QAYĞI BOL MƏHSULA ZƏMİN YARADIR
İqtisadiyyat

QAYĞI BOL MƏHSULA ZƏMİN YARADIR

Ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulan uğurlu iqtisadi siyasət uğurla davam edir. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan və aqrar sahənin yüksək təşəkkül tapdığı Tovuzda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əlverişli şərait var. Məhsuldar torpaqları, əlverişli iqlimi, zəhmətkeş insanları, ən başlıcası isə aqrar sahəyə dövlətin göstərdiyi qayğı nəticəsində hər il məhsul istehsalı artır.

Qeyd edək ki, tovuzlu fermerlərin istehsal etdikləri növbənöv kənd təsərrüfatı məhsulları respublika bazarlarında bolluq yaratmaqla yanaşı, bir sıra xarici ölkələrə də ixrac olunur. Tovuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Emin Eyvazov bildirdi ki, rayonda son illər bir metrdə olsun torpaq sahəsi əkin dövriyyəsindən kənarda qalmır. Zəhmətə qatlanan, torpaqda çalışan kəndlinin ruzisi həmişə bol olur, ailə büdcəsinə kifayət qədər gəlir daxil olur.

Rayonda 32226.0 hektar əkinə yararlı torpaq sahəsi var, onun 23198.0 hektarı suvarılan, 9028.0 hektarı dəmyədir.

Taxılçılıqda hər il uğur qazanılır. Belə ki, cari ilin məhsulu üçün 18454.0 ha taxıl səpilib. Ötən il 15084.0 ha biçin aparılıb və hər hektardan 39.5 sentner taxıl istehsal edilib.

Bundan başqa Tovuzda kartofçuluq geniş yayılıb. Rayonun aran bölgəsində və dağlıq ərazidə dəmyə şəraitində 5271.2 ha kartof yetişdirilib və hazırda məhsulun satışı həyata keçirilir.

Kartofçuluqla məşğul olan fiziki şəxs Ədalət Məhərrəmov 33.37 ha sahədə üç növ kartof yetişdirib və 418.0 ton, yüksək keyfiyyətli, məhsuldar, xəstəliyə davamlı toxum istehsal edib. 50.0 ha sahədə isə əmtəəlik məhsul istehsal edilib, hektarın məhsuldarlığı 65.0 ton olub.

Rayonda bostan məhsulları və tərəvəz istehsalında da dönüş yaranıb. Son illər əhalinin bağçılığa meyli artıb. Hər il yeni salınan meyvə bağlarının ərazisi daha da genişləndirilir.

Təəssüflə qeyd edək ki, illər öncə rayon ərazisində mövcud olan üzüm bağlarının böyük əksəriyyəti baxımsızlıqdan məhv olub. Son dövrlərdə bu sahəyə də diqqət artırılıb. Bar verən üzüm sahələrinin hər hektarından 284.9 sentner məhsul istehsal edilib.

Bir neçə il bundan əvvəl üzümçülüklə məşğul olan fermerlər texniki üzümün satışı ilə bağlı problemlərlə üzləşirdilər. 2019-cu ildə fəaliyyətə başlayan "A+CO" MMC-də ildə 3 min ton üzüm qəbul etməyə imkan verən zavod qurulub. Zavodda İtaliya, Fransa və digər xarici ölkələrdən gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb. Rayonun üzümçülüklə məşğul olan fermerləri və eyni zamanda ətraf bölgələrin sakinləri yetişdirdikləri texniki üzüm sortlarını bu zavodun qəbul məntəqəsinə təhvil verirlər.

Rayonda bəzi fermerlər istixanalarda məhsul yetişdirməyə üstünlük verirlər. İstixana şəraitində yetişdirilən tərəvəz məhsullarının 29.9 hektarından 2393.9 ton məhsul istehsal edilib. Əldə olunan məhsul əsasən xarici ölkələrə ixrac olunub.

Rayon ərazisində məhsulun itkisiz və keyfiyyətli saxlanılması üçün soyuducu anbarlar fəaliyyət göstərir. Ümumi tutumu 29.08 min ton olan 37 ədəd soyuducu anbar azlıq edir. Kartof və meyvə istehsal edən fermerlər soyuducu anbarların azlığından şikayətlənirlər. Yaxşı olar ki, rayonda soyuducu kameraların sayı qeyd olunandan 2-3 dəfə artıq olsun.

Respublikanın hər yerində olduğu kimi, Tovuz rayonunda da özəl sahənin inkişaf etdirilməsinə hər cür şərait yaradılır. Rayonun Alakol kəndində salınan nümunəvi bağçılıq təsərrüfatlarından biri 2015-ci ildən fəaliyyət göstərir. Burada 20 nəfər daimi işlə təmin olunub, 60-70 nəfər isə mövsümi işlərə cəlb olunur. Təsərrüfatın ümumi ərazisi 135 hektardır. Sahələrdə müxtəlif növ gilas, alma, armud, heyva, qoz, badam, ərik, xurma ağaclarına yüksək aqrotexniki qulluq göstərilir. Dörd ildir ki, ağaclar bar verir. İstehsal olunan müxtəlif çeşidli məhsullar daxili bazarlarda bolluq yaratmaqla yanaşı xarici ölkələrə də "Made in Azerbaijan" brendi ilə ixrac olunur. Təsərrüfatda tutumu 1000 ton olan müasir soyuducu kamera fəaliyyət göstərir. Ötən il 5 min ton ekoloji təmiz məhsul əldə olunub. Hazırda ağaclara aqrotexniki qulluq göstərilir, bağlarda quru budama işləri aparılır. Sonra cərgələr arası şumlanacaq, xəstəlik və həşəratlara qarşı dərmanlama işləri aparılacaq. Meyvə bağlarının hər hektarına dövlət tərəfindən 200 AZN civarında subsidiya verilir. Verilən vəsait yanacaq və mineral gübrələrin alınmasına sərf olunur.

Son zamanlar Tovuzda tütünçülüyün inkişafı da diqqətdə saxlanılır. Ötən il 110.5 ha sahədə tütün bitkisi əkilib. Kür çayında suyun səviyyəsinin artması nəticəsində 55.0 ha sahə suyun altında qalaraq məhv olub, buna baxmayaraq 55.5 ha sahədən 26.1 ton quru tütün istehsal olub.

Məlumdur ki, çoxillik yonca bitkisi heyvandarlığın inkişafında yem bazasının yaradılması üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan yonca əkilən sahələrin də ərazisi ilbəil genişləndirilir.

Rayonda baramaçılığın inkişafı da diqqətdə saxlanılır. Ötən il 6179.9 kq barama istehsal olunub.

Bir sözlə, tovuzlu fermerlər dövlət dəstəyindən yararlanaraq məhsul bolluğu yaradır, ixrac yönümlü məhsullara üstünlük verirlər.

Vəli VƏLİYEV,

"Respublika".