Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən
Məktublar

Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Bu nəticə Azərbaycan xalqının Sizin liderliyinizə və ölkənizlə bağlı strategiyanıza olan inamını və etimadını nümayiş etdirir. Sizin rəhbərliyinizlə Azərbaycan müxtəlif sahələrdə, o cümlədən turizm sahəsində mühüm nailiyyətlər əldə etmiş və bu nailiyyətlər ölkənin inkişafına töhfə vermişdir.

Sizin iqtisadi inkişafa yüksək diqqətiniz, mədəni müxtəlifliyin təşviqinə və dayanıqlı turizmin inkişafına sadiqliyiniz BMT-nin Dünya Turizm Təşkilatının müdafiə etdiyi məqsəd və dəyərlərlə harmonik şəkildə uyğundur. Mən bu təşkilatın Baş katibi olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan bundan sonra da beynəlxalq turizmə töhfə verəcəkdir.

Biz Azərbaycanla əməkdaşlığımızı daha da möhkəmləndirməyə ümidvarıq və Sizin həm yerli icmaların, həm də daha geniş beynəlxalq turizm sektorunun faydalana biləcəyi turizm sahəsinin inkişafı, eləcə də davamlı və məsuliyyətli turizmin təşviqi istiqamətində fəaliyyətinizə dəstək verməyə hazırıq.

Sizin liderliyinizin Azərbaycanın daha da inkişafına töhfə verməkdə davam edəcəyinə əmin olduğumu bildirirəm. Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edir, uğurlar və firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Zurab POLOLİKAŞVİLİ,

Dünya Turizm Təşkilatının Baş katibi.