Zəhmətkeş pedaqoq, alim
Sosial həyat

Zəhmətkeş pedaqoq, alim

Azərbaycan Dillər Universitetinin professoru  Əsgər Zeynalov fransız ədəbiyyatında Şərq, Azərbaycanla bağlı bir çox həqiqətləri ortaya çıxaran əhatəli, geniş elmi, ədəbi-bədii yazıları ilə fransız ədəbiyyatının araşdırmaçı alimi kimi tanınmışdır.

* * *

1951-ci il sentyabrın 27-də Qərbi Azərbaycanın paytaxt şəhəri İrəvanın Zəngibasar mahalının Yuxarı Necili kəndində dünyaya göz açan Əsgər Zeynalov elə bu kənddəki səkkizillik məktəbdə oxumuş, Zəngibasarın Uluxanlı kənd orta məktəbini bitirdikdən bir il sonra indiki Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində təhsil almışdır. Bir müddət təyinatla Qarabağın Ağdərə rayonunda, Malikli və Xatınbəyli kəndlərində fransız dili  müəllimi işləmiş, sonra isə doğma Yuxarı Necili və qonşu Dəmirçi kənd orta məktəblərində pedaqoji fəaliyyəti ilə məktəb kollektivinin və şagirdlərin sevimli müəllimi olmuşdur.

Əsgər Zeynalovun həyat, elmi yaradıcılıq yolu nahamar, daşlı-kəsəkli olub. Min bir əzab-əziyyətlə 1988-ci ildə elliklə doğma Vətən torpağından deportasiyanın ağrı-acılarını dadan Əsgər müəllimin “Azərbaycan bayatıları erməni qaynaqlarında” adlı dissertasiyası sonralar müəyyən səbəblərdən “Azərbaycan bayatıları Qafqaz regionunda” adı ilə Müdafiə Şurasına təqdim edilmişdir.

Namizədlik dissertasiyasının müdafiəsindən düz 12 il sonra – 2003-cü ildə Əsgər Zeynalov “Fransız ədəbiyyatında Şərq (Volterin yaradıcılığı əsasında)” adlı doktorluq dissertasiyasının müdafiəsi ilə çoxşaxəli yaradıcılığının yeni pilləsində peşəkar alimliyini təsdiq etdi.

Geniş və rəngarəng ədəbi, elmi yaradıcılığı ilə seçilən həmkarımızın nəşr etdirdiyi kitablar onun ədəbiyyat sahəsindəki uğurlarından xəbər verir. Xüsusilə Azərbaycan, ingilis, rus dillərində çap etdirdiyi “İrəvan ziyalıları” kitabının onun yaradıcılığının şah əsəri olduğunu söyləyənlər fikirlərində yanılmırlar. “Hara gedir bu qatar?” adlı publisistik üslubda yazdığı yol qeydləri onun doğma yurd yeri İrəvana, Qərbi Azərbaycana olan sevgisinin musiqi qədər könülləri oxşayan səmimi ürək sözünün, yanğısının oxuculara məlhəm olan, birnəfəsə oxunan ədəbi simfoniyasıdır.

Rus alimi, professor B.A.Starkovun Əsgər Zeynalovun “İrəvan ziyalıları” kitabının Sankt-Peterburqda nəşr olunmuş kitabına yazdığı Ön sözdə diqqətimi çəkən belə bir məqam var: “Bu kitab İrəvan tarixi və onun azərbaycanlı sakinləri haqqındadır. Həm də müəllif hər səhifədə göstərməyə çalışır ki, İrəvan Azərbaycan şəhəridir və onun qədim bir tarixi vardır. Öz fikirlərini sübut etmək üçün müəllif ermənicə yazılmış Sovet Ensiklopediyasından bir sitat gətirir. Orada 571-ci səhifədə yazılıb ki, XIV əsrin sonlarından XIX əsrin sonunadək və 1920-ci illərdə İrəvan Azərbaycana məxsus idi”.

Rusiya Elmlər Akademiyasının şöbə müdiri, professor Rudolf İvanov Əsgər Zeynalovun “İrəvan ziyalıları” kitabı haqqında düşüncələrində müəllifin milli təəssübkeşliyini, yurd-yuvası olan doğma İrəvan torpağının hər qarışını Məkkə hesab etdiyini təsadüfən söyləmir. Həmkarımız hisslərini sadə publisistik üslubda, hava-su qədər hər bir bəşər oğluna lazım olan sözün, faktın, gerçəkliyin ətəyindən yapışıb ürəyinin istisi, alovu ilə düşüncə dünyasının süzgəcindən keçirib oxucusuna ərməğan edir.

Adını çəkdiyimiz tarixçi alimin Əsgər Zeynalovun söz mülkünə verdiyi dəyərdə bir həqiqət vardır. O yazır ki: “...Ə.Zeynalovun kitabındakı qida xeyirli, keyfiyyətli qidadır, amma onu da bilmək lazımdır ki, bu qida çörəkdən də qiymətlidir... Mənəviyyatca zəngin tərbiyə almış nəsil, quldur cəmiyyət qurulmasına icazə verməyəcək. Bu, həqiqətdir. Belə nəsil öz dövründə ətrafında kiminsə quldurluq etməsinə yol verməyəcək, nə indiki Qarabağda, nə də narahat dünyanın istənilən nöqtəsində də buna bənzər hegemonluğun baş verməsinə yol verməyəcəkdir”.

İndi Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın 44 günlük qanlı müharibədə geri alınan torpağı kimi İrəvanın da, gözü yollarda qalan Ağrı dağının da, Alagöz dağının da üzərində tüğyan edən duman, çən də çəkilər, öz qoynunda yurd-yuva salmış qədim soykökü, şəcərəsi ilə tanınmış heyrət, qeyrət yükünü çəkən gələcək nəsillərin muzey yeri yox, güneyi, quzeyi kimi yenidən özünün olar.

* * *

Fransız ədəbiyyatının, onun Volter və Hüqo kimi sənət fədailərinin yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığında öyrənilib tədqiq olunması sahəsində Əsgər Zeynalovun xidmətləri ölçüyəgəlməzdir. Doktorluq dissertasiyası Volterin yaradıcılığında Şərq mövzularının araşdırılmasına həsr olunsa da, onu Hüqonun araşdırıcısı kimi Fransada yaxşı tanıyırlar.

2007-ci ildə Fransanın mətbuat orqanlarından biri olan məşhur qəzetdə bu barədə maraqlı bir yazı da çap olunmuşdu. Parisdə fəaliyyət göstərən Viktor Hüqonun Dostları Cəmiyyətinin sədri Arno Laster həmkarımızın ədəbi və elmi yaradıcılığı barədə yazdığı epistolyar dialoqlarında yüksək fikir söyləmişdir.

Fransız ədəbiyyatında Hüqo və Volter yaradıcılığı barədə Əsgər Zeynalovun kitabları Azərbaycan, fransız və ingilis dillərində bir neçə dəfə çap olunmuşdur. Bu kitablar sırasında “Hüqo”, “Hüqo – fransız ədəbiyyatının milyarderi”, “Hüqonun Şərq baxışı”, “Volter və Hüqonun Şərq baxışı”, “Şərq Volter yaradıcılığında”, “Volter və Hüqonun Şərq dünyası” ədəbi-elmi auditoriyanın marağına səbəb olmuşdur. Fransa, İngiltərə, Almaniya, ABŞ, İsveç, Kanada və Hindistanda çap olunan kitabları onun fransız ədəbiyyatının istedadlı və işgüzar mütəxəssisi olduğundan xəbər verir.  Bu zəhmətkeş alimin yaradıcılığına əsl qiyməti verən  isə onun çoxsaylı oxucularıdır. Ən böyük mükafatı – oxucu mükafatıdır.

Şahin XƏLİLLİ,

filologiya elmləri doktoru, professor.