Güclü Azərbaycan reallığı: İqtisadi tərəqqi, müasir yanaşmalar
İqtisadiyyat

Güclü Azərbaycan reallığı: İqtisadi tərəqqi, müasir yanaşmalar

Hazırkı dövrdə sənaye siyasəti rəqabətqabiliyyətlilik, səmərəlilik və ekoloji təhlükəsizlik meyarlarına uyğun yüksək texnologiyaların tətbiqinə yönəlməli, elmi araşdırmalarla üzvi surətdə bağlı olmalı, müasir çağırışlara cavab verməli və yeni yanaşmalara əsaslanmalıdır. Aparılan islahatlar, uğurla həyata keçirilən dövlət proqramları, genişmiqyaslı infrastruktur layihələri, biznes və investisiya mühitinin davamlı surətdə yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və siyasi, makroiqtisadi sabitlik ölkədə güclü sənayenin formalaşdırılması üçün əlverişli şərait yaradır. İqtisadiyyatın şaxələndirilməsi indiki mərhələdə iqtisadi siyasətimizin prioritet istiqamətlərindəndir. Bu vəzifənin icrası sənayenin inkişaf etdirilməsini, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqini tələb edir.

Qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, innovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, bu sahədə sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə istehsal və emal müəssisələri, iri sənaye mərkəzləri, parkları və məhəllələri yaradılmışdır.  Görülən bütün bu işlər, həmçinin Azərbaycan məhsullarının ixrac coğrafiyasını yüksək keyfiyyət standartlarına malik yerli məhsulların "Made in Azerbaijan" brendi adı altında xarici bazarlara çıxışını genişləndirmişdir. Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı ötən dövr ərzində diqqət mərkəzində saxlanılmışdır. Məqsədyönlü tədbirlər nəticəsində son 20 ildə qeyri-neft ixracı 8 dəfədən çox artmış, respublika üzrə 51 aqropark yaradılmışdır.

Hazırda respublikamızın regionlarında mövcud olan iqtisadi potensialdan tam və səmərəli istifadə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına və iqtisadiyyatın tarazlı inkişafına hesablanmış və uğurla icra olunan Dövlət proqramları regionların kompleks inkişafına, o cümlədən infrastruktur sahələrinin bərpa və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, iş yerlərinin açılmasına, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə zəmin yaratmışdır.Ölkənin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara və ümumi əlavə dəyər yaradan böyük həcmlərə söykənən sənaye sahələrinin formalaşmasını, sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasının sürətləndirilməsini zəruri edir. Bu baxımdan, Sumqayıt şəhərindəki sənaye zonası ərazisində zəruri infrastruktura və idarəetmə sisteminə malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikilən Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət kəsb edir. 500 hektara yaxın ərazidə mütərəqqi texnologiyalar əsasında nümunəvi emal şəhərciyi kimi inşa edilən parkın yaradılmasında əsas məqsəd sənayenin özəl sektorunun inkişafına, nəticə etibarilə isə respublikamızda müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə nail olmaqdır.

Onu da qeyd edək ki, ölkədə 7 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" sənaye parkları, 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb. Sənaye zonalarında ümumilikdə, 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun 33,2%-i, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur. Dünya İqtisadi Forumunun "Qlobal Rəqabətlilik İndeksi" hesabatında ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yer alıb, həmçinin Cənubi Qafqaz regionunda birinci olub. Bu hesabatda "biznesin dinamikliyi" üzrə Azərbaycan 8 pillə irəliləyərək dünya sıralamasında 23-cü yerdə qərarlaşıb ki, bununla ölkəmizin biznes mühitinin inkişafı istiqamətində apardığı intensiv islahatlar bir daha təsdiqini tapır.

44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizə Böyük Qayıdışı təmin etmişdir. Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır. Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərində genişmiqyaslı bərpa-quruculuq işlərinə başladı. Bu məqsədlə, artıq dövlət büdcəsindən 7 milyard ABŞ dolları həcmində vəsait sərf edilib. İşğaldan azad edilmiş ərazilərin potensialı və coğrafi şəraiti nəzərə alınaraq, Kəlbəcər rayonu hasilat və turizm sənayesi, Ağdam rayonu emal sənayesi, Şuşa rayonu mədəniyyət və turizm sənayesi, Zəngilan və Cəbrayıl rayonu ticarət-logistika xidməti, Qubadlı, Laçın, Füzuli və Xocavənd rayonları isə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəzlər kimi qiymətləndirilə bilər. Bölgədə sənaye fəaliyyətinin həyata keçirilməsi, xüsusilə rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalı önəmli prioritetləri özündə ehtiva edir. Yerli və xarici investorlar üçün əlverişli biznes mühitinin formalaşdırılması istiqamətində Ağdam rayonunda 190 hektar sahədə zəruri infrastrukturla təmin edilmiş Ağdam Sənaye Parkı, Cəbrayıl rayonunda 200 hektar ərazidə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı yaradılıb. Qeyd olunan sənaye parklarında fəaliyyət göstərən rezidentlər qeydiyyata alındığı tarixdən 10 il müddətinə əmlak, torpaq, mənfəət vergisindən, idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumlarından azad olunub. Görülən tədbirlər iqtisadi canlanmanın sürətləndirilməsi? investisiya cəlbediciliyinin artırılması, təbii resursların iqtisadi dövriyyəyə cəlb edilməsi, vergi və gömrük güzəştləri, sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, enerji və kommunikasiya infrastrukturunun qurulması və əhəmiyyəti böyük olan bölgənin inkişafını sürətləndirmək kimi məqsədlərə xidmət edir. Bütün bunlar isə dövlətin iqtisadi imkanlarının genişləndirilməsinə, hərtərəfli inkişaf və dayanıqlı tərəqqiyə zəmanət verir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək səviyyəli həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması çərçivəsində hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işləri davam etdirilir, müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılır. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını, onun maliyyə dayanıqlığının güclənməsini və sürətlə müasirləşməsini, müasir sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini, habelə bir çox sosial problemlərin ardıcıl şəkildə həllini və xalqın maddi rifahının yüksəlməsini, innovasiyaların sürətlə mənimsənilməsini və insan kapitalının davamlı inkişafını təmin etməkdədir. Ölkəmiz dünya miqyasında sabit və dayanıqlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilmişdir. Azərbaycan beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla icra edilir. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaratmışdır.

Beləliklə, insan kapitalının davamlı inkişafı və yeni keyfiyyətə transformasiyası mühiti daha da təkmilləşəcək, milli iqtisadiyyatda innovasiyaların sürətlə mənimsənilməsi üçün zəruri ekosistem formalaşacaq, ölkənin "yaşıl enerji" məkanına çevrilməsi və ətraf mühitin sağlamlaşması prosesləri sürətlənəcəkdir. İnnovasiyalar təşviq ediləcək, müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, bu əsasda iqtisadiyyatın effektivlik əsasında inkişafı və rəqabətədavamlılığı təmin olunacaqdır.

Mustafa KAMAL,

"Respublika".