İşğaldan azad edilən ərazilər yaşıl enerji zonasına çevrilir
İqtisadiyyat

İşğaldan azad edilən ərazilər yaşıl enerji zonasına çevrilir

Dövrümüzün əsas mövzusu sayılan iqlim dəyişmələri ilə mübarizədə ölkəmizin aktiv fəaliyyəti artıq hər kəsə məlumdur. Azərbaycan hələ 12 dekabr 2015-ci ildən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasına imza atıb. Qlobal emissiyalarda ölkəmizin payının cəmi 0,15 faiz olmasına baxmayaraq, iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə əsas töhfə verən dövlətlərdən biri də Azərbaycandır.

Belə ki, 2030-cu ilə qədər istixana effekti yaradan qaz tullantıları səviyyəsinin 1990-cı il səviyyəsindən 35% aşağı salınması Milli Səviyyədə Müəyyən olunmuş Töhfələr sənədində hədəf kimi götürülüb. 2021-ci ildə Paris Sazişi çərçivəsində müasir texnologiyalara əlçatanlığın təmin edilməsi və Konvensiyanın müvafiq mexanizmlərinin, həmçinin maliyyə institutlarının dəstəyi olacağı təqdirdə 2050-ci ildə emissiyaların səviyyəsində 40% azaldılma hədəfə götürülüb, könüllü öhdəliklərin yerinə yetirilməsi istiqamətində iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması üzrə bir sıra mühüm effektiv strategiya və sənədlər qəbul edilib, bir çox tədbirlər həyata keçirilib.

Elə bu səbəbdəndir ki, Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncam və ümumilikdə “yaşıl enerji”yə keçid istiqamətində atılan addımlar bu sahəyə olan xüsusi diqqətin göstəricisidir. Dövlət başçısı tərəfindən təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yeni strateji mərhələdə iqtisadiyyatın davamlı və yüksələn xətlə inkişafı üçün qlobal iqlim dəyişikliklərinə cavab verən və əhalinin sağlam ətraf mühitdə yaşamının təmin olunması vəzifəsi qarşıya qoyulub. Bu hədəf istiqamətində qlobal iqlim dəyişmələrinin mənfi nəticələrinin aradan qaldırılması üçün ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, istilik effekti yaradan qaz emissiyalarının azaldılması, alternativ və bərpaolunan enerji mənbələrindən istifadə imkanlarının artırılması, enerji səmərəliliyinin təmin olunması kimi hədəflərə nail olmaq planlaşdırılır.

Həmçinin qlobal iqlim dəyişmələrinə qarşı mübarizə tədbirlərinə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda da xüsusi yer verilib. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” təsdiq edilib.

Azərbaycan işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, yenidən qurulması istiqamətində mühüm qərarlar qəbul edir. Ölkə rəhbərliyi tərəfindən verilmiş bu qərarların, “yaşıl enerji” zonası, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”, “ağıllı şəhərlər”, “ağıllı kəndlər” kimi yanaşmaların tətbiqinin, minlərlə hektar sahədə meşələrin bərpasının həm regional, həm də qlobal miqyasda iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üzrə ümumi səylərə töhfə verəcəyini əminliklə demək olar. Qeyd edək ki, 2050-ci ilə qədər həmin ərazilər “netto sıfır emissiya” zonası elan edilib. Bu məqsədlə, beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə “İşğaldan azad edilmiş ərazilər üçün karbon neytrallığı “Konsepsiyası” hazırlanıb. Konsepsiya bu sahədə tənzimləyici çərçivə rolunu oynayaraq, müxtəlif sektorlarda “karbon izi”nin qiymətləndirilməsini, sektorlar üzrə emissiyaların azaldılmasını ehtiva edir. Həmin ərazilərin bərpası zamanı müasir texnologiyaların tətbiqi ilə “ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının reallaşdırılması bu ərazilərin dayanıqlı inkişafına töhfə verməklə iqlim dəyişmələrinin təsirlərinin yumşaldılması kimi hədəflərə nail olmağa imkan verəcəkdir.

Nurcan SÜLEYMANOVA,

“Respublika”.