Zəngin tarixə malik tərəfdaşlıq əlaqələri
Siyasət

Zəngin tarixə malik tərəfdaşlıq əlaqələri

Azərbaycan ilə Böyük Britaniya arasında illər ərzində qurulan dostluq münasibətləri daha da inkişaf edir

Azərbaycan ilə Böyük Britaniya arasında zəngin tarixə malik tərəfdaşlıq əlaqələri uzun illərdir uğurla inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniyaya səfəri və səfər zamanı aparılan səmərəli müzakirələr əməkdaşlığımızın genişlənməsində mühüm rol oynamışdır. İki ölkə arasında müxtəlif sahələri əhatə edən əlaqələr daha da möhkəmlənir. Xüsusən, enerji sahəsində 25 illik dövr ərzində BP şirkəti ilə uğurlu əməkdaşlığın uzunmüddətli perspektivdə davam edəcəyinə əminlik yaratmışdır. Bu, "Əsrin müqaviləsi" çərçivəsində ölkələrimiz arasında geniş enerji əməkdaşlığının uğurlu nümunəsidir. Hazırda ölkələrimiz arasında qeyri-neft sektoru, o cümlədən bərpa olunan enerji, kənd təsərrüfatı, səhiyyə, elm, təhsil və digər sahələrin inkişafı üçün əlverişli imkanlar mövcuddur.

Azərbaycanla Böyük Britaniya arasında yaranan səmimi dostluq Kraliça Ülyahəzrət II Elizabetin ölkəmizə münasibətlərində xüsusilə hiss olunurdu. Kraliçanın ulu öndər Heydər Əliyevlə bağlı xoş xatirələri olub. Kraliça II Elizabet müxtəlif illərdə bir neçə dəfə Azərbaycanın o zamankı prezidenti Heydər Əliyevlə görüşüb. İlk rəsmi görüş 1995-ci ildə baş tutub. Heydər Əliyev və II Elizabet 1995-ci ilin mayında İkinci Dünya müharibəsində qələbənin 50 illiyi münasibətilə Londonda keçirilən şənliklərdə iştirak ediblər. Daha sonra 1998-ci il 21 iyunda Bukingem sarayında Kraliça Heydər Əliyevi xüsusi olaraq qarşılayıb. Tərəflər iki dövlət arasında əlaqələrin daha da inkişafı üçün birgə işlərin artırılması imkanlarını müzakirə ediblər. Heydər Əliyev Kraliçanı Azərbaycana səfərə dəvət edib. Təklif üçün təşəkkür edən Kraliça Azərbaycanla maraqlandığını bildirmişdi.

Məhz bu xoş və unudulmaz xatirələrə ehtiram olaraq Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 13-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyində olub, Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə əlaqədar başsağlığı verib. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazıb. Bildirib ki, Kraliça ilə şəxsən tanış idim. Onunla iki dəfə görüşmüşdüm. Birinci dəfə hələ mən Prezident vəzifəsinə seçilmədən - 1997-ci ildə Kraliçanın doğum günü münasibətilə Bukingem Sarayına dəvət almışdım. O vaxt SOCAR-ın vitse-prezidenti kimi mənə belə bir dəvət göndərilmişdi. İlk dəfə burada, - təbii ki, orada bir çox adamlar var idi, - sadəcə olaraq tanışlığımız oldu. Ondan sonra da ölkənizə səfərim çərçivəsində Ülyahəzrət Kraliça ilə görüşmək imkanım olmuşdur. Çox xoş təəssüratlar bağışlayan bir insan idi. Bildiyiniz kimi, bu yaxınlarda bizim nümayəndə heyətimiz mənim adımdan ona Qarabağ atını hədiyyə etmişdi. O da baxmayaraq ki, artıq səhhətində müəyyən problemlər var idi, özü şəxsən o hədiyyəni qəbul etdi. Bu haqda da məlumat var. O, çox gözəl bir insan, böyük xadim və əlbəttə ki, ilk növbədə, Britaniyanın rəmzi olan tarixi şəxsiyyətdir. Azərbaycan xalqı adından bir daha başsağlığı verirəm.

Krala təbrik məktubu da göndərmişəm. Məktubda da göstərdim ki, əminəm, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək. Çünki bir çox sahələrdə biz doğrudan da çox yaxın əlaqələrə çatmışıq və ümid edirəm ki, yaxın gələcəkdə bu əlaqələr daha da genişlənəcək.

"Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı ikitərəfli münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimizi birləşdirən ənənəvi dostluq əlaqələri, müxtəlif sahələri əhatə edən qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir". Bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza Böyük Britaniya və Şimali İrlandiyanın Kralı kimi taxta çıxmağı münasibətilə ünvanladığı təbrik məktubunda yer alır.

Azərbaycan ilə Böyük Britaniya münasibətlərinin əməkdaşlığın ən yüksək səviyyədə göstəricisi kimi Azərbaycan Prezidenti Heydər Əliyevin 22-25 fevral 1994-cü ildə ilk dəfə həmin ölkəyə rəsmi səfərini xüsusi qeyd etmək lazımdır. Səfər zamanı ulu öndər ölkənin baş naziri Con Meycor, xarici işlər və birlik işləri üzrə naziri Duqlas Hördlə görüşərək danışıqlar aparıb. Bu səfərdə Heydər Əliyev və Con Meycor iki ölkə arasında əməkdaşlıq məsələlərini tənzimləyən başlıca sazişi - Azərbaycan Respublikası və Böyük Britaniya arasında "Dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə"ni imzalayıblar. Həmin bəyannamədən əlavə müxtəlif sahələrdə əməkdaşlıq üzrə daha səkkiz müqavilə bağlanıb. Heydər Əliyev həmin səfəri zamanı Britaniyanın Kral Beynəlxalq Əlaqələr İnstitutunda Azərbaycanla bağlı geniş nitq söyləyib. O, ölkənin böyük şirkətlərinin nümayəndələri ilə də görüşlər keçirərək onları əməkdaşlıq üçün Azərbaycana dəvət edib. Londonda aparılan danışıqlar və bağlanılan sazişlərdən sonra 20 sentyabr 1994-cü ildə Bakıda Böyük Britaniyanın BP şirkətinin ən çox paya malik olduğu ARDNŞ-la xarici neft şirkətləri konsorsiumu arasında "Əsrin müqaviləsi" adlanan neft sazişi bağlanıb. İmzalanma mərasimində Britaniyadan energetika naziri Tim Eqqarın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. 2003-cü ilin iyununda Azərbaycan Dövlət Neft Şirkətinin Birinci vitse-prezidenti İlham Əliyevin Britaniyaya səfəri zamanı Azərbaycanda neft gəlirlərindən istifadənin şəffaflığının təmin olunması məqsədilə müvafiq saziş imzalanıb.

Ümummilli liderimiz tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Dövlətimizin başçısının 2004, 2009, 2016 və 2018-ci illərdə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutmuşdur. 2004-cü ilin dekabrında Azərbaycanın Prezidenti kimi Böyük Britaniyaya səfəri zamanı İlham Əliyevin ölkənin baş naziri Toni Bleyerlə görüşündə 1998-ci ildə imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında bəyannamə" yenidən təsdiqlənib. Bleyer və İlham Əliyev, eyni zamanda ikitərəfli münasibətlərin əsası kimi Birgə Kommunike də qəbul ediblər. İlham Əliyev həmin səfərində Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda (Chatham House) "Yeni Azərbaycan - regional və qlobal münasibətlərdə" mövzusunda çıxış edib. 2016-cı il fevralın 3-də Prezident İlham Əliyev BMT-nin baş katibi Pan Gi Munun, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun, Almaniya Federativ Respublikasının Kansleri Angela Merkelin, Norveç Krallığının Baş naziri Erna Solberqin və Küveyt Dövlətinin əmiri Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın dəvəti ilə Londonda keçirilən "Suriyaya və regiona dəstək" konfransında iştirak etmək üçün Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığına səfərdə olub. 26 aprel 2018-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri mühüm əhəmiyyətli hadisə olub. Prezident İlham Əliyev Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşüb. Görüşdə "Şahdəniz" layihəsi üzrə görülən işlər, həmçinin TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi aparılıb. "Şəfəq-Asiman" strukturu üzrə imzalanmış hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti qeyd edilib. Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyini saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. İşğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatı, bərpa olunan enerjinin və günəş enerjisinin inkişafı üçün imkanlar var və bu sahədə də Böyük Britaniyanın nümunəvi təcrübəsi mövcuddur. Münasibətlərimizin yüksək səviyyədə olması Azərbaycana sözügedən ölkənin təcrübəsindən yararlanmaqda kömək edəcək. Artıq Britaniya şirkətləri də azad edilmiş ərazilərdə şəhərsalmaya, infrastrukturun inkişaf etdirilməsinə cəlb olunub. İşğaldan azad olunmuş Azərbaycan ərazilərində “yaşıl enerji” zonalarının yaradılması, həmçinin bu ərazilərdə bərpa olunan enerjidən istifadə işində Britaniya şirkətləri də fəaliyyət göstərəcək.

Mustafa KAMAL,

"Respublika".