təşkilatının (BMT) Qlobal Sazişinə qoşulub. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, “AzInTelecom” MMC dünyanın 160-dan çox ölkəsinin nüfuzlu şirkətlərinin üzv olduğu təşəbbüsdə Azərbaycanı təmsil edən qurumlar arasında yer alıb. Təşəbbüsə qoşulmaqla qurum ekoloji, sosial və korporativ idarəetmə sahələrində fəaliyyətini təkmilləşdirməyi, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də ölkə iqtisadiyyatına daha geniş töhfə verməyi planlaşdırır. Həmçinin insan haqları, işçi hüquqları, gender bərabərliyi, ətraf mühitin mühafizəsi və korrupsiyaya qarşı mübarizə ilə bağlı Qlobal Sazişin 10 prinsipinə əməl etməyi öhdəsinə götürür.

Bulud xidmətlərinin müasirləşdirilməsini, imza hüququ olan hər bir şəxsi rəqəmsal imza ilə təmin etməyi hədəfləyən “AzInTelecom” Azərbaycanın rəqəmsal transformasiyasında ciddi səy göstərir. Şirkət dayanıqlı inkişaf və sosial məsuliyyətə sadiqliyini nümayiş etdirən bir sıra təşəbbüsləri isə artıq reallaşdırıb.

Beləliklə, “AzInTelecom” BMT-nin Qlobal Sazişinin iştirakçısı olaraq öz fəaliyyətini “yaşıl” inkişaf istiqamətlərinə və öhdəliklərinə uyğunlaşdıracaq. 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasını və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçiriləcəyini nəzərə alaraq qurumun fəaliyyətində ətraf mühit məsələlərinə, “yaşıl” texnologiyaların təbliğinə diqqət daha da artırılacaq.

“Respublika”.