Zəngəzur dəhlizi geniş coğrafiyada mühüm əhəmiyyət kəsb edir
Siyasət

Zəngəzur dəhlizi geniş coğrafiyada mühüm əhəmiyyət kəsb edir

Bu, region ölkələri üçün də xüsusilə cəlbedicidir

Rəsmi Bakı Cənubi Qafqazda fəal iqtisadi əlaqələrin və inteqrasiyanın olmasında maraqlıdır. Çox mühüm təkliflər və təşəbbüslərlə çıxış edən Azərbaycan bəyan edir ki, bu, xüsusən də kommunikasiyaların və yeni daşıma dəhlizlərinin açılması ilə bağlıdır. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə vəsaitləri ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra həm regionda, həm də böyük bir coğrafiyada yerləşən ölkələr üçün yeni iqtisadi inkişaf imkanları yaranacaq.

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması regionda artıq tamam fərqli geosiyasi mənzərə yaradır. Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya xətlərinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin açılmasının təşviqi kimi məsələlər də yer alır. Belə bir müddəa Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 10 noyabr razılaşmasında da var.

Dövlət başçısı cənab İlham Əliyev Azərbaycanla Ermənistan arasında əlaqələrin normallaşması üçün hansı addımların atıla biləcəyini geniş və əhatəli şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdıraraq bir daha bəyan edib ki, yaranmış şəraitdə Azərbaycan və Ermənistan arasında təmasları genişləndirmək, kommunikasiya xətlərini açmaq perspektivdə bu iki ölkənin sülh şəraitində yaşamasında mühüm rol oynayacaq.

Məlumat üçün bildirək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 43-cü iclasında çıxışı zamanı toxunduğu əsas məsələlərdən biri də müharibədən sonra regionda yaranmış vəziyyət və Zəngəzur dəhlizi ilə bağlı olub.

Münaqişənin həllinin, eyni zamanda, regional əməkdaşlıq, inkişaf və tərəqqi üçün yeni perspektivlər açdığını bildirən xarici işlər naziri 10 noyabr 2020-ci il birgə bəyanatının bölgədə kommunikasiyaların açılmasını nəzərdə tutan 11 yanvar 2021-ci il tarixli üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan bəyanatı ilə tamamlandığını vurğulayıb ki, bu QDİƏT regionunun mühüm hissəsinin - Cənubi Qafqazın mənzərəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycan və Türkiyə arasındakı yeni əlaqə zolağı olan Zəngəzur dəhlizi təxminən otuz ildir ki, mühasirədə olan Naxçıvan eksklavını Azərbaycanla birləşdirməklə yanaşı, əlavə olaraq mövcud ticarət və nəqliyyat əlaqələrinə xidmət edəcək. Kommunikasiyaların bərpası bütün bölgə, ölkələrimiz üçün perspektivlidir və daha böyük dərəcədə Qara dəniz coğrafiyasının əhəmiyyətini artıracaq. Nəqliyyat, rabitə və ticarətlə bağlı təşəbbüslər yeni tərəfdaşlıqlardan və imkanlardan faydalanmaq fürsəti verəcəkdir.

Çoxtərəfli formatda regional əməkdaşlıq ölkələrin inkişafını sürətləndirməklə yanaşı, bölgədə yeni müharibə riskini azaldacaq, sülh və sabitliyi möhkəmləndirəcək. Təhlilçilərin böyük əksəriyyətinin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi kifayət qədər geniş coğrafiyada mühüm əhəmiyyət kəsb edəcək. Zəngəzur dəhlizi ilə bağlı proses 10 noyabr birgə bəyanatı ilə gündəliyə gələn bir məsələdir.

Qeyd edək ki, dəhlizlə bağlı məsələ Türkiyədə xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında keçirilən danışıqlarda da əsas müzakirə mövzularından biri olub. Bu kontekstdə əsas məsələ Zəngəzur dəhlizinin açılması, həmçinin regionda dəmiryolu əlaqələrinin mümkün blokadadan çıxarılması perspektividir. Hər iki dövlət rəsmilərinin açıqlamalarından bir daha aydın olur ki, bu məsələdə həm Rusiya, həm Türkiyə tərəfi eyni dərəcədə maraqlıdır. Rusiya prezidenti Vladimir Putin onlayn brifinq zamanı deyib ki, heç kəs bu münaqişənin yenidən alovlanmasında maraqlı deyil. Rusiya bu ciddi böhranın həllində müəyyən bir rol oynayıb. Dostluq şəraitində yaşasaq, yalnız insanların təhlükəsizliyi sahəsində deyil, həm də sosial sahədə həyatın normallaşdırılması üçün şərait yaradacağıq. Silahlı qarşıdurmanın yenidən başlayacağı narahatlığı ilə yaşamaq mümkün deyil. Cənab V.Putinin fikrincə, hələ də infrastrukturun bərpası, sərhədlərin müəyyənləşdirilməsilə bağlı problemlər mövcuddur. İndi bunun üzərində iş gedir, üçtərəfli işçi qrup yaradılıb. Bölgədə normal münasibətləri bərpa etmək üçün hər şeyi edəcəklər. Rusiyanın dövlət başçısı sərhədlərin dəqiqləşdirilməsilə bağlı məsələləri ön plana çəkir. Rəsmi Bakı üçün də sərhədlərin demarkasiya və delimitasiyası əsas məsələlərdən biridir. V.Putin kommunikasiyaların bərpa edilməsinin vacibliyini irəli sürüb. Bu, çox geniş bir coğrafiyada iqtisadi inkişafa səbəb ola biləcək bir məsələdir. Azərbaycan Rusiya Prezidentinin vurğuladığı hər iki amilin tərəfdarı kimi çıxış edir. Rəsmi Bakı da bu iki məsələnin həllinin vacibliyini bəyan edir, proseslərin sürətləndirilməsini istəyir.

Təhlilçilər qeyd edir ki, Zəngəzur dəhlizi kommunikasiyaların bərpası və əməkdaşlığın dərinləşməsi üçün əsas layihələrdən biridir. Zəngəzur dəhlizi Türk dünyasının birləşdirilməsi və regionda əməkdaşlıq üçün yeni imkanlar yaratması baxımından vacib olmaqla bərabər, bölgədə davamlı sülhün qorunub saxlanması aspektindən də aktualdır və bu dəhlizin əhəmiyyətini artırır. Daha geniş anlamda bu coğrafiyada Rusiya və Türkiyə “Böyük iyirmiliyə” üzv olan dövlətlərdir ki, məsələnin siyasi və iqtisadi əhəmiyyətini artırır. İran regionun böyük dövlətlərindən hesab olunur. Bütün bunları nəzərə almaq kifayətdir və regionda dayanıqlı sülhün təmini kontekstində inkişaf perspektivləri yüksək qiymətləndirilir. Zəngəzur dəhlizinin Şərq-Qərb və Şimal-Cənub kommunikasiya xətlərinin qovşağında olması dəhlizə diqqəti artıran böyük amillərdən biridir. Təhlillərə görə, Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşımalar həyata keçirən böyük kommersiya şirkətlərinə və onların maraqlarını müdafiə edən, başda Çin və Avropa olmaqla, bu dövlətlərə sərfəlidir. Avropa İttifaqı və Çin Zəngəzur dəhlizi kimi yeni alternativ marşrutlarda maraqlıdır. Ticarət dövriyyəsi 6 milyard dollar olan Türkiyə və Mərkəzi Asiya, o cümlədən 21 milyard dollarlıq ticarət dövriyyəsinə sahib Çinin perspektiv iqtisadi əlaqələri üçün Zəngəzur dəhlizi çox əhəmiyyətlidir. Bu dəhliz Rusiyanın Türkiyə üzərindən Yaxın Şərq ölkələrinə çıxışı və iqtisadi əlaqələrinin dərinləşməsinə geniş imkanlar aça bilər. Digər tərəfdən, Ermənistanın dəmir yollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu şirkətinə də Zəngəzur dəhlizi kommersiya baxımından maraqlıdır. Ekspertlərin fikrincə, Ermənistandan İrana 3,5 milyard dollara başa gələcək bahalı dəmir yolu xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də Zəngəzur dəhlizi yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır.

Artıq bölgədə bütün tərəflər üçün yeni əməkdaşlıq imkanları yarandığını, bölgədə təsiri olan hər kəsi həqiqətləri görməyə, Azərbaycan xalqının Zəfərini qəbul etməyə və gələcəyə baxmağa dəvət edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfəri çərçivəsində Şuşada mətbuata verdiyi bəyanatında bildirib ki, Azərbaycanın bu məsələdə son dərəcə istəkli olmalarının ən yaxın şahidiyik: “Bu tarixi fürsətin reallığa söykənməyən həvəslər, ifadələr və fəaliyyətlərlə qaçırılmaması ən böyük arzumdur. Bölgədəki yeni reallığa fayda vermək istəyən hər kəsin nifrət və təhrik siyasətindən əl çəkərək sülh və əməkdaşlığı təşviq etməyə istiqamətlənməsi əsas şərtdir. Belə bir mühit formalaşanda Ermənistan ilə münasibətlərin normallaşması üçün biz də üzərimizə düşəni edəcəyimizi hər fürsətdə deyirik. Bu ümidverici prosesin Azərbaycan ilə Ermənistanın imzaladıqları atəşkəs razılaşmasını əhatəli və uzaqgörən bir sülh müqaviləsi ilə tamamladıqları halda çox sağlam şəkildə davam edəcəyinə inanırıq”.

Regionda gedən proseslərin təhlili göstərir ki, Cənubi Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region ölkələri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycanın təşəbbüsləri dünya dövlətləri üçün qloballaşma dövründə ən gözəl nümunədir.

Rusiyalı ekspertlərin fikrincə, Zəngəzur dəhlizi məsələsində həm Rusiya, həm də Türkiyə tərəfi eyni dərəcədə maraqlıdır. Rusiya Prezidenti Vladimir Putin üçün Bakının mövqeyi tamamilə qəbulediləndir. Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh sazişi həm regionun bütün ölkələri, həm də dünya üçün həyati əhəmiyyətlidir. Bakının İrəvanla sülh sazişi imzalamağa hazır olması Cənubi Qafqazdakı vəziyyəti keyfiyyətcə dəyişdirir. Bütün sağlam qüvvələrin destruktiv elementlərin qarşısını almaq üçün bu vəziyyətdən, yeni geosiyasi şəraitdən konstruktiv şəkildə istifadə etməsi lazımdır.

Şükür ƏLİZADƏ,

“Respublika”.