Zəngilan şəhərində
Ekologiya

Zəngilan şəhərində "Zəfərdən Dirçəlişə" meşə massivinin salınması ilə əlaqədar 1000 ədəd ağac əkilib

İşğaldan azad edilmiş rayonlarımızda aparılan abadlıq-quruculuq işləri ilə yanaşı, ekoloji aksiyaların, kampaniyaların keçirilməsi də ənənəvi hal alıb. Bioloji müxtəlifliyin qorunması prosesləri Azərbaycanın bütün bölgələrində həyata keçirilir.

Ermənilər tərəfindən işğal olunduqdan sonra 30 ilə yaxın müddətdə Zəngilanda həm maddi-texniki, həm də ekoloji baza məhv edilib. Meşə massivlərinin məhv edilməsi nəticəsində ekologiyaya böyük zərbə vurulub. Ermənilər ağacları həm məişətdə istifadə edib, həm də xammal kimi bazarlara çıxarıb maddi gəlir əldə ediblər. Bu tamahkarlıq onların qarşılarına çıxan hər şeyə bu prizmadan yanaşdıqlarını göstərib. Lakin Azərbaycan 44 gün ərzində davam edən Vətən müharibəsi zamanı Zəngilanı azad edib. Bu, təkcə torpaqların azad edilməsi deyildi. İşğal dövründə ermənilər tərəfindən vandallığa məruz qalmış Zəngilanı Azərbaycan dirçəltməyə başladı. 2020-ci il dekabrın 3-də Zəngilanın Ağalı kəndində IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında ərazinin torpaq-iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif cinsli ağac əkilib. Həmçinin palıd, Şərq çinarı və tut ağaclarının toxumları əraziyə səpilib. Bu addım Zəngilanda ekoloji dayanaqlılığın bərpasının başlanğıcını qoyub. Bu gün də bu istiqamətdə faydalı addımlar atılmaqdadır. Dekabrın 17-də Qarabağ Dirçəliş Fondu və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Zəngilanda ekoloji müxtəlifliyin qorunması məqsədilə daha 1000 ədəd ağac əkilib.

AZƏRTAC xəbər verir ki, işğal olunmuş ərazilərdə ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpası məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, "Paşa Holding" MMC, "Paşa Bank" ASC, "Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC, "Paşa Sığorta" ASC, "Paşa İnvestments" MMC, "Competo" MMC, "Agro Dairy" MMC, "Azərbaycan Supermarket" MMC, "Paşa Travel" və "Universal Pro" MMC dəstəyi ilə həyata keçirilən "Zəfərdən Dirçəlişə" adlı layihə çərçivəsində Zəngilanda ağacəkmə aksiyasına start verilib.

Layihənin məqsədi ekoloji tarazlığın bərpası, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən Qarabağ bölgəsinin və ümumilikdə ölkəmizin florasının biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

Layihə çərçivəsində Zəngilan şəhərinin girişində 30 hektar ərazidə 30 min ağacın - əsasən yerli iqlim şəraitinə uyğun Eldar şamı, həmişəyaşıl sərv, göyrüş, şeytan ağaclarının və Şərq çinarının əkilməsi nəzərdə tutulur.

Aksiyanın ilkin mərhələsində ərazinin torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd müxtəlif növ ağac əkilib. Bu layihənin 2022-ci ilin payızında yekunlaşdırılması planlaşdırılır.

 Layihə çərçivəsində dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır. Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır.

Qeyd edək ki, ağacəkmə aksiyası işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın və təbiət obyektlərinin bərpası üzrə birgə tədbirlərin həyata keçirilməsi ilə regionda dayanıqlı məskunlaşmaya və inkişafa töhfə vermək, əlverişli həyat şəraitinin yaradılmasına dair tədbirləri ölkə daxilində və xaricində təşviq etmək məqsədilə Qarabağ Dirçəliş Fondu ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən ilk layihədir. Layihə işğaldan azad olunmuş digər ərazilərdə də davam etdiriləcək.

 Memorandum çərçivəsində ekoloji tarazlığın bərpası, yaşıllığın artırılması, heyvan və quş növlərinin reabilitasiya edilərək təbiətə qaytarılması kimi layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, işğal dövründə Azərbaycanın 261 min hektar meşə fondu sahəsi Ermənistanın vandalizm cinayətlərinə məruz qalıb. Bu dövrdə düşmən regionun təbii sərvətlərini talan edib, bu ərazilərdə mütəmadi olaraq yanğınlar törədib, bununla da Qarabağın flora və faunasına, bölgənin ekoloji durumuna bərpa edilməsi çətin olan zərər vurub.

 Qeyd edək ki, salınacaq meşə massivinin inkişaf prosesini müşahidə etmək məqsədilə mütəmadi olaraq dron, foto və videoçəkilişlər aparılacaq və görüntülər Fondun saytında bu layihə üçün hazırlanan https://qdf.gov.az/layiheler/zeferden-dirchelishe xüsusi bölmədə yerləşdiriləcək.

Qarabağ Dirçəliş Fondu layihəyə qoşulmaq istəyən tərəfdaşları Qarabağın digər rayonlarında da həyata keçiriləcək layihələrə qoşularaq qeyd olunan istiqamətlər üzrə öz töhfəsini verməyə dəvət edir.

Bu təşəbbüs çərçivəsində əkilən ağaclar beynəlxalq birliyin Qarabağda davamlı gələcəyə dəstəyini simvollaşdıracaq. Gələcək nəsillər bu meşələrin yaratdığı kölgə və təbii istirahət zonalarından zövq alacaq və bütün bölgə bir daha çiçəklənən və sağlam ekosistemdən faydalanacaq.

Sonda tədbir iştirakçıları Zəngilan şəhidlər xiyabanını ziyarət ediblər. Birinci Qarabağ müharibəsi zamanı şəhid olan qəhrəman Vətən oğullarının qəbri üzərinə gül dəstələri düzüblər.

AZƏRTAC