Zəngilan rayonunda ağacəkmə
Ekologiya

Zəngilan rayonunda ağacəkmə

Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Qadınlar Gününə həsr olunan ağacəkmə aksiyasında Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Qarabağ Dirçəliş Fondunun nümayəndələri, həmçinin 44 şəhid anası iştirak edib.

Aksiya iştirakçıları əvvəlcə Zəngilan rayonunun girişində yerləşən şəhid məzarlığını ziyarət edərək üzərinə gül dəstələri düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.

Sonra tədbirdə çıxış edən FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov deyib ki, 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımız düşməndən azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev beynəlxalq təzyiqləri layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edib, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində misilsiz nailiyyətlərə imza atıb, tarixi ədaləti bərpa edib. "Qarabağ Azərbaycandır və nida" həqiqəti "Dəmir yumruq" əməliyyatında böyük Qələbəmizin, Zəfərimizin rəmzinə çevrilib.

M.İsmayılov torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərimizin xatirəsinin daim uca tutulacağını vurğulayaraq bildirib ki, şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. İgidlərimizin qəhrəmanlığı və mübarizliyi ilə 30 illik həsrətə son qoyulub, Qarabağımıza böyük qayıdış başlayıb. Hazırda Qarabağın hər yerində, o cümlədən Zəngilanda üçrəngli müqəddəs Azərbaycan bayrağı dalğalanır. Bugünkü ağacəkmə aksiyasının əsas məqsədlərindən də biri şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsinə töhfə verməkdir.

Tədbirdə iştirak edən şəhid analarına FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən ianə sertifikatı və qiymətli hədiyyələr təqdim edildikdən sonra ağacəkmə aksiyasına start verilib. Şəhid anaları, FHN işçilərinin Həmkarlar İttifaqı və Qarabağ Dirçəliş Fondunun nümayəndələrinin iştirakı ilə ilkin olaraq 300 ağac tingi torpağa basdırılıb.

Ağacəkmə aksiyası zamanı jurnalistlərə müsahibə verən Qarabağ Dirçəliş Fondunun İctimaiyyətlə əlaqələr və Kommunikasiya üzrə koordinatoru Pərvin Məmmədova bildirib ki, FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün şəhid analarının adından işğaldan azad olunan ərazilərdə ətraf mühitə vurulan zərərin aradan qaldırılması, ekoloji tarazlığın bərpasına töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində Fonda 5500 ağac ianə olunub.

P.Məmmədova qeyd edib ki, layihə çərçivəsində dayanıqlı meşə massivinin salınması məqsədilə ərazidə görülən bütün işlər meşəbərpa tələblərinə uyğun şəkildə aparılır. Enerji təminatı və suvarma sisteminin qurulması, ərazidə müntəzəm müşahidələr aparmaqla əkilmiş sahəyə mütəmadi qulluq edilməsi kimi məsələlərə xüsusi diqqət ayrılır.

Şəhid Royal Cəfərinin anası Rahilə Cəfərova AZƏRTAC-a müsahibəsində deyib: "Belə tədbirlərin şəhid anaları üçün böyük əhəmiyyəti var. Bu tədbirin təşkilatçılarına təşəkkürlərimi bildirirəm. Dövlətimiz daim şəhid ailələrinə böyük diqqət və qayğı göstərir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün şəhid ailələri və qazilər ölkəmizin hər bir yerində xüsusi ehtiram və hörmətlə qarşılanırlar.

Xatırladaq ki, FHN işçilərinin Həmkarlar İttifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinin əbədiləşdirilməsi üçün işğaldan azad olunan ərazilərdə ətraf mühitə vurulan zərəri aradan qaldırmaq, ekoloji tarazlığın bərpasına şəhid analarının adından töhfə vermək məqsədilə Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində Vətən müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun miqdarda ağacın əkilməsi ilə əlaqədar Qarabağ Dirçəliş Fonduna 55 min manat vəsait ianə edilib.

AZƏRTAC