ZƏNGƏZUR:
İQTİSADİYYAT

ZƏNGƏZUR: "Yaşıl enerji"nin əsas seqmenti

Prezident İlham Əliyev ötən il mayın 3-də "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamaqla ölkəmizdə yeni növ enerji qaynaqlarının yaradılmasına istiqamət verdi. Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin genişləndirilməsinə və ekoloji tarazlığın qorunmasına istiqamətlənir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidənqurma işlərində də bu istiqamət əsas götürülür.

Regionun önəmli seqmenti olan Zəngəzur dəhlizi vasitəsilə "yaşıl enerji"nin gələcəkdə Türkiyə və Avropaya ixracının artırılması nəzərdə tutulur. Belə ki, "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə elektrik enerjisinin Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və geosiyasi rolunu daha da artıracaq.

6 may 2021-ci ildə Energetika Nazirliyi ilə Yaponiyanın "TEPSCO" şirkəti arasında imzalanmış müqavilənin icrası çərçivəsində "Yaşıl Enerji Zonası" Konsepsiya layihəsinin hazırlanması regionda bərpa oluna bilən enerjinin önəmini göstərir. İşğaldan azad edilmiş ərazilərdə 7200 MVt-dan çox günəş,   2000 MVt-dək potensial külək enerjisi mövcuddur. Günəş enerjisinə görə Füzuli, Cəbrayıl, Zəngilan rayonları, külək enerjisinə görə isə əsasən dağlıq rayonlar olan Laçın, Kəlbəcər rayonları mühüm əhəmiyyət kəsb edir. Bildiyimiz kimi, artıq Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş enerjisi layihəsi üzrə müvafiq İcra Müqaviləsi imzalanıb. Eləcə də Laçın və Kəlbəcər rayonları ərazisində 400 MVt-dək gücdə KES-in tikintisi layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, ölkə başçımızın tapşırığı əsasında işğaldan azad edilmiş ərazilərdə güclü infrastrukturun yaradılması "yaşıl enerji" ixracını sürətləndirəcək.

Ötən il dekabrın 17-də Buxarestdə "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in imzalanması mərasimində bərpa oluna bilən enerji qaynaqlarının istifadəsi, ixracı və səmərəliliyinə toxunulmuşdu. Tədbirin Avropanın enerji təhlükəsizliyinə töhfə verdiyi və xüsusilə Avropanın enerji təminatının "yaşıl enerji" mənbələri hesabına həyata keçirilməsinin əhəmiyyəti vurğulanmış, Azərbaycanın dördtərəfli görüş zamanı Avropa enerji bazarındakı rolu yüksək qiymətləndirilmişdi. Təsadüfi deyil ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu iclası və ilk dəfə Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclası keçiriləcək. Həmçinin Məşvərət Şurası çərçivəsində "Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya hökumətləri arasında imzalanmış yaşıl enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in icrası üzrə Rəhbər Komitənin ilk iclası da nəzərdə tutulur. İclaslarda enerji şirkətlərindən - SOCAR, BP, BOTAŞ, TANAP, TAP, TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA, SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya İnkişaf Bankı və digər qurumlar da iştirak edəcək.

BP (British Petroleum) şirkəti ilə Cəbrayılda illik, təxminən, 500 mln. kVt-st elektrik enerjisinin istehsalı proqnozlaşdırılan 240 MVt gücündə "Şəfəq" günəş elektrik stansiyasının inşası üzrə danışıqlar aparılması enerji tranzitində böyük önəm daşıyır. Mühəndislik, dizayn və maliyyə məsələlərinin cari ilin sonuna qədər yekunlaşdırılması, stansiyanın bu il inşasına başlanması, 2024-cü ildə isə istismara verilməsi gözlənilir. Bu layihədə elektrik enerjisinin virtual transferini nəzərdə tutan biznes modelinin tətbiqi də planlaşdırılır. Sözügedən model elektrik enerjisinin istehsalı və istehlakı üzrə "Şəfəq Layihəsi" və Səngəçal terminalı arasında bütün tərəflər üçün mənfəətli, eyni zamanda dekarbonizasiyaya töhfə verəcək mexanizmi özündə əks etdirir. Başqa sözlə, Qarabağda istehsal ediləcək "yaşıl enerji" Abşerona ötürüləcək, nəticədə Səngəçalda elektrik enerjisi üçün istifadə edilən təbii qaza qənaət olunacaq.

Su elektrik stansiyaları daxil olmaqla ölkəmizdə bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 MVt-dır ki, bu da ümumi istehsal gücünün təxminən, 16,5 faizini təşkil edir. Artıq elektrik enerjisinin istehsal dinamikası bərpaolunan enerji mənbələrinə əsasən formalaşacaq. Cari ildə ötən ilin 9 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 380,1 mln. kVt-st artaraq 1401,6 mln. kVt st, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 9,2 mln. kVt-st artaraq 273,8 milyon kVt-st olub.

Cari il Azərbaycan xarici investor "Masdar" şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 QVt, növbəti mərhələdə isə 6 QVt gücündə günəş və külək enerjisi layihələrinin həyata keçirilməsi ilə bağlı tarixi razılaşmalar əldə edib. On qiqavatlıq bu bərpaolunan enerji istehsal gücləri nəinki miqyasına, həm də on milyardlarla dollar "yaşıl" investisiya vəd etdiyinə görə regionda bir ilkdir. Həmçinin, bu layihələrin əvvəlcə 2 QVt-ı, daha sonra 4 QVt-ı Xəzər dənizinin külək enerjisi potensialından elektrik enerjisi və hidrogenin istehsalını nəzərdə tutur ki, bu da Azərbaycanda yenilikdir. Bu layihələr mövcud ümumi istehsal güclərindən 2756 MVt-dan çoxdur, bərpaolunan enerji güclərinin isə təqribən 8 qatına bərabərdir. Bu meqa güclərin yaradılması Azərbaycanın enerji sisteminin bərpaolunan enerjiyə transformasiyası, "yaşıl enerji" üzrə hədəflərini yeniləməsi, eləcə də bu enerji növü üzrə ixracatçıya çevrilməsi üçün həlledici əhəmiyyət daşıyır.

Azərbaycanın "yaşıl" artım ölkəsinə transformasiyasında ağırlıq mərkəzi əsasən, Xəzər dənizi ilə yanaşı, "yaşıl enerji" zonası kimi Qarabağ-Şərqi Zəngəzurun üzərinə düşür. Bu geostrateji əhəmiyyətli məkanlar Azərbaycanın həm də "yaşıl enerji" istehsalı və ixracının mənbələri qismindədir.

Bu ərazilərdə ümumi gücü 320 MVt-dan artıq 50-dən çox kiçik su elektrik stansiyasının bərpası üçün araşdırmalar aparılır. Hazırda ümumi gücü 26,9 MVt olan 5 kiçik su elektrik stansiyasının ("Çıraq-1", "Çıraq-2", "Qamışlı", "Meydan" və "Soyuqbulaq") tikintisi üzrə işlər həyata keçirilir. Bununla yanaşı, sülhməramlıların müvəqqəti nəzarətində olan Laçın şəhərinin və kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması nəticəsində ümumi gücü 6,5 MVt olan iki su elektrik stansiyasında da bərpa işləri mümkün olub. Beləliklə, iki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır.

Nurlan ABDALOV,

"Respublika".