Mövqelərimiz atəşə tutulub
Digər xəbərlər

Mövqelərimiz atəşə tutulub

İyulun 10-u saat 17:10-dan saat 20:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən, Qafan rayonunun Gığı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Ordubad rayonunun Nürgüt yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı və Xocavənd rayonları istiqamətlərindəki mövqelərini də atıcı silahlardan bir neçə dəfə atəşə tutub.

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Xocalı, Xocavənd və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

***

İyulun 11-i saat 10:05-dən saat 14:55-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam, Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

***

İyulun 11-i saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Abdullayev Hüseyn Arif oğlu yaralanıb.

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.

İyulun 11-i saat 19:00-dan 19:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

 Bundan başqa, saat 21:15-dən 21:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca və Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

 Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.