Laçına qayıdış davam edir
Sosial həyat

Laçına qayıdış davam edir

Vətən müharibəsi zamanı əldə edilən zəfər nəticəsində işğaldan azad edilmiş torpaqlarımız öz sahiblərinə qovuşur. Tarixi qələbəmizdən sonra ölkəmiz işğal olunmuş ərazilərin sürətlə və yüksək səviyyədə bərpasına başladı. Əzəli və əbədi torpaqlarımızda gedən bərpa-quruculuq işləri yüksək səviyyədə görülür ki, bu da əhalinin firavan yaşayışını təmin edir. İşğaldan azad olunmuş ərazilərimizin hər qarışı Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dirçəldilir. Doğma yurdlarına qayıdan və ya qayıdacaq vətəndaşlarımız yüksək səviyyəli və rahat həyat şəraiti ilə təmin edilir. Azad edilmiş torpaqlara qayıdış yalnız öz evlərinə qayıtmaq imkanı əldə etmiş soydaşlarımızı yox, bütün Azərbaycan xalqını sevindirir.

Prezident İlham Əliyevin şəxsi nəzarəti və bilavasitə yaxından iştirakı ilə həyata keçirilən quruculuq-abadlıq işləri yaxın zamanda bütün soydaşlarımızın öz doğma yurdlarına qayıdışını təmin edəcək. Həyata keçirilən islahatlar, əldə olunan uğurlar Şərqi Zəngəzurda və Qarabağda proqnozları müəyyən qədər qabaqlamağa imkan yaradır. Dövlət başçımızın da ifadə etdiyi kimi, "Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz - bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq". Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində keçmiş məcburi köçkünlərin 30 ildən sonra təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Əhalinin firavan yaşayışı və torpaqlarımızın təhlükəsizliyi baxımından aprelin 23-də Azərbaycan-Ermənistan sərhədində Laçın sərhəd-buraxılış məntəqəsi quruldu. Məntəqənin qurulması təkcə Azərbaycanın suveren hüquqları çərçivəsində deyil, həmçinin bütün beynəlxalq qaydalara uyğun olaraq reallaşdı. Bununla da Laçına və digər ərazilərimizə qayıdışın təhlükəsiz zəmində reallaşması təmin edilmiş olur.

Böyük Qayıdışın əsas seqmentlərindən olan Laçının dirçəldilməsi xüsusi diqqət mərkəzindədir. Bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin növbəti təzahürüdür. Laçın və ümumilikdə Şərqi-Zəngəzur bölgəsi böyük sənaye və aqrar potensiala malikdir. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələrində daha çox xammal növləri emalı edilirdi. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Bu bölgədə turizm, dağ turizmi və ekoturizm potensialına görə xüsusi əlverişli mövqeyə malikdir. Bu iqtisadi rayonun strateji-coğrafi mövqeyi, digər bölgələrin qovuşuğunda yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları bu bölgənin gələcəkdə Azərbaycanın ən iri sənaye və iqtisadi güc mərkəzinə çevrilməsini təmin edəcək.

İşğaldan azad olunduqdan dərhal sonra Prezident İlham Əliyevin göstərişi ilə Laçında nəhəng bərpa və yenidənqurma işlərinə başlanıldı. Baş plana əsasən, şəhərdə ümumilikdə 700 bina bərpa edilir. Onlardan 620-si fərdi ev, 9-u çoxmənzilli yaşayış binasıdır. Eyni zamanda 71 inzibati bina yenidən qurulur. Bununla yanaşı, 10 noyabr Bəyanatının müddəalarına uyğun olaraq, Laçın rayonunun şəhər mərkəzindən, Zabux və Susdan keçməklə Qarabağda yaşayan ermənilərin Ermənistana gediş-gəlişlərini təmin edən yolun olması Laçın rayonuna strateji əhəmiyyət qazandırır. Qeyd edək ki, Laçın işğal olunduqdan sonrakı müddətdə ermənilər hərbi cinayət törədərək Zabux və Sus kəndlərində qanunsuz məskunlaşdırma aparmışdılar. Ermənistandan, eləcə də Yaxın Şərqdən ermənilər bu ərazilərimizə köçürülərək qanunsuz yerləşdirilmişdir. Qeyd edək ki, avqustun 25-də Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın rayonunun yenidən salınan Zabux kəndinə ilk köç karvanı yola salınıb.  Bakı şəhərinin Qaradağ rayonundakı "Qobu park-3" yaşayış kompleksindən yola düşən köç karvanına Bərdədən, Şirvandan və Mingəçevirdən Zabuxa qayıdan ailələr də qoşulublar. Mərhələli şəkildə həyata keçirilən köç prosesində ilk olaraq 20 ailə - 88 nəfər Zabuxa köçürülüb. Köçürülən ailələr arasında Birinci Qarabağ müharibəsi şəhidinin ailəsi də var. Bugünədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib. Bu il mayın 27-də Prezident İlham Əliyevin Laçın rayonuna səfəri baş tutmuşdu. Səfər çərçivəsində ölkə başçımız Zabux kəndində aparılan tikinti və bərpa işləri ilə yaxından tanış olub və ümumi sahəsi 81 hektar olan Zabux kəndinə 245 ailənin köçürülməsinin nəzərdə tutulduğunu bildirib. İlkin mərhələdə isə kəndə 223 ailənin köçürülməsi planlaşdırılıb. Bundan başqa, Zabuxda 50 yerlik uşaq bağçası, inzibati bina, tibb məntəqəsi inşa edilib.

Abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirirlər. Bütün bu müsbət göstəricilər isə bütövlükdə dövlət tərəfindən siyasi-iqtisadi kursun düzgün istiqamətdə aparıldığını, ideal idarəetmə mexanizminin yaradıldığını göstərir.

Laçına köç isə davam etməkdədir. Belə ki, daha 52 sakin doğma yurda yola salınıb. Bununla da Laçın şəhərində 247 ailə, yəni 956 nəfərin daimi məskunlaşması təmin edilib. Qeyd etmək yerinə düşər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Həkəri çayının sahilində keçirilən "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak ediblər. Gözəl guşələrimizdən olan Laçında ilk dəfə Şəhər Gününün qeyd edilməsi tarixi hadisədir. Bildiyiniz kimi, azad edilmiş ərazilərdə şəhər günlərinin keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Şəhər günləri şəhərlərimizin azad edilməsi günləridir. Dövlət başçısı öz nitqində Laçın şəhəri, Zabux və Sus kəndlərinin düşmən əsarətindən xilas edilməsi haqqında məlumat verərək qeyd etdi ki, biz qısa müddət ərzində yeni yol çəkərək həm Laçına, həm də Zabux və Sus kəndlərinə qayıtdıq.

Nurlan ABDALOV,

"Respublika".