Azərbaycana gələnlərin sayı artıb
Digər xəbərlər

Azərbaycana gələnlərin sayı artıb

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasına dünyanın 181 ölkəsindən 918,8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 43,9 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, DSK-a bildirir ki, gələnlərin 32,9 faizi Rusiya Federasiyası, 19,2 faizi Türkiyə, 7,7 faizi İran, 5,2 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 2,4 faizi Səudiyyə Ərəbistanı, hər birindən 2,3 faiz olmaqla Pakistan və Qazaxıstan, 2,1 faizi Birləşmiş Ərəb Əmirlikləri, 12,5 faizi isə digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 72,2 faizini kişilər, 27,8 faizini qadınlar təşkil edib.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 385,8 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 40,0 faiz artaraq 46,7 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 8,9 faiz azalaraq 134,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,8 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.

2023-cü ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 67,3 faizi hava, 29,9 faizi dəmir yolu və avtomobil, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

“Respublika”.