ZÜVÜÇ KƏNDİNDƏ “ŞAHİN BULAĞI”
Sosial həyat

ZÜVÜÇ KƏNDİNDƏ “ŞAHİN BULAĞI”

Züvüç Lerik rayonunun ucqar dağ kəndlərindən biridir. İki min nəfərə yaxın əhalisi olan Züvüç ziyalılar yurdu kimi tanınır. Kənd məktəbinin yetirmələrindən 10 nəfəri alimdir.

Züvüçlülər Birinci Qarabağ müharibəsində və 44 günlük Vətən müharibəsində 5 şəhid verib. Kəndin qəhrəman oğullarından Bünyadəli Pələngov, Lətif Ağayev, Şahin Tahirli, Əli Əlili, Çərkəz Teyyubov Qarabağ uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. 

 

Bu günlərdə Züvüç kəndində şəhid Şahin Afat oğlu Tahirlinin xatirəsinə inşa edilmiş bulaq— kompleksinin açılışı olub. Mərasimdə Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə-müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edirdi.

Kənd qəbiristanlığında uyuyan şəhidlərin məzarları ziyarət olunub, üzərinə gül dəstələri düzülüb. Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev  mərasimdə çıxış edərək Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun işğal altındakı torpaqlarımızı azad etdiyini, möhtəşəm qələbənin şəhidlərin qanı, canı bahasına əldə olunduğunu, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırıb. Lerikin qəhrəman oğulları Qarabağ döyüşlərində misilsiz şücaət, rəşadət nümayiş etdiriblər. Cənab Prezidentin müvafiq sərəncamları ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş, orden və medallarla təltif edilmiş hərbi qulluqçuların arasında lerikli igidlər də çoxdur.

Onlardan biri də şəhid Şahin Tahirlidir. Şahin 2001-ci il sentyabr ayının 17-də Züvüç kəndində dünyaya göz açıb. Bünyadəli Pələngov adına Züvüç kənd tam orta məktəbini bitirib. Mingəçevir Turizm Kollecində təhsilini yarımçıq qoyub hərbi xidmətə yollanıb. Sentyabr ayının 27-də başlayan Vətən müharibəsində Füzuli, Şuşa uğrunda gedən döyüşlərdə igidlik, fədakarlıq göstərib. Qələbəyə iki gün qalmış Daşaltıda qəhrəmancasına şəhid olub. Doğma Züvüç kəndində torpağa tapşırılıb. Ölkə Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad edilməsinə görə”,  “Şuşanın azad edilməsinə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

Şahin kimi qəhrəmanların adı qızıl hərflərlə tarixə yazılıb, - deyə Cəlil Baxşıyev bildirib. Bu gün onları fəxrlə, qürurla anırıq. Şahinin adını daşıyan bulaq hər birimiz üçün müqəddəs məkan, and yeri olacaq.

Mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon şöbəsinin rəisi, polkovnik Arif Həsənov, Züvüç kənd tam orta məktəbinin müəllimi Vaqif Şahmarov, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Amid Heydərovun atası Rəbbil Heydərov, şəhid Lətif Ağayevin qardaşı Bilal Ağayev, ağsaqqal Əlirza Abışov bildiriblər ki, şəhidlərin ruhları şaddır, çünki torpaqlarımız işğaldan azad edilib. Şəhidlər heç zaman unudulmayacaq, onların parlaq xatirələri daim ürəklərdə yaşayacaqdır.

Sonra şəhidin atası Afat Tahirli göstərilən yüksək diqqət və qayğıya görə şəhid ailələri adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlığını ifadə edib. Tədbirdə məktəblilərin ifasında şəhidlərə və şanlı qələbəmizə həsr olunmuş kompozisiya nümayiş olunub.

Əlisəfa HƏSƏNOV,

“Respublika”.