Zərdab: Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim edilib
Region

Zərdab: Vətən müharibəsi iştirakçılarına dövlət təltifləri təqdim edilib

44 günlük  Vətən  müharibəsi zərdablı gənclər üçün də əsl sınaq meydanına çevrilmişdir. Rayon  üzrə 452 nəfər  İkinci  Qarabağ savaşında iştirak etmiş, onlardan 8 nəfəri şəhidlik zirvəsinə ucalmışdır.

Bu günlərdə  Zərdab Rayon İcra Hakimiyyətində yerli  İcra aparatının  və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinin təşkilatçılığı ilə Zərdabdan olan Vətən müharibəsi iştirakçılarına dövlət təltiflərinin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı  Mərdan Camalzadə ordumuzun qazandığı tarixi qələbədən, Müzəffər Ali Baş Komandan,  Prezident İlham Əliyevin rəhbərliyi altında əsgər və zabitlərimizin   fədakarlıq nümunəsi göstərərək, Ermənistan ordusunu darmadağın etməsindən danışıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 28 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası ərazisində qismən səfərbərlik elan etməsi barədə sərəncamına uyğun olaraq rayonun  yüzlərlə  sakini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində qeydiyyatdan keçərək, Vətən müharibəsinə yola düşüb. Bütün istiqamətlərdə gedən döyüşlərdə onlar böyük qəhrəmanlıq və şücaət nümayiş etdiriblər. Azərbaycan Prezidentinin sərəncamı ilə Vətən müharibəsində igidlik göstərmiş yüzlərlə zərdablı müxtəlif orden və medallar ilə təltif edilib.

Bildirilib ki, müharibədən sonra  zərdablı şəhidlərin adları  əbədiləşdirilir, küçələrə şəhid adları verilir, xatirələrinə abidələr ucaldılır, bulaqlar tikilir.

Tədbirdə Zərdab Rayon İcra Hakimiyyətinin  başçısı  M.Camalzadə Vətən müharibəsində göstərdikləri cəsarət və qəhrəmanlıqlara  görə orden və medallar ilə təltif edilmiş bütün zərdablıları  təbrik edib, onların valideynlərinə   vətənpərvər  övladlar  yetişdirdiklərinə görə minnətdarlığını bildirib.

Sonda bir qrup Vətən müharibəsi iştirakçısına  dövlət təltifləri təqdim olunub.

Maarif RZAYEV,

“Respublika”.