Zəngəzur dəhlizinin açılması zamanın tələbidir
Siyasət

Zəngəzur dəhlizinin açılması zamanın tələbidir

Azərbaycanın tarixi və əzəli torpağı - qədim Zəngəzur mahalı bütün zamanlarda çox böyük strateji coğrafi mövqeyə malik olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində xalqımız bu gün qədim torpaqlarına,  tarixin müəyyən dövrlərində mənfur ermənilər tərəfindən zəbt olunan yurd yerimiz Zəngəzura qovuşmaq əzmindədir. Ermənilər Zəngəzur dəhlizinin açılmasına hər cəhdlə mane olmaq istəsələr də,  Azərbaycan dövlətinin bu məsələdə çox qətiyyətli mövqeyi var və bu haqlı yoldan kimsə döndərə bilməyəcəkdir.  Prezident cənab İlham Əliyevin çıxışlarının birində söylədiyi kimi: “Biz Zəngəzur dəhlizini icra edəcəyik.  Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə daha asan həll edəcəyik,  istəməsə də zorla həll edəcəyik”.

Zəngəzur dəhlizi iqtisadi və coğrafi baxımdan həm Qərbin,  həm də Şərqin geopolitik və iqtisadi maraqlarının kəsişdiyi bir yerdir.  Bu dəhliz vasitəsilə bütün beynəlxalq yükdaşımalar maneəsiz və fasiləsiz həyata keçiriləcəkdir.  Dəhlizin açılması nəinki təkcə Azərbaycana,  eyni zamanda bütün region ölkələrinə öz müsbət iqtisadi və siyasi töhfələrini verəcəkdir. Ticarət əlaqələrinin genişlənməsi ilə bölgədə yeni-yeni iqtisadi və sosial layihələr reallaşacaq, çoxlu sayda investisiya, sərmayə cəlb olunacaqdır. Bu geopolitik siyasətin ana xəttini isə məhz Azərbaycan təşkil edir.

 Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı demişdir: “Bu gün ikinci tunelin təməli qoyuldu.  Kəlbəcər-Laçın avtomobil yolunda tunel tikiləcək və beləliklə,  ikinci tunelin bir müddətdən sonra istifadəyə verilməsi gediş-gəlişi daha da rahat edəcək.  Bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi əhəmiyyət daşıyır. Azad edilmiş torpaqların investisiya proqramı tutulanda mənim göstərişimlə məhz tunellər də bu layihələrə salınmışdır, o cümlədən Şuşaya gedən yolda və burada tunellər çəkilməkdədir. Tunelin tikintisi həm çətindir,  xüsusilə belə ağır dağlıq relyefdə,  eyni zamanda,  çox böyük xərclər tələb edir. Ancaq biz bunu edirik və edəcəyik.  Çünki bu,  bölgənin,  Şərqi Zəngəzurun inkişafına lazımdır. İnsanlar buraya qayıdandan sonra artıq Azərbaycanın digər bölgələri ilə çox rahat əlaqəyə malik olacaqlar”.

Şərqi Zəngəzur iqtisadi rayonu Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və böyük potensialı var. Burada qızıl və mis, inşaat materialları istehsalı kifayət qədərdir.  Belə ki,  bu iqtisadi rayonu əhatə edən ərazilər ölkəmizin sosial-iqtisadi,  siyasi həyatında müstəsna yer tutur və işğaldan azad olunmuş Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edir. Bu rayonların da hər biri coğrafi mövqeyi və təbii ehtiyatları baxımından xüsusi əhəmiyyətə malikdir. Hazırda Şərqi Zəngəzur iqtisadi rayonunun əhatə olunduğu ərazilərdə genişmiqyaslı infrastruktur layihələri reallaşdırılır. Ərazilərin bərpası,  məskunlaşma və bölgənin ölkə iqtisadiyyatına inteqrasiyası nəticə etibarı ilə inkişafa böyük təkan verəcək. Həmçinin, bu iqtisadi rayon ölkənin ərzaq təhlükəsizliyinin təminatında da  önəmli rol oynayacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı iqtisadi rayonların yaradılması məsələsinə toxunaraq  demişdir: “Bildiyiniz kimi,  mənim Sərəncamımla 14 iqtisadi rayon yaradıldı.  Onların arasında iki iqtisadi rayonun yaradılması diqqət çəkdi – Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradıldı.  Hesab edirəm ki,  bu da çox düzgün addımdır. Bu,  həm tarixə əsaslanır,  eyni zamanda,  gələcəyə əsaslanır.  Çünki,  həm Qarabağ,  həm Zəngəzur bizim tarixi dədə-baba torpağımızdır. Qarabağ iqtisadi rayonunda bütün Qarabağ bölgəsinə aid olan rayonlar birləşdi.  Şərqi Zəngəzur iqtisadi rayonunda Şərqi Zəngəzura aid olan rayonlar birləşdi. Qərbi Zəngəzur isə hazırda Ermənistanın nəzarəti altındadır. Ancaq Zəngəzur dəhlizinin çəkilişi nəticəsində əlbəttə ki,  biz bu dəhlizdən istifadə edib öz vətəndaşlarımızı dədə-baba torpaqlarımıza qaytaracağıq.  Belə planlar var və bu da təbiidir. Çünki bizim vətəndaşlar indiki Ermənistan ərazisindən, təkcə Zəngəzur mahalından yox,  Göyçə mahalından da, -bura ilə həmsərhəddir,  - zorla qovulmuşlar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.  Biz bunu sonrakı mərhələyə saxlayırıq”.  

Beləliklə,  azad edilmiş bölgələrin - Şərqi Zəngəzurun,  Qarabağın bərpası, insanların buraya,  bu zonaya qaytarılması üçün yeni imkanlar  açacaq.

Zəngəzur dəhlizi bizim bir əsrdən artıq  gözlədiyimiz hədəfimizdir və xalqımızın öz torpaqlarına qayıdışı ən mühüm hadisələrdən biridir.  Tezliklə yenə də dəmir yumruq kimi birləşib milli həmrəylik göstərərək qədim Azərbaycan torpağı Zəngəzura qayıdacağıq.  

                                                                        M. MİRZƏ,

                                                                  “Respublika”.