Zəngilan rayonunda Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb
Digər xəbərlər

Zəngilan rayonunda Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb

Dekabrın 14-də Zəngilan rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni sərhəd komendantlığı xidməti-döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar təşkil olunmuş mərasimdə Xidmət rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək yeni hərbi hissənin fəaliyyətə başlaması münasibətilə DSX-nin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda ölkəmizin ərazi bütövlüyünün bərpasından və dövlət sərhədlərinin işğaldan azad olunmasından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə sərhəd mühafizə bölmələrinin xidməti-döyüş fəaliyyətinin yüksək səviyyədə təşkili məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılmasının davam etdirilməsi, cari il ərzində 19 yeni hərbi hissənin və 104 sərhəd-döyüş məntəqəsinin fəaliyyətə başlaması qeyd olunub.

Cari ilin oktyabrında Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin üç yeni hərbi hissəsinə gəlişinin sərhəd mühafizəsi məsələlərinə göstərilən ali etimadın ifadəsi olduğu və sərhədçiləri yeni xidməti uğurlara ruhlandırdığı vurğulanıb.

Çıxışda azad olunmuş müqəddəs sərhədlərimizdə xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olması qeyd edilib, şəxsi heyətin gələcək xidməti-döyüş fəaliyyətində uğurlar arzulanıb.

Yeni hərbi hissənin açılışını bildirən rəmzi lent kəsildikdən sonra tədbir iştirakçıları sərhəd komendantlığında yaradılmış şəraitlə tanış olublar. Burada şəxsi heyət üçün iş otaqları, zabit-gizir və əsgər yataqxanaları, yeməkxana, hamam-camaşırxana-qazanxana kompleksi, silah və təminat anbarları vardır. Hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün elektrik generatorları quraşdırılıb, su xətti çəkilib. Ərazidə sıra meydanı yaradılıb, abadlıq işləri həyata keçirilib, ağaclar əkilib.

Tədbirin sonunda xidməti fəaliyyətdə fərqlənmiş hərbi qulluqçular təltif olunublar.

AZƏRTAC