Zeynalabidin Xürrəm: Qarabağın işğaldan azad edilməsi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradıb
Digər xəbərlər

Zeynalabidin Xürrəm: Qarabağın işğaldan azad edilməsi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradıb

İran və Azərbaycan Respublikasının rəhbərlərinin səmərəli siyasi addımları ikitərəfli əlaqələrin inkişafını sürətləndirib və münasibətlərin perspektivi üçün daha yaxşı zəmin yaradıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Şərqi Azərbaycan vilayətinin valisi Zeynalabidin Xürrəm 28 May - Müstəqillik Günü münasibətilə Təbrizdə keçirilən mərasimdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan və İran xalqları müştərək tarixi keçmişə, dinə, mədəniyyətə, adət-ənənələrə malikdirlər. Bu amillər dövlətlərin yaxınlaşmasını, dostluq və mehriban qonşuluq şəraitində yaşamasını zərurətə çevirib. Hər iki dövlətin prezidentləri praqmatik siyasət yürüdərək əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə çalışırlar. Dövlət başçılarının siyasi xətti regionda sülhün və əmin-amanlığın qarantıdır.

Z.Xürrəm nəzərə çatdırıb ki, İran hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və suverenliyinə hörmətlə yanaşıb.

Onun sözlərinə görə, Qarabağın işğaldan azad edilməsi qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi üçün əlverişli imkanlar yaradıb. Bu imkanlardan səmərəli istifadə edib iqtisadi, ticarət, tranzit, nəqliyyat və digər sahələrdə əməkdaşlıq əlaqələrini artırmaq günün tələbidir.

AZƏRTAC