Ürəklərdə yaşayan igid
Sosial həyat

Ürəklərdə yaşayan igid

İkinci Qarabağ müharibəsində döyüş meydanında cəsurluq, igidlik, mərdlik nümayiş etdirərək adını Azərbaycanın şanlı tarixinə yazan şəhid Ağamid Şirzaid oğlu Ağacəfərli dağlar qoynuna sığınan Lerik şəhərində dünyaya göz açıb. Vətənini hər şeydən əziz tutan Ağamid 25 yaşında əbədiyyət adlı dünyaya qovuşub. İndi Lerikdə böyük də, kiçik də onu özünə iftixar mənbəyi, qürur yeri bilir.

Vətəni necə sevməyi, torpağı necə qorumağı Ağamidin qoyub getdiyi qəhrəmanlıq məktəbindən öyrənirlər. Qisməti şəhidlik zirvəsindən boylanmaq səadəti olan Ağamid üçüncü ildir cismən aramızda yoxdur. Ölməzliyə qovuşan qəhrəmanın anım mərasiminə toplaşanların üzündəki qürur Ağamidin əziz xatirəsinə ehtiramdan irəli gəlirdi.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri öz qəhrəman oğlunun uyuduğu müqəddəs məkanı ziyarət edərək önünə gül-çiçək dəstələri düzdülər. Bildirildi ki, Ağamid Vətən uğrunda canını qurban verib. Biz Ağamid kimi qəhrəman oğulların sayəsində qalib ölkənin vətəndaşları kimi xoşbəxt yaşayırıq.

Bəli, varlığı Vətənə məhəbbət hissi ilə yoğrulan, torpaqlarımızın işğalına qarşı həmişə barışmaz mövqe tutan, ən böyük arzusu döyüş meydanında düşmənin başını əzmək olan Ağamid Ağacəfərli 2020-ci il 27 sentyabr tarixində başlanan haqq savaşımıza könüllü olaraq gedib. Səngərdə yerini tutan andan döyüş tapşırıqlarını uğurla yerinə yetirməklə düşmənə sarsıdıcı zərbələr endirib. Əsasən Füzuli, Qubadlı uğrunda ağır əməliyyatlarda böyük cəsarət göstərib. Döyüşdən-döyüşə: "İşimiz haqdır, zəfər bizimdir" deyib, daim öndə vuruşub. Təəssüf ki, Qubadlı istiqamətində gedən ölüm-dirim savaşında yağı gülləsinə tuş gəlib. Ölümündən sonra ölkə başçısının müvafiq sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "İgidliyə görə" medallarına layiq görülüb.

Zəfər ORUCOĞLU.