Ölkəmiz yeni reallıqlar yaradır
İqtisadiyyat

Ölkəmiz yeni reallıqlar yaradır

Qarabağ "yaşıl enerji" zonasına çevrilir. Əslində, regionda bərpaolunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl zona", yaxud "yaşıl məkan" konsepsiyasının hazırlanmasına Vətən müharibəsindəki qələbəmizdən az sonra başlanmışdır. 2020-ci ilin yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdu. Bu məsələ "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapmışdır. 2021-ci il mayın 3-də isə ölkə başçısı "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamışdı. Bu genişmiqyaslı tədbirlərin icrasına Azərbaycanın Qarabağ bölgəsində xunta rejiminin mövcudluğu, separaçıların terror təxribatları, "boz zona" maneələr yaradırdı.

Azərbaycanın Qarabağ iqtisadi rayonunun bir hissəsində - nəzarətsiz zonada mövcudluğunu qoruyub saxlamağa çalışan qanunsuz hərbi xunta rejimi buraxılmalı və tərk-silah olunmalı idi. Nəzarətsiz ərazilər separatçılar tərəfindən narkotiklərin əkilməsi və daşınması üçün "münbit" bölgəyə çevrilmişdi. Azərbaycan dövlətinin bu məsələyə diqqəti dəfələrlə cəlb etməsinə baxmayaraq, beynəlxalq aləm buna laqeyd münasibət göstərirdi. Dünyada ikili standartların olması məsələnin ictimailəşməsinə mane olurdu. Azərbaycan öz ərazisində separatizmin davam etməsinə, "boz zona"nın mövcudluğuna qarşı qətiyyətli addımlar atdı. Ermənistanın təxribatları Qarabağda lokal antiterror tədbirlərinin keçirilməsini zəruri edirdi. Belə ki, 44 günlük müharibədən üç il keçməsinə baxmayaraq, bu ölkənin siyasi rəhbərliyi sülh müqaviləsinin imzalanmasından yayındı. 10 noyabr Bəyanatının bəndlərinə uyğun olaraq, erməni silahlı birləşmələri ərazidən çıxarılmadı. Zəngəzur dəhlizi açılmadı.

Azərbaycan ərazisində "boz zona"nın mövcudluğu suverenliyimizə və dövlət müstəqilliyimizə, eləcə də Azərbaycan Respublikası vətəndaşlarının təhlükəsizliyinə açıq təhdid idi. Ərazisində qanunsuz silahlı dəstələrin mövcudluğu istənilən dövlət üçün böyük təhlükədir. Bu baxımdan, separatçıların yenidən təşkilatlanmasına, silahlanmasına qətiyyən imkan vermək olmazdı. Bu, 44 günlük Vətən müharibəsi ilə öz torpaqlarının 30 il davam edən işğalına son qoyan Bakının dəyişməz və qəti mövqeyidir. Azərbaycan Xankəndidəki separatçı xunta rejimin varlığına son qoyulması, orada yaşayan erməni sakinlərin ölkəmizin mərkəzi hakimiyyətinə, qanunlarına tabe olması istiqamətində mühüm addımlar atdı. Çünki hər bir dövlətin suveren ərazisinə nəzarət etməsi, ərazi bütövlüyü onun legitim hüququdur. Lokal antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşma, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılması, qanunsuz silahlı dəstələrin silahı yerə qoyması və tərk-silah edilməsi, Yevlaxda keçirilən görüş ölkəmizin növbəti uğurudur.

"İndi isə əminəm ki, bölgəmizdə yeni vəziyyətin yaranması labüddür. Çünki kriminal xunta rejimi təslim olandan sonra bu gərginlik mənbəyi, bu zəhər yuvası artıq tarixdə qalır və Qarabağda yaşayan erməni əhalisi də nəhayət rahat nəfəs ala bilər". Bu fikirləri Prezident İlham Əliyev sentyabrın 20-də xalqa müraciətində deyib. Dövlət başçısı bildirib ki, erməni millətçiləri, müharibə cinayətkarları, Ermənistanın və Qarabağın dırnaqarası "rəhbərləri" o insanları girov götürmüşdü, onların beyinlərini zəhərləmişdi. Azərbaycan haqqında, Azərbaycan xalqı haqqında olmazın yalanlarını uydurub onların beyinlərinə doldurmuşdur, onların beyinlərini zəhərləmişdir. Mən əminəm ki, Qarabağda yaşayan erməni əhalisi tezliklə yaxşılığa doğru dönüşü görəcək. Çünki bizim niyyətimiz sülh, qarşılıqlı anlaşma, qarşılıqlı hörmət əsasında birgə həyat qurmaqdır. Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur.

Dövlətimiz ayrı-ayrı qüvvələrin hibrid müharibə elementinə çevrilməkdə olan, 30 ilə yaxın zaman kəsiyində qeyri-sabitlik bölgəsi, geosiyasi təzyiq elementi, narkotiklərin qanunsuz dövriyyəsi, terrorizm və mütəşəkkil cinayətkarlıq məqsədilə istifadə edilən "boz zona"nı anlayış olaraq sıradan çıxarmaq, təkcə suveren hüquqlarının tam təmin olunması istiqamətində qanuni addımlar atmaqla kifayətlənmək istəmir, həm də bölgəyə sivil həyatı qaytarmaq, insanların təhlükəsiz, firavan birgəyaşayışını təmin etmək niyyətindədir. Azərbaycan "boz zona" anlayışını Yaşıl Zona ilə əvəzləyəcək və bölgəyə əbədi sülhün, təhlükəsizliyin gəlişini təmin edəcək. "Qarabağ bölgəsi "yaşıl enerji" zonası kimi dünya üçün bir nümunə olacaq". Bu, Prezident İlham Əliyevin qətiyyətidir.

 

Mustafa KAMAL,

"Respublika".