Bərəkətli torpaq, bol məhsul, yaxşı güzəran
İqtisadiyyat

Bərəkətli torpaq, bol məhsul, yaxşı güzəran

Respublikamızda son illərdə pambıqçılığın inkişafı istiqamətində atılmış addımlar öz səmərəsini verir. Bu, bir daha onu göstərir ki, pambıqçılığın inkişafına dövlət dəstəyi var. Vaxtilə tənəzzülə uğrayan pambıqçılıq indi ölkəmizdə ən gəlirli sahəyə çevrilib. Pambıqçılıq dirçəldilir, "ağ qızıl" istehsalı ilə məşğul olan rayonlarda işsizlik problemi həll olunur. 2015-ci ildən başlayaraq Azərbaycanda istehsal edilən mahlıc dünya bazarlarına çıxarılır. Pambıqçılığın inkişafı üçün dövlət başçısının qarşıya qoyduğu vəzifələr yerinə yetirilir, tapşırıq və tövsiyələri icra edilir. Qeyd edək ki, ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə ölkəmizdə pambıq istehsalında ən yüksək hədd qeydə alınıb. Belə ki, 1981-ci ildə respublikamızda pambıq istehsalı bir milyon tona çatdırılıb. Sahənin inkişaf etdirilməsinə xüsusi önəm verən dövlətimizin başçısı İlham Əliyev bildirib ki, pambıqçılıq çox gəlirli kənd təsərrüfatı sahəsidir. Onu da xatırlayıram ki, mən 2015-ci ildə bu məsələ ilə özüm şəxsən məşğul olmağa başlayanda bəzi hökumət üzvləri hesab edirdilər ki, pambıqçılıq, ümumiyyətlə, Azərbaycandan çıxarılmalıdır. Bu, gəlirsiz sahədir və bunun heç bir perspektivi, gələcəyi yoxdur. Halbuki pambıq ixracyönümlü məhsuldur. Mahlıcı satmaq üçün bazar axtarmaq lazım deyil, dünya birjalarında satılır.

Hazırda Azərbaycanda 20 rayonda pambıq əkilir və bu sahədə 200 minə yaxın insan çalışır. Qarabağ iqtisadi rayonunda ən iri kənd təsərrüfatı məhsullarının istehsalçısı olan Ağcabədidə də aqrar sahənin inkişaf etdirilməsi üçün müasir təsərrüfatların yaradılması istiqamətində məqsədyönlü işlər aparılır, dövlət qayğısı sayəsində fermerlər keyfiyyətli məhsul istehsalını ilbəil artırırlar. Münbit torpaqları, əməksevər insanları, halal zəhmətlə ucalan və keçmiş şöhrəti bərpa edən əmək adamları ilə tanınan rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaxşı ənənələr yaranıb. Kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi rayonun aqrar həyatına böyük canlanma gətirib. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıq və tövsiyələri rayonda uğurla icra olunur. Təsadüfi deyil ki, ötən ilin nəticələrinə görə Ağcabədi rayonu pambıq istehsalında respublika üzrə birincilər sırasındadır. Bəllidir ki, pambıqçılıq strateji əhəmiyyətli, əməktutumlu və iqtisadi cəhətdən səmərəli istehsal sahəsidir. Pambıqçılıqdan əldə etdikləri qazancla öz məişət problemlərini yüksək səviyyədə həll edən, əmək qəhrəmanı kimi şan-şöhrət qazanan, orden və medallarla təltif olunan insanların təcrübəsi və ənənəsi davam etdirilir. Mütəxəssislər bildirirlər ki, pambıq bitkisinin gövdəsi, çiyidi, ləçəyi də dəyərlidir. Belə ki, pambıq mahlıcı toxuculuq sənayesində əhəmiyyətli təbii xammaldır. Çiyiddən alınan bitki yağı məişətdə əsas yerlərdən birini tutur, ondan hazırlanan yem isə heyvandarlıqda əvəzedilməzdir və nəhayət, gövdəsindən də kənd adamları yanacaq kimi istifadə edirlər.

Rayonda 2023-cü təsərrüfat ilində 36 min 246,9 ton "ağ qızıl" istehsal edilərək tədarük məntəqələrinə təhvil verilib. Hər hektarın məhsuldarlığı 31,54 sentner təşkil edib. Məhz bu göstəricilərə görə Ağcabədi respublikanın pambıqçılıq rayonları arasında fərqlənir. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik bölməsinin müdiri Əlizamin Abdullayev bildirir ki, ötən il "Azərpambıq" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "P-Aqro" MMC ilə müqavilə əsasında 11 min 492,7 hektar sahədə pambıq becərilib. Məhsul yığımı zamanı havanın uzunmüddətli yağışlı keçməsi müəyyən çətinliklər yaratsa da rayon pambıqçıları yüksək nəticələrə nail olublar. Hazırda 2024-cü təsərrüfat ili üçün müqavilələrin bağlanılması davam edir. Bu günə qədər rayonda 10 min hektara yaxın ərazidə pambıq becərilməsi üçün fermer və xüsusi mülkiyyətçilərlə müqavilələr bağlanılıb. Cari ildə bol məhsul əldə etmək üçün aqrotexniki qaydalara əsasən sahələrdə dondurma şumu aparılır, əkinlərə arat suyu verilir. Pambıqçılıqla məşğul olan fermerlərdən Çingiz Hüseynov, Hətəm Nağıyev, Əfqan Quliyev, Çingiz Abbasov, Əhiya Abbasov, Zamanəddin Heydərov, Yaşar Xəlilov, Valeh Şirinov ötən il yüksək məhsul götürüblər. Ağcabədili "ağ qızıl" ustaları bu il də yüksək məhsuldarlığa nail olmağı qarşıya məqsəd qoyublar.

Bölgələrdə davamlı inkişafı təmin edən sosial-iqtisadi inkişafa dair Dövlət proqramlarının həyata keçirilməsi, aqrar sahənin dirçəldilməsinə dövlət dəstəyinin göstərilməsi, qeyri-neft sahələrinə aid iri layihələrin uğurla tətbiq edilməsi, sənaye parklarının yaradılması ölkəmizdə ərzaq təhlükəsizliyinə töhfə verir, onu gözlənilən təhlükələrdən sığortalayır. Qətiyyətlə demək olar ki, ölkəmizdə əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq isə bu sahədə mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısı İlham Əliyevin 2022-ci il iyulun 19-da imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərman ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə güclü təkan verir. Ağcabədi ölkəmizin əsas taxılçılıq rayonlarından biridir və rayonda son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarının yaradılmasında, ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında Ağcabədinin də payı var. Ağcabədi respublikamızın 100 min tondan çox taxıl istehsal edilən rayonları sırasındadır. Rayon taxılçıları ötən il də yüksək məhsuldarlığa nail olublar.

Qeyd edək ki, ötən təsərrüfat ilində hava şəraitinin yaratdığı çətinliklərə baxmayaraq, rayonun fermerləri 19 min 514,2 hektar sahədə buğda, 7 min 150 hektar sahədə arpa olmaqla, ümumilikdə 26 min 664,2 hektar sahədə taxıl yetişdiriblər. Rayonun taxılçıları 120 min 714 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı buğda istehsalında 45,3 sentner təşkil edib. Qabaqcıl fermerlər Əfqan Quliyev, İzzət Paşayev, Əkbər Sadıqov fərqlənənlər sırasındadırlar. Cari ilin məhsulu üçün rayonda 19 min 997,4 hektar sahədə buğda, 12 min 131,7 hektar sahədə arpa olmaqla 32 min 129,1 hektar əkin sahəsində səpin aparılıb. Bunun 20 min 669 hektarı suvarılan, 11 min 460 hektarı isə dəmyə torpaqlardır. Səpin aparılan taxıl sahələrində aqrotexniki qaydalara uyğun olaraq becərmə işləri davam edir. Qeyd edək ki, Ağcabədi rayonunda strateji məhsul olan taxılçılığın intensiv inkişafına xüsusi diqqət yetirilir. Torpağa atılan hər toxum sabahın bol məhsulu, yaxşı güzəran deməkdir. Bu adi həqiqəti Ağcabədidə əkinçiliklə məşğul olan hər kəs yaxşı bilir.

Salman ALIOĞLU,

"Respublika".