Könlüm keçir Zəngəzurdan...
Digər xəbərlər

Könlüm keçir Zəngəzurdan...

Bir kənd vardı, Acıbac. Oradan gəlib keçərdik, dədə-baba yurdlara, yaylaqlara köçərdik. Atlas geyimli, başı buludlardan nəm çəkən dağlar ilin yaz, yay fəsillərində çal-çağırlı olardı, türk oğulları ildırım sürətilə at səyirdər, bolluq, bərəkət yaradar, adət-ənənələrimizi qeyrətlə yaşadardılar.

Xəyal məni Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonuna çəkib aparır, həsrət-həsrət hər qarışında ayaq izlərim qalan və bu gün erməni tapdağında olan qədim Oğuz ellərini xatırlayıram.

Zəngəzur mahalı ilə bağlı yaşlı nəslin nümayəndələrindən kövrək xatirələr dinləmişəm, deyilənə görə erməni vandalları bu ərazilərdə XX əsrin ortalarında azərbaycanlılara amansız divan tutmuş, nahaq qanlar axıdılmış, türklərə analoqu olmayan zülm və işgəncələr verilmişdir.

Mən Qafan rayonunda dünyaya göz açmışam. Bu elin-obanın hər qarışına bələdəm. Şərbət bulaqlar ən sevimli yerim idi, sal daşlar yastığım, çöl-çəmən döşəyim olardı. Baldırğanı, göbələyi, quzuqulağını qucaq-qucaq yığardım. Nə gizlədim, kiçik yaşlarımdan poetik ilhamla şeirlər də qələmə alardım. Qafanın çölü, düzü, yamacları mahir rəssam fırçasından çıxmış füsunkar tablonu xatırladırdı...

İndi ayrı düşmüşük toy-büsatlı yurd yerlərimizdən. Ermənilərin xəyanəti sayəsində düz 35 ildir ki, Qərbi Azərbaycan adlı məkkəmizdən, mədinəmizdən ayrı düşmüşük. Vətən, yurd həsrəti çəkə-çəkə anbaan qocalırıq, yaşlaşırıq. Ulu Tanrıdan günlərin bir günündə Zəngəzur mahalına qayıdışımızı gözləyirik.

Zəngəzurda türkün böyük tarixinin izləri yaşayır. Elə isə gəlin, tarixin səhifələrini vərəqləyək, yurdumuzun keçmişini yada salaq...

İndiki "Ermənistan" ərazisi, Zəngəzur mahalı Azərbaycanın tarixinə görə ən qədim, coğrafi-siyasi mövqeyinə, təbiətinə görə ən zəngin bölgələrdən biridir.

Qafan rayonu Azərbaycan Respublikasının Zəngilan və Qubadlı rayonları ilə, şərqdən Ermənistanın Gorus və Sisyan rayonları və cənub-qərbdən Meğri rayonu ilə həmsərhəddir.

Qafan rayonunun ərazisi 1805-ci ildən Rusiyanın tərkibinə birləşdirildikdən sonra müxtəlif dövrlərdə, ayrı-ayrı inzibati vahidlərin tərkibində olmuşdur. Zəngəzur qəzasını Ermənistan Respublikasına birləşdirmək üçün yaratdıqları silahlı dəstələrlə dəfələrlə türklərə qarşı soyqırımı həyata keçirdilər. Bu zaman yüzlərlə kənd dağıdıldı və minlərlə insan həlak oldu. Sağ qalanlar isə müxtəlif bölgələrə qaçmağa məcbur oldular. Soyqırımı nəticəsində Qafanın indiki ərazisinə daxil olan kəndlər dağıdıldı, əhalisi qırğına məruz qaldı.

Hər iki respublika sovet Rusiyası tərəfindən işğal olundu və 1920-ci il aprelin 28-də Azərbaycanda, 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti üsuli-idarəsi quruldu. Bundan sonra yeni qurulmuş sovet Ermənistanının ərazisinin az olması bəhanəsi ilə Moskvanın yeni bolşevik liderləri və RK(b)P-nin (Rusiya Kommunist (bolşevik) Partiyası Qafqaz bürosu bütün vasitələrdən istifadə edərək Azərbaycanın ərazisi hesab olunan Zəngəzur qəzasının bir hissəsinin 1920-ci ilin sonunda Ermənistan SSR-ə verilməsinə nail oldular. Elə o vaxtlardan da Zəngəzurun Ermənistan SSR-ə düşən hissəsində 1930-cu ildə Sisyan, Qafan, Gorus və Meğri rayonları yaradıldı.

Qafan rayonu hələ Zəngəzur qəzası dövründə müxtəlif mahallara, yarım rayonlara bölünmüşdür. Qafan rayonunun indiki ərazisində həmişə türk əhalisi üstünlük təşkil etmişdir. Hətta erməni mənbələri də bunu təsdiq edir.

30-cu illərdə baş verən repressiya zamanı maskalanaraq məsul vəzifələri tutan erməni daşnakları Zəngəzur mahalında, o cümlədən Qafanda türklərə qarşı mübarizələrini davam etdirmişdir. Onlar minlərlə zəngəzurlunun güllələnməsinə və Sibirə, Orta Asiyaya gedər-gəlməzə göndərilməsinə səbəb olmuşlar. Repressiyadan xilas ola bilənlər bir müddət qaçaqçılıq etmiş və sonra Türkiyəyə və İrana keçmişdilər. Bunların arasında qafanlılar da var idi.

Ermənistan SSR-in ozamankı rəhbərliyi Qafanı respublika tabeli şəhər səviyyəsinə çatdırmaq üçün şəhərətrafı erməni və türk kəndlərini Qafan şəhərinə birləşdirdilər. Son dövrdə Qafan şəhərində 5 min nəfər azərbaycanlı yaşamışdır. 1979-cu ildə keçirilən siyahıyaalınma zamanı azərbaycanlı əhalinin çoxu qeydə alınmamışdır. Azərbaycanlılara xidmət edən iki orta və bir səkkizillik məktəb fəaliyyət göstərmişdir. 60-cı illərdən sonra rayonun mərkəzi də daxil olmaqla qafanlılara erməni vandallarının göstərdikləri qeyri-insani münasibətlər və ayrı-seçkilik onların tədricən Azərbaycan SSR-ə köçməsinə səbəb olmuşdur.

1988-ci il noyabrın sonunda azərbaycanlılar Qərbi Azərbaycanın bütün bölgələrindən, o cümlədən Qafandan, öz ata-baba torpaqlarından erməni xəyanəti nəticəsində ayrılmalı oldu, onlar haylar tərəfindən deportasiyaya məruz qaldılar.

Zəngəzur mahalına qayıdışı səbirsizliklə gözləyirəm. Bir neçə şeir kitabının müəllifiyəm, yurd həsrətli neçə-neçə şeirlər qəlbimin süzgəcindən süzülüb gəlib. 24 dekabr 2022-ci ildə bir qrup Qərbi azərbaycanlının Prezident İlham Əliyevlə görüşü olub. Həmin tədbirdə vurğulanıb ki, Vətən müharibəsində tarixi qələbəmizdən sonra bizim əsas hədəfimiz Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşdırılmasıdır. Hazırda Qərbi Azərbaycan İcmasında bu məqsədlə təqdirəlayiq işlər aparılır.

Zəngəzura qayıdış bizim haqqımızdır. Qafana dönəcəyimiz günlər o qədər də uzaqda deyil. Mən bir şair kimi buna inanıram. Arzum, amalım yaradıcılığımı qəribsəmiş yurd yerlərində, Zəngəzur mahalında, Qafanda davam etdirməkdir.

Pərvanə ZƏNGƏZURLU,

şair, "Aşıq Pəri Ozan Sənətinin Təbliği" İctimai Birliyinin sədri.