Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır
Sosial həyat

Zəngilanın Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılır

İyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa - Zəngilan rayonunda "Ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə sakinlərin köçürülməsinə başlanılacaq.

AZƏRTAC xəbər verir ki, Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində bununla əlaqədar tədbir keçiriləcək.

Qeyd edək ki, Ağalı kəndinə əhalinin köçürülməsi Böyük Qayıdışın ilk qədəmləridir. İşğala qədər bu inzibati ərazi 3 kəndi birləşdirib. Həmin dövrdə Birinci Ağalıda 40 ailə (154 nəfər), İkinci Ağalıda 60 ailə (245 nəfər), Üçüncü Ağalıda isə 161 ailə (675 nəfər) yaşayıb. Hazırda bu kəndlərdən olan ailələrin ümumi sayı 352-dir (1504 nəfər).

Yeni Ağalı kəndinə birinci mərhələdə 41 ailə köçürülür.

İlkin mərhələdə köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma bir müddət bundan əvvəl Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentdə keçirilib.

Ağalıya köçürülən ilk sakinlər arasında təqaüdçü, tələbə, evdar qadınlar olmaqla yanaşı, mühəndis, satıcı-kassir, gözətçi, bağban, aqronom, müəllim, həkim, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər və s. xidmət, səhiyyə və təhsil sahələri üzrə ixtisaslaşmış kadrlar var. Köçürülən ailələrə peşələrinə uyğun iş yerləri təklif olunub.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Xatırladaq ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər 30 ilə yaxın doğma yurdun həsrətini çəkən məcburi köçkün həmvətənlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma yurd yerlərinə qayıtmasına imkan yaradıb. Köçkünlük həyatı yaşadıqları dövrdə onlar daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunublar. Bu sahədə ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyevin davam etdirdiyi strateji xətt məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin, məşğulluğunun təmin olunmasına istiqamətlənib və hazırda ardıcıllıqla həyata keçirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyeva da məcburi köçkünlərlə bağlı məsələlərə daim xüsusi həssaslıqla yanaşır, onların problemlərinin həllinə kömək göstərir.

AZƏRTAC