Zəngəzur dəhlizi dünya iqtisadiyyatının inkişafında əsas rol oynayacaq
Digər xəbərlər

Zəngəzur dəhlizi dünya iqtisadiyyatının inkişafında əsas rol oynayacaq

İkinci Qarabağ müharibəsində ölkəmizin şanlı Qələbəsi beynəlxalq nəqliyyat sisteminin də bütövlükdə yenidən formalaşdırılması reallığını yaratmışdır. Bu mənada Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi əvvəllər olduğu kimi, bu gün də aktualdır. Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti var.

Belə ki, bu yol açıldıqdan sonra Cənubi Qafqazın iqtisadi mənzərəsinin və geosiyasi konfiqurasiyanın dəyişməsi nəticəsində istər Avrasiyanın, istərsə də regionda marağı olan Qərb və ərəb ölkələrinin, həmçinin Çinin bu yol ilə əldə edəcəyi dividendlər Azərbaycan iqtisadiyyatına da müsbət təsir göstərəcəkdir. 1,1 trilyon dollardan çox ümumi daxili məhsulu olan Mərkəzi Asiya ölkələrini strateji və iqtisadi baxımdan birləşdirəcək Zəngəzur dəhlizi coğrafi mövqe etibarilə əvəzsiz ticarət yolu hesab olunur. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi kifayət qədər böyük iqtisadi potensiala və təbii resurslara malik olan regionu birləşdirəcək.

İpək Yolunun bir hissəsi kimi Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında rəqabətin asanlaşdırılmasında əsas prioritet hesab olunur. Dəhlizin iqtisadi sahədə əhəmiyyətlərindən biri də yeni nəqliyyat yolunun keçdiyi hər bir qitə və ölkədə yerli inkişafı dəstəkləyən faktor olmasıdır. Nəzərə almaq lazımdır ki, yeni dəhliz Türkiyə və Ermənistanın ən zəif inkişaf etmiş bölgələrindən keçir. Belə ki, dəhlizin 30 ilə yaxın işğal altında olan və talançılığa məruz qalan Azərbaycanın cənub-qərb rayonları, Ermənistanın ən zəif inkişaf etmiş Sünik bölgəsi və uzun müddətdir ki, terrorizm səbəbilə kölgədə qalan Türkiyənin şərq vilayətlərindən keçməsi regionda vahid infrastrukturu formalaşdıracaq və hər üç bölgədə yerli iqtisadi yüksəlişə ciddi töhfə verəcək. Bu baxımdan, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni nəqliyyat infrastrukturunun yaradılması, Orta Dəhliz boyunca yeni nəqliyyat marşrutunun yaranması baxımından xüsusi əhəmiyyətə malikdir. Bu, yalnız regional sülh və təhlükəsizliyin möhkəmləndirilməsi üçün deyil, həm də ümumilikdə ölkələrimizin tranzit potensialının tam şəkildə reallaşdırılmasına xidmət edəcək. Nəqliyyatın asanlaşdırılması və tranzit yolu ilə ticarət əlaqələrinin inkişaf etdirilməsini hədəfləyən ölkəmizin beynəlxalq iqtisadi bazara verdiyi töhfə sözügedən ölkələr üçün vacib əhəmiyyət daşıyır.

Ölkəmizin Asiya və Avropanı birləşdirən yüksək əhəmiyyətli nəqliyyat dəhlizləri yaratması məhz Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Şimal-Cənub, Şərq-Qərb və Cənub-Şimal nəqliyyat dəhlizləri, qitələrarası daşınmaların həyata keçirilməsinin gerçəkləşdirilməsi tarixi İpək Yolunun bərpasını daha da sürətləndirdi. Zəngəzur dəhlizinin açılması və ölkəmizin təqdim etdiyi digər tranzit nəqliyyat dəhlizləri dünyanın nəqliyyat xəritəsini yenidən formalaşdıracaq. Yeni yaranacaq nəqliyyat infrastrukturu beynəlxalq status qazanmaqla Asiya və Sakit okean hövzəsi ölkələrinin də istifadə edə biləcəyi marşruta çevriləcək. Zəngəzur dəhlizinin açılmasının xüsusi əhəmiyyətini Prezident İlham Əliyev hələ 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. O, bildirmişdi ki, vaxtilə Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi türk dünyasının coğrafi parçalanması demək idi. Çünki qədim Azərbaycan torpağı olan Zəngəzur türk dünyasını birləşdirən körpü rolunu oynayırdı. Buradan keçəcək nəqliyyat, kommunikasiya və infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcəkdir. Ölkə başçımız 2021-ci il mart ayının 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) videokonfrans vasitəsilə keçirilən qeyri-rəsmi Zirvə görüşündə də bu məsələyə toxunmuşdu:

"Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər".

Dövlət başçımızın bu fikirləri onu deməyə əsas verir ki, Zəngəzur dəhlizinin yaradılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsinin yeni bir "damarı" açılacaq və bu, ölkələr arasında iqtisadi-ticari əlaqələrə müsbət təsir göstərəcək. Digər tərəfdən, Zəngəzur dəhlizi həm Türkiyə, həm də türk dünyası üçün bir ticarət qapısı rolunu oynayacaq ki, bu da ölkələrin Avropa və digər qitələr ilə iqtisadi əlaqələrinin gücləndirilməsinə imkan verəcək.

Nurlan ABDALOV,

"Respublika".