Zəlzələ bölgəsində bərpa-quruculuq işləri davam edir
Türk dünyası

Zəlzələ bölgəsində bərpa-quruculuq işləri davam edir

Bu yerlərə həyat ən qısa zamanda yenidən dönəcək

Fevralın 6-da qardaş ölkə Türkiyədə dəhşətli zəlzələ baş verdi. Nəticədə minlərlə bina və evlər dağıldı, qırx mindən çox insan isə həyata gözlərini yumdu. Təəssüf ki, Türkiyə Cümhuriyyəti dünyanın ən çox zəlzələyə meyilli ərazilərindən biridir. Buna səbəb isə bir neçə tektonik qırılma xətlərinin yaxınlığında yerləşməsidir. Ekspertlər açıqlayır ki, Avrasiya və Afrika lövhələri yer dəyişdirdikcə, Türkiyənin ərazisi də sıxılır və güclü zəlzələ baş verir.

Ötən il Türkiyənin Fəlakət və Fövqəladə Hallar Agentliyi iyirmi iki mindən çox təkan qeydə alıb. Çoxlu insan tələfatı ilə nəticələnən ən son zəlzələ 1999-cu ildə İzmitdə baş verib. On yeddi mindən çox insan həyatını itirib, minlərlə mülk dağılıb. Həmin zəlzələ 7.6 bal gücündə olub. Orta hesabla Türkiyədə hər il 7 bal gücündə 20-dən çox zəlzələ baş verir. Ekspertlər sonuncu dəfə yaşanan zəlzələni 80 il əvvəlki, Türkiyənin şimal-şərq hissəsində 7.8 bal gücündə baş verən zəlzələyə bənzədiblər. Həmin hadisədə də otuz mindən çox insan həyatını itirib. Lakin bu son baş verən zəlzələ nəinki Türkiyəyə, həmçinin Suriyaya da təsir edib. Suriyada da bir çox binalar və tikililər dağılıb, beş minə yaxın insan həyatını itirib. Zəlzələ baş verən bölgə qeyri-sabit region, Şərqi Anadolu tektonik zonası adlanır. Bu qırılma xətti Türkiyənin şimal-qərb və cənub-şərq sərhədləri boyu uzanır. Həmin xətt üzrə 1882-ci ildə də 7.4 bal gücündə zəlzələ baş verib, amma o qədər də dağıdıcı olmayıb.

Ekspert və alimlər baş verən hadisəni digər ölkələrdəki yeraltı təkanlarla da müqayisə ediblər. Məsələn, 2015-ci ildə Nepalda 7.8 bal gücündə yaşanmış zəlzələdə doqquz min insan ölüb.

2016-cı ildə İtaliyanın mərkəzində 6.2 bal gücündə zəlzələ baş verib. Hadisə nəticəsində 300 nəfər insan tələf olub. London Universitet Kollecinin Fəlakət Riski və Azaldılması İnstitutunun rəhbəri Coanna For Uokerin bildirir ki, İtaliya ilə müqayisədə Türkiyədəki zəlzələ 250 dəfə çox enerji buraxıb. Seysmoloqlar bildirir ki, seysmiklik bir müddət daha davam edəcək.

Türkiyədə bərpa işləri artıq başlayıb. Prezident İlham Əliyev də Türkiyədə gedən bərpa prosesi ilə əlaqədar Azərbaycanın da qardaş köməyinə hazır olduğunu bildirib: "Əlbəttə ki, burada əsas yük və mənəvi yük Türkiyə hökumətinin üzərinə düşür. Mənim qardaşım hörmətli Prezident dərhal bütün göstərişləri verdi, bütün nazirləri fəlakət zonalarına göndərmişdir və tam əminəm ki, güclü və qüdrətli Türkiyə dövləti bu çətinliyi də aşacaq və tezliklə qurtarma, arama işlərinin aparılmasında öz səylərini davam etdirəcək. Ondan sonra təbii ki, bərpa işlərinə də biz qoşulmağa hazırıq. Yəni Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir".

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, yenidənqurma işləri mart ayından başlayacaq. O vurğulayıb ki, binalar 3-4 mərtəbədən yüksək olmayacaq. Hazırda Türkiyədə zəlzələnin olması ehtimal edilən bölgələrdə tikililərə baxış keçirilir. Baxış nəticəsində binalar 3 hissəyə bölünüb: çox, az və sıfır zədə görmüş tikililər. Həmçinin binaların yenidən haralarda tikiləcəyi ilə bağlı plan da hazırlanıb. Murat Kurum bildirib ki, zəlzələ zamanı hökumət binası da zədə alıb. Buna görə də müvəqqəti olaraq, binanın qarşısında bürolar qurulub.

Hazırda bölgədə keçici yaşayış yerləri qurulur və insanlar burada yerləşdirilir. İndiyədək 313 min çadır qurulub, 100 min konteyner tipli evin tikilməsi nəzərdə tutulub.

Töhfə SƏMƏDOVA,

"Respublika".